Blogerin müəmmalı ölümü və hüquq müdafiəçisindən çağırış

Blogerin müəmmalı ölümü və hüquq müdafiəçisindən çağırış

30-04-2017 00:32 / Bu xəbər 1876 dəfə oxundu

Həbsdə olan siyasi fəal Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında intihar etdiyi deyilir. 

Arqument.Az xəbər verir ki, məlumatı hüquq müdafiəçisi Oqtay Güləliyev öz facebook səhifəsində yayıb. 

Onun sözlərinə görə,  Mehman Qələndərov aprelin 28-də saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.

Mehman Qələndərov bloger fəaliyyəti ilə məşğul olub. Keçən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən "Biz kral istəmirik!" aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o heykəl önünə gedərək, "heykəl məhbusları" Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra 7 fevral 2017-ci ildə narkotika ittihamı ilə həbs olunub.

M.Qələndərovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına salınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi yayılan xəbərləri təkzib edib.

"1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Bildirib ki, yayılmış məlumatlar tam yanlış və yalandır. Mehman Qələndərov sağ-salamatdır. Heç bir şikayəti də yoxdur”, ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Amerikanın Səsinə bildirib.

Mehman Qələndərovun bacısı Mərziyyə xanım qardaşının intihar etdiyini Amerikanın Səsinə təsdiq edib.

"Biz hələ intiharın səbəbini bilmirik. Həyat yoldaşım onun cəsədini morqdan götürmək üçün gedib”, - o qeyd edib.

Axşam saatlarında Oqtay Gülalıyev ona edilən təzyiqlərlə bağlı sensasion məlumat yayıb. 

Məlumatda deyilir: 

"Dostlar, Kürdəxanı İstintaq Təcridxanasında müəmmalı intihar xəbəri yayılan siyasi məhbus Mehman Qələndərovla bağlı növbəti məlumatı diqqətinizə təqdim edirəm.
Onun intiharı barədə məlumatı ictimailəşdirdikdən sonra mənə çoxsaylı müraciətlər və zənglər, eyni zamanda təzyiqlər edilir. 

Önəmlisi odur ki, aldığım məlumatlara görə Penitensiar Xidmətin Mehmanın hazırda öz kamerasında sağ- salamat olması ilə bağlı yaydığı biabırçı yalan məlumatdan sonra onun nəşinin yaxınlarına verilməsindən imtina olunub (!?). Hökümət Mehman Qələndərovu gizlicə dəfn etmək istəyir (!?). 

Mehmanın atası, anası və öz ailəsi yoxdur. Qohumlarına ciddi təzyiqlər var və onlar nəzarət altındadır. Hətta əldə etdiyim məlumata görə ona yas vermək də qadağan olunub. Bütün bunlar isə Mehmanla bağlı bu gün sosial şəbəkələrdə onun müəmmalı intihar xəbərinin yayılması və Penitensiar Xidmətin biabırçı təkzibidir. 

Hökümət təkzibinin girovuna çevrilib. İstəyir ki, Mehman haqqında heç kim heç nə yazmasın və soruşmasın. Bu olayı gizlicə yola versin. Əslində baş verənlər- ölümün təkzibi, nəşin verilməməsi, gizlincə dəfn istəyi, qohumlara və bizlərə təzyiq Mehmanın intihar olayının arxasında daha ciddi məqamların dayandığını deməyə əsas verir.

Ola bilər ki, mənim bu yazımdan sonra onun bəzi qohumlarını yazdıqlarımı təkzib, məni isə ittiham etməyə qaldırsınlar. Olsun, önəmlisi Mehmanla bağlı baş verənlərə bizim adekvat münasibətimizin olmasıdır...

Dostlar, Mehman Qələndərov sıradan bir adam deyil. İctimai- siyasi fəal olub. "Kral istəmirik", "Gəlin hamımız Qiyas olaq" dediyinə və Heydər Əliyevin heykəli önünə gedərək Qiyasla Bayramın həbsi ilə bağlı təkbaşına etiraz aksiyası keçirdiyinə, çağırış etdiyinə, şüar səsləndirdiyinə görə narkotika ittihamı ilə şərlənərək həbs olunub. Az öncə aldığım məlumata görə bu hərəkətinə görə onu həbs edən zaman ağır işgəncə veriblər, ona qarşı qeyri- insani münasibət göstəriblər. Təhdid edərək həbsxanadan sağ çıxmayacağını bildiriblər. Bu da son!!!

Əziz dostlar, sizləri Mehman Qələndərovla bağlı baş verənlərə biganə qalmamağa çağırıram. Gəlin ona son vəfa borcumuzu yerinə yetirək. Onun gizli dəfninə imkan verməyək, nəşinə baxış keçirilməsini, əsl ölüm səbəbinin ortaya çıxmasına nail olaq! Ölkədə bir layiqli vətəndaş, siyasi məhbus dünyasını dəyişib. Gəlin susmayaq. Hamımız bir yerdə Mehman Qələndərovun nəşini tələb edək və onun dəfnində iştirak edək!

Mən hökümətin yanında olmayan bütün azad medianı, siyasi partiya rəhbərlərini, ictimai təşkilat rəhbərlərini, hüquq müdafiəçilərini, beynəlxalq təşkilatları Mehman Qələndərovla bağlı fəal vətəndaş cəmiyyəti mövqeyi nümayiş etdirməyə çağırıram!"

Arqument.Az