BMT-nin Təhlükəsizlik Şurasının iclasında Rusiya ilə Ukrayna bir-birini ittiham edib

BMT-nin Təhlükəsizlik Şurasının iclasında Rusiya ilə Ukrayna bir-birini ittiham edib

27-11-2018 18:49 / Bu xəbər 1380 dəfə oxundu

Məqalə "Novaya qazeta" saytında dərc olunub. 

Nikki Heyli ölkələri Rusiyanın təklifinə qarşı səs verməyə çağırıb

BMT-nin Təhlükəsizlik Şurası Azov dənizində baş vermiş insidenti gün ərzində iki dəfə müzakirə etməyə hazırlaşıb. Belə ki, noyabrın 25-də Rusiyanın sərhəd qoşunları 23 dənizçisi olan üç Ukrayna hərbi gəmisini atəşə tutub, onu taran edib və saxlayıb. Təcili iclası həm Ukrayna, həm də Rusiya tərəfi tələb edib, üstəlik Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ölkələrinin sorğunu birinci göndərdiyini söyləyib. Hərçənd bu, kömək etməyib və iclasın Rusiyanın təklif etdiyi gündəliyi müzakirə olunanda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli dərhal öz ölkəsinin adından çıxış edərək, Niderlandı, Polşanı və İsveçi Rusiyanın təklifinə qarşı səs verməyə çağırıb.

"Novaya Qazeta” yazır ki, yeddi ölkə Nikki Heylini dəstəkləyib, dördü Rusiyanın tərəfinə çıxıb və dördü bitərəf qalıb. "Əzizlərim, cüzi masştabdır, çox cüzi”, - Rusiya nümayəndəsi pərişan olub və Ukraynanın təşəbbüsünə tabe olan iclasda iştirakçı olmayacağını bəyan edib. Hərçənd sözünü tutmayıb. 

Təhlükəsizlik Şurasının artıq növbəti, "Ukrayna” iclasında çıxış edən Britaniya aydınlaşdırıb ki, Rusiya qəsdən qəbulolunmaz ərizə təqdim edib və elə buna görə də həmin ərizə qəbul olunmayıb. "Rusiya əvvəlcə Təhlükəsizlik Şurasını təhrik edir, sonra özündən qurban yaradır”, - Britaniya nümayəndəsi Conatan Allen çıxış edib, sonra Rusiyanın Krımda törətdiklərini xatırladıb.

"Krım tatarları daima hədə-qorxu ilə qarşılaşır, onlar mülkiyyətlərini və azadlıqlarını itirmək riski ilə yaşayırlar. Onlara bir araya gəlməyə və dini ayinlərini keçirməyə imkan vermirlər. Amma təkcə onlar deyil, Rusiyaya qarşı qeyri-loyallıq nümayiş etdirən istənilən kəs həbs cəzası ala bilər. Çoxu bu üzdən Krımdan qaçmaq məcburiyyətində qalıb. Rusiya indiyədək də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Krıma gəlməsinə mane olur”, - Conatan Allen deyib – "Rusiyanın tarixi yenidən yazmasına və alternativ reallıq yaratmasına imkan vermək olmaz. Dünənki hadisələr Rusiya tərəfindən ilk təxribat deyil. Britaniyadakı kimyəvi hücum da bu sıradan idi, o zaman casusları cinayət başında tutmuşdular. Rusiya bundan sonra da Azov dənizində gərginliyi artırmaq niyyətindədir”.

Sonra ABŞ, İcveç, Niderland, Fransa həmçinin Almaniyanın adından çıxış edərək, hər iki tərəfi təmkinli olmağa çağırıb.

Ukraynanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Vladimir Yelçenko ingilis dilində danışıb. O, 1939-cu il noyabrın 26-da Maynila hadisəsini xatırladıb, o zaman Finlandiya sərhədi yaxınlığında sovet qoşunları atəş açıb, 4 nəfər qətlə yetirilib, 9 nəfərsə, SSRİ-nin məlumatına görə, yaralanıb. Sovet İttifaqı baş vermiş hadisənin məsuliyyətini fin tərəfinin üzərinə qoyub və dörd gündən sonra Finlandiyaya hücuma keçib. Yalnız sonra tarixçilər müəyyənləşdiriblər ki, - Yelçenko danışıb, - hadisə zamanı finlərin sərhəddə heç artilleriyası olmayıb, atəşsə kənddən iki kilometr məsafədə sovet qoşunları tərəfindən edilib, yəni bu, sovet hərbçilərinin təxribatı olub...
"Bu, öyrənilməmiş dərslərdir. Görəsən, onu kim öyrənməyib?” - Yelçenko bu dəfə artıq rus dilində Polyanskiyə müraciətlə söyləyib. Amma cavab gözləməyib. 

