Briqadir: Əmək müqaviləsi bağlamadan bizə 328 min manatlıq iş gördürdülər

Briqadir: Əmək müqaviləsi bağlamadan bizə 328 min manatlıq iş gördürdülər

28-01-2019 11:22 / Bu xəbər 1403 dəfə oxundu

Sədr müavini: "Etibar Əliyev belə şərləməklə bizdən 3 dəfə pul alıb”

"3 kilometrdən çox yol çəkdik, 7 ədəd istixana kompleksi, komendant postu, gözətçi otağı, böyük bir anbar tikdik, 250 tonluq su hovuzunun bünövrəsini qoyduq, ərazinin təmizlənmə işlərini gördük... Mənim briqadirliyim altında böyük bir briqada görürdü bu işləri... Bizimlə müqavilə bağlamadılar, dedilər, bu işlərin başında Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri dayanır, ortada kişi sözü varsa, müqaviləyə ehtiyac yoxdur. Nə iş görəcəksinizsə, zəhmətinizin haqqı ödəniləcək. Ancaq zəhmətimizin haqqı yarımçıq ödənildi, bu, bir tərəfə, haqqımızı tələb etdikdə də bizi şərləyəcəklərilə, prokurorluqdakı adamları ilə hədələdilər”.

Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Etibar Əliyev Meydan TV-yə danışır ki, "Ərzaq məhsullarının təminatı-təchizatı” ASC-nin sədr müavini, "Meyvəli bazarı”nın direktoru Anar Novruzovun və həmin ASC-nin əməkdaşı Vəli Əmirovun şəxsi göstərişləri əsasında Tovuz rayonunun Kür çayı sahilində - Hunanlar kəndi ərazisində istixana kompleksi, anbar və digər mühəndis qurğuları tikilib. Bu tikinti işləri adları qeyd olunan şəxslərin sifarişi əsasında onun başçılıq etdiyi fəhlə briqadası tərəfindən həyata keçirilib. Ancaq işlər başa çatdıqdan sonra fəhlələrin maaşları tam ödənilməyib.

"Borc 52 min manata çatanda cığallığa başladılar"

"Mən briqadir idim, işə 60 fəhlə ilə çıxdıq. İşlər 2017-ci ilin mayından 2018-ci ilin yanvarınadək davam elədi. Ümumi gördüyümüz işin həcmi 328 min manat idi. Pulları bizə hissə-hissə ödəyirdilər. Bizə olan borclarından 52 min manat qalanda başladılar cığallıq eləməyə... Nə fikirləşdilərsə, ödəməni dayandırdılar. Fəhlələr məndən, mən isə onlardan tələb etməyə başlayanda bildirdilər ki, nə ödəmişik, Allahınıza şükür edin. Məcbur etməyin ki, 52 min manatın yarısını prokurorluğa verək, sizi tutduraq. Mən onların bu hərəkətlərindən müxtəlif qurumlara 26 dəfə teleqram vurmuşam, yazdığım məktubların sayı-hesabı yoxdur. Şikayətlərimizdə də göstərmişik ki, ASC-nin əməkdaşları Vəli Əmirov, Nazim Məmmədov, Anar Novruzov tərəfindən verilən sifarişləri tikib təhvil versək də, pullarımızı kəsiblər. Bunlar nəticə çıxarmaq əvəzinə, bizi şərləməklə hədələyirlər”, - Etibar Əliyev deyir.

Fəhlələrin əlində qalmışam 

ASC-nin sədr müavini Xaliq Məmmədov Etibar Əliyevin və fəhlələrin adından yazılmış məktublara iki dəfə fərqli cavab məktubu yazıb göndərib. Məktublardan birində qeyd olunur ki, bu briqada ilə ümumiyyətlə, işləməyiblər və briqada rəhbərini, üzvlərini tanımırlar. Digərində yazılıb ki, ASC-də, ümumiyyətlə, briqadirin və fəhlələrin iddia etdiyi Vəli Əmirov, Nazim Məmmədov, Anar Novruzov adlı işçilər yoxdur.

Etibar Əliyevin və briqada üzvlərinin müraciətlərindən sonra 52 min manatdan da hissə-hissə ödənilib. Borc 11.692 manata endirilib. İndi də briqadirin tələbi bu borcun ödənilməsidir:

"Müxtəlif qurumlara vurduğum teleqramlardan, yazdığım məktublardan sonra ASC-nin əməkdaşları və Anar Novruzov məni çağırdı. Bildiridilər ki, sənin vurduğun teleqramlar hamını ayağa qaldırıb. Əmək haqqı borcunu tam ödəyəcəyik, ancaq şərtimiz var. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin Əmək Müfəttişliyinə gedib izahat yazmalısan ki, qalıq əmək haqqı borcunu almısan, şikayətinin araşdırılması dayandırılsın, heç bir tələbin də yoxdur və bir daha şikayət etməyəcəyəksən. Bu yolla məni aldatdılar. Mənə olan əmək haqqı borclarından 8.200 manat da ödədilər. Mən də fəhlələrin qalıq əmək haqqı borcunu payladım. Hazırda ASC-nin fəhlələrə 11.692 manat qalıq əmək haqqı borcu qalıb. Ancaq borcu ödəməkdən imtina edirlər. Məni aldadaraq fəhlələrin yanında olduqca çətin duruma salıblar. Hazırda 11 fəhlə məndən pulunu tələb edir”.

Etibar Əliyevin sözlərinə görə, ASC rəhbərliyi hər dəfə bir bəhanə ilə borcu ödəməkdən yayınır:

"Gah deyirdilər, "Paşa Holdinq”in adamlarıyıq, gah deyirdilər, arxamız Daxili İşlər Nazirliyinə bağlıdır, bu işin arxasında çox yekə vəzifəli adamlar dayanır, gah deyirlər, biz, ümumiyyətlə, sizi tanımırıq, sizə sifariş-filan verməmişik... Halbuki, gördüyümüz işləri təsdiqləyən fotogörüntülər var... Gah da deyirlər, ASC fəaliyyətini dayandırıb”.

Anar Novruzov isə Meydan TV-yə deyib ki, fəhlələrin pulları tam ödənib, buna baxmayaraq, Etibar Əliyev onları şərləməklə məşğuldur:

"Etibar Əliyev belə şərləməklə bizdən 3 dəfə pul alıb. Sonuncu dəfə öz imzasıyla sənəd verib ki, heç bir borcunuz yoxdur. Notariusda da təsdiqlənib. Maaşlar 100 faiz ödənilib. Əmək Müfəttişliyindən də çağırıblar, orda da yazıb qoyub ki, əsəbi olub şikayət etmişəm, pullarımız tam ödənib, anlaşılmazlıq olub, aramızda heç bir problem yoxdur. Həmin ərəfələrdə də gəlib məndən pul alıb ki, müəllim, bir səhvdir etmişəm, dolana bilmirəm. Kömək etmişəm, 5-6 ay keçib, yenə başlayıb şikayətə ki, pullarımız ödənməyib. Beləcə şərləyib, bizi biabır etməklə məşğuldur. Kim bu adamla iş görübsə, belə 2-3 dəfə ödəniş edib”.

Meydan.Tv