"Bu axmaq ideologiya ətrafında heç kəs birləşməz" - ŞƏRH

06-02-2017 19:27 / Bu xəbər 2143 dəfə oxundu

"Jirinovski təlxək, şoumen, fırıldaqçı adamdır". 

Bunu Toplum.Tv-yə politoloq  Zərdüşt Əlizadə Jirinovskinin keçmiş SSRİ respublikalarını birləşdirmək təklifinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Rusiyanın hazırda SSRİ-ni bərpa etmək imkanı yoxdur: "Jirinovski  təlxək, şoumen, fırıldaqçı adamdır. Camaatı ələ salmaq üçün illərdir bu adamdan istifadə edirlər. O, heç bir ciddi söz deyə bilməz. Rusiyanın postsovet ölkələrini birləşdirmək fikri absurddur. Çünki Rusiyanın ən yaxın müttəfiqləri olan Belarusiya və Ukrayna ilə münasibətləri heç yaxşı vəziyyətdə deyil. Rusiyanın SSRİ-ni bərpa etmək  üçün nə iqtisadi qüdrəti, nə də ideologiyası var.  Heç bir xalq bu axmaq ideologiya ətrafında birləşməz. Bunların hamısı boş söhbətdir". 

Deputat Rasim Musabəyov Toplum.Tv-yə açıqlamasında Vladimir Jirinovskinin fikrinin mənasız olduğunu qeyd edib: "Jirinovski ənənəvi olaraq ağlına gələni danışır. Bir sözlə, Jirinovski qələt edir". 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti rəhbəri Hikmət Hacıyev çoxsaylı  zənglərimizi cavabsız qoydu. 

Jirinovski SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin bu respublikalara necə "sərfəli olacağını” qeyd edib. 

O bildirib ki, belə olan halda həmin respublikalar "artıq nə varsa” hamısını Rusiyaya sata biləcəklər. 

Məsələn, Tacikistan Rusiyaya faraş kələm və çiyələk satacaq. Özbəkistanla Qırğızıstan arasında su problemi öz-özünə həll olunacaq. Çünki Rusiya sərhədləri ləğv edəcək və hamını "nə lazımsa onunla təmin edəcək”. 

Vladimir Jirinovskinin fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini "dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. 

Arqument.Az