"Rusiya dinləyicilərə yalan məlumat verməyə və onları çaşdırmağa çalışır, - Yelçenko yenidən ingiliscə deyib və Azov dənizində münaqişənin necə inkişaf etdiyini danışıb. – "Ukrayna gəmilərinin Rusiya sərhədlərini pozması bəyanatı yalandır və məsuliyyəti Ukraynanın üzərinə atmaq cəhdidir”.

Yelçenko təsdiqləyib ki, Ukrayna tərəfi üç hərbi gəmisinin Kerç boğazına keçməsi ilə bağlı sorğu göndərib, amma cavab almayıb və gəmilərini gözləmə zonasına yollayıb.

"Sonra tam anarxiya baş verdi. Rusiyanın sahil mühafizə gəmisi "Yan Kap”ı taran edib və ona ziyan vurub”, - Ukrayna nümayəndəsi vəziyyəti təsvir edir: – "Rusiya gəmiləri tarandan sonra Ukraynanın iki digər gəmisini mühasirəyə alıb, Rusiya dənizçiləri isə ukraynalıları atəş açmağa təhrik edib. Sonra iki Ka-52 vertolyotu gəlib, raket silahı və tuşlama lazer sistemini nümayiş etdirib. Kerç Rusiya tərəfdən mühasirəyə alınandan sonra Ukrayna gəmiləri boğazın çıxışına sarı istiqamət götürüb. Lakin onları on hərbi gəmi təqib edib, üstəlik həmin gəmilər hücuma keçmək, atəş açmaq əmri alıb”. 

"Danışıqlar telefonuma yazılıb, onları təqdim edə bilərəm”, - Yelçenko danışıqları çap edib və sitatları söyüşləri buraxaraq oxuyub. Onlar çox olmayıb.

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında iştirakdan imtina edib, lakin Polyanski özünü saxlaya bilməyib və Ukraynanın təxribatından danışmağa başlayıb. Onun fikrincə, buna sübut gəmilərin onları boğazdan keçirə biləcək losmandan imtina etməsidir. Polyanski sonra bəyanat verib: "İki gəmidə UTX nümayəndəsi olub və onlar boyunlarına alıblar ki, məhz bu cür hərəkət etmək əmrinə tabe olublar”, amma "necə hərəkət etməli olduqlarını” aydınlaşdırmayıblar”. 

O, yəqin ki, "Nikopol” katerindəki baş leytenant Andrey Draçı nəzərdə tutub. Draç FTX-nın istintaq videosunda özünü UTX Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin 7-ci idarəsinin əməliyyat müvəkkili adlandırıb. O deyib ki, Rusiya sərhədçiləri Rusiya ərazi sularından çıxmalarını dəfələrlə əmr edib.

Polyanski BMT Təhlükəsizlik Şurasında Ukraynanın dəstəklənməsini ölkənin Qərbindəki gərginliklə əlaqələndirib. Bu, hədə kimi səslənib.

"Madam ki Krıma toxunulub, - Polyanski Britaniya nümayəndəsi Allenə cavab verib, - bu, kimin xoşuna gəlsə də, gəlməsə də, krımlılar Rusiyanın tərkibinə daxil olmaları üçün səs verdikdən sonra bizim və krımlılar üçün Krımın hara aid olması məsələsi bağlanıb. Bunu heç bir sanksiya dəyişdirə bilməz. Bizdən tez-tez soruşurlar: siz bundan sonra hansı təzyiqə məruz qalacağınızı bilirsiniz? Əlbəttə, bilirdik. Rusiya peşmandır? Əlbəttə, yox. Üstəlik rusiyalıların çoxu bununla qürur duyur. Rusiya olmasaydı, krımlılar Şərqi Ukraynanın sakinləri kimi Ukrayna silahlı qüvvələrinin mərmilərinin qurbanı olardı”.

Polyanski çıxışının sonunda dənizçilərin ələ keçirilməsi məlum olarkən Ukrayna fəallarının Rusiyanın Kiyevdəki səfirliyinin qarşısındakı etiraz aksiyasını xatırladıb və etiraf edib ki, səfirliyin yaxınlığında yandırılmış avtomobil Rusiya maşını olub. O, hücumda günahı olanların tapılmasını tələb edib.

"Qərbin Rusiya əleyhinə "Ukrayna” layihəsinin azğın irəliləyişinə nəzər salarkən Rusiyanın düzgün mövqe tutuğunu anlayırıq”, - Polyanski çıxışını sovetsayağı bitirib.

"Novaya Qazeta”