BMT-də Azərbaycanla bağlı hesabatın qəbulu gözlənir

BMT-də Azərbaycanla bağlı hesabatın qəbulu gözlənir

17-05-2018 15:45 / Bu xəbər 2221 dəfə oxundu

Mayın 17-də BMT-nin Universal Dövri İcmal üzrə 30-cu sessiyasında Azərbaycanla bağlı səsvermə olacağı bildirilir.

Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Universal Dövri İcmal üzrə İşçi Qrupun təqdim etdiyi Azərbaycanın 3-cü dövri məruzəsi əks olunan hesabat qəbul edilməlidir.

Həmin hesabatda Azərbaycanın 3-cü dövri məruzəsi ilə bağlı tövsiyələr də əks olunmalıdır.

BMT-də Azərbaycanın 3-cü dövri hesabatının təqdim olunduğu dinləmələr mayın 15-də keçirilib. Dinləmələrdə Azərbaycanın 3-cü dövri hesabatını xarici işlər nazirinin müavini Xələf Xələfov təqdim edib.

XİN-in məlumatına görə, X.Xələfov dinləmələrdə Azərbaycanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində əməkdaşlıq edildiyini qeyd edib. O, Dağliq Qarabağ münaqişəsindən, münaqişənin doğurduğu fəsadlardan, habelə aprelin 11-də prezident seçkilərinin keçirilməsindən bəhs edib.

X.Xələfov iqtisadi, sosial, mədəni sahələrdə görülən tədbirlər, qəbul və icra edilən dövlət proqramları haqda da danışıb. Onun Azərbaycanda insan hüquqları ilə bağlı əsas çətinlikləri Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində torpaqların 20 faizinin işğalı altında olması ilə əlaqələndirdiyi bildirilir.

Onun təqdimatından sonra BMT-yə üzv 106 dövlətin nümayəndələrinin çıxış etdiyi, Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair münasibət ifadə etdikləri, tövsiyələrini səsləndirdikləri bildirilir.

Universal Dövri İcmal prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir.

Beş ildən bir keçirilən UDİ baxışı zamanı hər bir BMT üzvü olan dövlətin insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərini icra etmə vəziyyəti qiymətləndirilir. Başqa dövlətlər məruzəsi dinlənilən dövlətə tövsiyələr də verirlər.

Azərbaycan bundan əvvəl 2013-cü ilin sentyabrında ikinci hesabatını təqdim edib.///azadliq.org