Borc və vəzifə...

Borc və vəzifə...

15-10-2017 17:38 / Bu xəbər 462 dəfə oxundu

Günay Vahidsoy

Başlığı oxuyarkən ağlınıza ilk nə gəldi? Hansı borc və vəzifələrini xatırladınız?

Gəlin öncə birlikdə bu sözlərin mənasını araşdıraq:

- Borc - geri qaytarılmaq məqsədi ilə alınan və geri qaytarılması məcburi olan anlayışlar sistemidir. Bu, daha çox maddi borca şamil olunur. Ümumiyyətlə isə borc məcburiyyət və məsuliyyətin qarşılıqlı vəhdətidir.

Bəs həyatda borclarınız nələrdir?
- Valideynlik borcu, övladlıq borcu, Vətən borcu ya hansısa maddi borc?..

Vəzifə dedikdə, hər birimiz tərəfindən daha aydın başa düşülən müəyyən mövqeyə, posta sahib olmaq nəzərdə tutulur. Bu iki anlayışı bir-biri ilə müqayisə etsək, fərqi və vəhdəti aydın görə bilərik: məsələn,valideynin borcu övladını böyütməkdirsə, vəzifəsi isə onu sağlam, tərbiyəli və faydalı insan kimi yetişdirməkdir. Yəni bütün borclarımız və vəzifələrimiz bizə bir şeyi öyrədir: insanlığı!

Sadə dillə insanlığı belə təsnifləşdirək: 

- Əgər sən ehtiyacı olan birinə əl tutursansa, deməli, səxavətli insansan.
- Yaşlı insanlardan köməyini əsirgəmirsənsə, deməli, qayğıkeş insansan.
- Övladını küçələrə atmayıb, layiqincə böyüdürsənsə, demək, məsuliyyətli insansan.
- Valideynlərinə qarşı daim diqqətli, xeyirli övlad olursansa, demək, vəfalı insansan.
- İnsanlara dininə, irqinə, milliyətinə, cinsinə görə ayrı-seçkilik etmirsənsə, deməli, tolerant insansan.
- Rüşvət almırsansa, təmiz insansan.
- Vətəni dar günündə tərk edib getmirsənsə, demək, vətənpərvər insansan.
- Hər zaman vicdanının izi ilə gedirsənsə, demək, ləyaqətli insansan.
- Küçə heyvanlarına qayğı göstərib, əziyyət etmirsənsə, deməli, diqqətli insansan.

Bunları edirsənsə, demək, insanlıq borcunu ödəyirsən. İnsanlıq vəzifədir, gəlin vəzifəmizin məsuliyyətini dərk edib borclarımızı bir yerdə ödəyək...
 
Arqument.Az