Blogerin bacıoğlusu həbsdə qaldı

Blogerin bacıoğlusu həbsdə qaldı

23-02-2017 16:02 / Bu xəbər 1397 dəfə oxundu

Fevralın 23-də bloger Orduxan Teymurxanın bacısı oğlu Səbuhi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Vəkil Aqil Layıcov onun günahsız olduğunu, bloqqerin qohumu olduğuna görə həbs edildiyini deyib və bu işə xitam verilməsini istəyib. 

Vəkil bildirib ki, martın 12-nə Səbuhi Zeynalovun toy mərasimi təyin olunub. Vəkil məhkəmədən işə xitam verməsə belə, heç olmasa, həbs müddətinin azaldılmasını xahiş edib. Aqil Layıcov məhkəməyə toy dəvətnamələrini də təqdim edib: "Əgər qərar dəyişməsə, bu iş Avropa Məhkəməsində həm də Səbuhi Zeynalovun şəxsi həyatına müdaxilə və evlənmək hüququnun pozuntusu kimi qiymətləndiriləcək".

Hakim Mirpaşa Hüseynov apellyasiya şikayətini təmin etmədi və 30 sutkalıq həbs qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı.

XATIRLATMA

Fevralın 18-dən başlayaraq, Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilir.

Ardınca Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Qərarda iddia olunur ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.

Bloqqer bunları özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyir.///azadliq.org