"Bu, amputasiyadır və çox ciddi problemlər yaradacaq" - MÜSAHİBƏ

15-11-2017 11:24 / Bu xəbər 250 dəfə oxundu

Arqument.az-da "Bizim ekspert" rubrikasının 6-cı buraxılışının qonağı hüquqşünas, ekspert Tural Hacıbəylidir. Onunla Azərbaycanda "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişiklik, nümayəndəlik institutunun ləğvi, bunun doğura biləcəyi problemlər, bu dəyişikliyə beynəlxalq təşkilatların reaksiyaları və s məsələləri müzakirə etmişik. 

- Tural bəy, oktyabrın 31-də Milli Məclis "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı müzakirəyə çıxardı. İlham Əliyev də bu sərəncamı noyabrın 7-si imzaladı. Çoxları gözləyirdi ki, böyük ehtimalla qanun imzalanmayacaq. Amma artıq yanvarın 1-dən Azərbaycanda qanuni nümayəndəlik institutunun ləğvi rəsmiləşir. Əksər ekspertlər düşünür ki, bu, böyük problemlər yaradacaq. Siz də bu fikirdəsinizmi?

- Təbii ki, bu fikirdəyəm. Çünki Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi internet saytında olan məlumata görə, Azərbaycanda 906 vəkil var. Bunlardan 612-si Bakı şəhərində, qalan 252 vəkil isə regionlarda fəaliyyət göstərir. Nəzərə alsaq, bu gün məhkəmələrdə 350 mindən artıq iş var, bu o deməkdir ki, 906 vəkilin üzərinə çox böyük yük düşəcək və nəticədə məhkəmədə müdafiəyə ehtiyacı olan şəxslərin əksəriyyəti hüquqi yardımdan məhrum olacaqlar. Əvvəllər bu problemin böyük hissəsi nümayəndələrin üzərinə düşürdü. Həm də vəkillərin iş yükünün bir hissəsi nümayəndələrin üstünə düşdüyündən, nümayəndələr bu problemi o qədər də hiss elətdirmirdilər. Amma faktiki olaraq, 2018-ci ilin yanvarın birindən (qanuni nümayəndəliyi çıxmaq şərti ilə) bütün yük vəkillərin üzərinə düşəcək. Vəkillərə nisbətən nümayəndələr daha ucuz hüquqi xidmət göstərirdilər. Artıq vəkillərin üzərinə çox iş yükü düşdüyünə görə məbləğlər maksimum artacaq və nəticədə aztəminatlı ailələr məhkəmələrdə müdafiə hüququndan məhrum olacaqlar.

- Hüquqşünaslar bununla bağlı mitinq keçirməyə qərar veriblər. Sizcə, bütün bu tədbirlər hər hansı bir dəyişikliyə, məsələn, bu qanunun geri oxutdurulmasına və yaxud hər hansısa bir müsbət dəyişikliyə gətirib çıxara bilərmi?

- Əslində, mitinq elanı prezidentin həmin dəyişikliyi imzalamamasından öncə verilmişdi. Hüquqşünaslar bu mitinqlə diqqəti çəkmək istəyirdilər ki, problemin həllində hansısa müsbət bir dəyişiklik olsun. Amma təəssüf ki, təklif komitəyə necə tez daxil oldusa, komitə bunu Milli Məclisin müzakirəsinə hansı sürətlə verdisə, Milli Məclis bunu bir dəfə geri qaytarmaqla dərhal qəbul etdisə, prezidentin həmin dəyişikliyi imzalamasında da həmin sürət hiss olundu. İlk baxışdan belə görünür ki, bu etirazların ciddi bir nəticəsi yoxdur. Amma biz hesab edirik ki, bu etirazlar davam etməlidir. Ola bilər ki, bu etirazların fonunda həmin qanun layihəsi geri qaytarılsın və ya Vəkillər Kollegiyasında hər hansısa bir islahat aparılsın. Hər bir halda hesab edirik ki, bunun nəticəsi olmalıdır və bundan vaz keçmək düzgün deyil.

- Beynəlxalq təşkilatlardan da bu məsələyə reaksiya var. Bunu Azərbaycanda insanlara hüquqi yardımının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Sizcə, hökumətə hər hansı təzyiqlər olacaqmı?

