"Bütün siyasi məhbusları azad edin" - İşçi Qrupu

09-12-2016 16:20 / Bu xəbər 1579 dəfə oxundu

«Azərbaycanda insan haqlarının durumu ağırdır. Təəssüf ki, Azərbaycan hökuməti problemlərin həlli istiqamətində siyasi iradə nümayiş etdirmir».

Azərbaycanda Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar yaydığı bəyanatda belə yazılır.

İşçi Qrup vurğulayır ki, azadlıqların boğulması, opponentlərin və fəalların təqibləri nəticəsində ölkə siyasi məhbusların sayına görə Avropada öncüllər sırasında yer alıb.

«Avropa İnsan Hüquqları Məhkəməsinin barəsində dərhal azad edilmə barədə qərarına baxmayaraq, Respublikaçı Alternativ (ReAL) Hərəkatının sədri İlqar Məmmədov 4 ilə yaxındır həbsdə saxlanılır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Fuad Qəhrəmanlı və Məmməd İbrahim də daxil olmaqla, 10-a yaxın üzvü azadlıqdan məhrum edilib», - bəyanatda bildirilir.

Sənəddə dindar fəallara basqılardan da bəhs edilir. Taleh Bağırov və onun rəhbərlik etdiyi «Müsəlman Birliyi» Hərəkatının üzvlərinin həbs edildiyi qeyd edilir.

Bəyanatda həmçinin vurğulanır ki, keçmiş müstəntiq Rüfət Səfərov, keçmiş səhiyyə naziri Əli İnsanov və daha bir neçə keçmiş dövlət məmuru hakimiyyəti tənqid etdiklərindən siyasi motivlərlə həbs ediliblər.

«İşçi Qrup beynəlxalq ictimaiyyəti siyasi məhbus məsələsinə biganə yanaşmamağa, bu şəxslərin azadlığa buraxılması istiqamətində səylərini artırmağa səsləyir», - bəyanatda vurğulanır.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup keçmiş məhbuslar, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun koordinatorluğu ilə fəaliyyət göstərir.

Qrup ötən ay Azərbaycanda siyasi məhbus hesab etdikləri şəxslərlə bağlı siyahı açıqlayıb. Həmin siyahıya görə, Azərbaycanda azı 144 siyasi məhbus var.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onların fikrincə, siyasi məhbus sayılan həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.///azadliq.org