- Təzyiqin olub-olmayacağını dəqiq demək mümkün deyil. Belə məsələlərdə, adətən, beynəlxalq təşkilatlar dərhal reaksiya vermirdilər. Amma son vaxtlar reaksiyaların olması müşahidə olunur. Bunun müsbət təsiri olacaq, yoxsa olmayacaq, onu dəqiq deyə bilmərik. Amma məncə, nümayəndə kimi fəaliyyət göstərən insanların rahat şəkildə Vəkillər Kollegiyasına qəbul olunması məsələsi hökuməti düşündürəcək. Ümid edirik ki, bununla bağlı hansısa islahatlar aparılacaq. Məsələ bundadır ki, ümumiliyyətlə, Vəkillər Kollegiyasının fəaliyyətində yaranmış problemlər, vəkillik institutunun acınacaqlı durumu və bu sahədə problemlər çoxdan müşahidə olunurdu. Nümayəndəlik də, əslində təmsilçilikdir, burada vətəndaşların müdafiəsi nəzərdə tutulur. Amma bizdə nümayəndələr ona görə bu fəaliyyətlə məşğul olurdular ki, vəkil çatışmamazlığı var idi və bu boşluğu hər hansısa bir şəkildə aradan qaldırmaq lazım idi. Məsələn, biz tutaq ki, Türkiyə ilə müqayisə aparsaq, Türkiyədə hər şəhərin özünün bir Kollegiyası var. İstanbulda və Ankarada təqribən 400 adama bir  vəkil düşür. Burada vəkillər kollegiyası siyahısında sonuncu yeri Tunceli şəhəri tutur. Tuncəli şəhərində 2099 nəfərə bir  vəkil düşür. Bakı şəhərində isə əgər nəzərə alsaq ki, 612 vəkil var,  3700 vətəndaşa bir vəkil düşür. Bu da Türkiyənin ən balaca şəhərinin, vəkilin ən az olduğu şəhərinin göstəricisindən qat-qat aşağıdır. Ona görə də bütün bu problemlərin aradan qaldırılması üçün əvvəlcə gərək vəkillər institutu inkişaf etdirilməli, vəkillərin sayı artırılmalı, nümayəndələrin vəkillər kollegiyasına girişi sadələşdirilməli idi. Amma bunlar olmadan belə bir addım atıldı. 

- Bəs proses hara gedir? Çıxış yolu varmı? 

- Bir lətifə var: bir ölkəyə yoxlama gəlir və soruşular ki, sizin nə qədər əhaliniz var? Deyilirlər ki, 5 milyon. Bəs bu 5 milyona nə qədər əlehqazınız var? Deyirlər ki, cəmi 5 min. Soruşurlar, bəs atom bombası və ya kimyəvi silah atılsa, nə olacaq? Deyirlər ki, heç nə, biabır olarıq. Yəni belə bir situasiya yaranıb ki, nümayəndəlik institutu ləğv olunur və ən yaxşı halda desək, biabır oluruq. Vətəndaşlar ümumiyyətlə, müdafiəsiz qalacaqlar. Halbuki Milli Məclisə Azərbaycanda aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı qanun layihəsi səhv etmirəmsə, 2013-cü ildə təqdim olunub. Artıq 2017-ci ildir, amma bu müddət ərzində hələ də qanun qəbul olunmayıb. Yəni vətəndaşların hüquqi yardımı, dövlət tərəfindən maliyələşən hüquqi xidmətə çatımlılığı 4 ildir gecikir, amma bir ayın içərisində nümayəndəlik institutu ləğv olunur. Bütün yük verilir 906 vəkilə və Vəkillər Kollegiyasına və tövsiyə olunur ki, vəkillərin sayı artırılsın. Vəkillər Kollegiyası yaranmamış 370 vəkil var idi. Vəkillər Kollegiyası yaranandan indiyə qədər 906 vəkil qəbul olunubsa, deməli, qısa bir zamanda vəkillərin sayının artırılması, heç olmasa 10 minı çatdırılması üçün xeyli müddət lazımdır. Bu müddəti gözləmədən belə bir addımın atılması ağlabatan deyil. Rusiyada da eyni problem yaranmışdı. Nümayəndələrin sayının vəkillərin sayından çox olması problemi ilə bağlı Rusiya daha ağlabatan addım atdı. Müəyyən edildi ki, 2023-cü il yanvarın 1-nə qədər nümayəndəlik institutu ləğv olunmasın. Keçid qaydalar da müəyyən etdilər ki, dövrü olaraq vəkillər kollegiyasına qəbul asanlaşdırılsın, qanunvericilikdə bununla bağlı dəyişikliklər aparılsın və artıq 2023-cü ilin yanvar ayının birindən etibarən nümayəndəlik ləğv olunsun. Bizdə də ən azı belə bir qayda müəyyən olunmalı idi, kollegiyaya bununla bağlı vaxt verilməli idi. Tutaq ki, dekabrda kollegiyada konfrans keçiriləcək, rəhbərlik dəyişiləcək və sair. Kollegiyanın vaxtı yoxdur ki, belə bir addımı dərhal atsın və vəkillərin sayını 10 minə çatdırsın. Ona görə də, məncə, bu, amputasiyadır və bu amputasiya cəmiyyətə çox ciddi problemlər yaradacaq.

- Deyirsiniz ki, Vəkillər Kollegiyasının gücü hüquqi xidmət göstərməyə yetərli deyil. Sizcə, belə bir şəraitdə hökuməti nə vadar etdi  ki, belə bir qərar verdi və tezliklə rəsmiləşdirdilər, hətta prezident də qısa zamanda imzaladı...

- Açığı, burada nümayəndəliyin ləğvi ilə bağlı atılan addımlar xeyli sual yaradıb. Nəyə görə bu təklif Ali Məhkəmə tərəfindən daxil oldu? Nəyə görə bu təklif heç bir ictimai müzakirə aparılmadan dərhal Milli Məclisə tövsiyə olundu. Milli Məclis də heç bir ciddi müzakirə aparmadan, hətta bəzi millət vəkillərinin etirazlarına baxmayaraq, apar-topar belə bir qanuni dəyişikliyi qəbul etdi və prezident də prinsipcə tez bir zamanda bunu imzaladı? Bunun ağlabatan hər hansı bir cavabı yoxdur və ən azından mən belə bir cavab tapa bilmirəm...

Şəmşad Ağa
Arqument.Az