"Bu, azad sözə, düşüncəyə basqıdır" - Zümrüd Yağmur

01-10-2016 11:49 / Bu xəbər 2830 dəfə oxundu

Bu günlərdə kitab dükanları "vicdan məhbus"u Fuad Qəhrəmanlının həyat yoldaşı, tanınmış yazar Zümrüd Yağmurun "Ölkə adı: 22" kitabını satışdan çıxarıblar. Zümrüd Yağmur kitaba qoyulan qadağa və siyasi basqılarla bağlı Toplumtv.com-a müsahibə verib. 

- Zümrüd xanım, bu günlərdə kitabınızın satışdan yığışdırılması ilə bağlı xəbərlər yayıldı. Nə ilə bağlı idi bu?

- Əslində, ilk vaxtlar kitabın satışını təşkil edəndə bir çox dükanlar kitabı götürmək istəməmişdilər. Deyirdilər ki, Zümrüd xanımın yazıları, köşələri siyasidir, istəmirik. Ona görə də kitab çox az dükanda yayılmışdı. Bu üzdən kitabın daha çox səyyar satışını təşkil etmişdik. Bir neçə gün öncə oxucularım feysbukda məndən kitabı necə əldə edə biləcəklərini soruşdular. Mən də satışa icazə verən bir-iki dükanın adını dedim. Amma onlar həmin dükanlarda da kitabın satışdan çıxarıldığını bildirdilər. Biz səyyar kitab satışı ilə məşğul olan adamlardan birini göndərdik ki, kitab alsın. Bəlli oldu ki, kitab satışdan qaldırılıb. Münasibət məsələsinə gəlincə, açığı burada mənim üçün gözlənilməz heç bir şey yoxdur. Azərbaycanda bütövlükdə siyasi azadlıqların, insan haqlarının, azad sözə münasibətin necə olduğu hamıya aydındır. Mənə qədər də bir çox yazarlar, jurnalistlər təziqə məruz qalıblar, həbs olunublar. Artıq bədii ədəbiyyatlarla da bağlı təzyiqlər başlayıb. Düzü, mən bunun statistikasını aparmamışam, bilmirəm ki, bu ilk hadisədir, ya yox. Amma hər halda bu ilklərdən biridir ki, artıq bədii ədədbiyyata da qadağaların qoyulması,  satışdan yığışdırılması kimi basqılara əl atıblar. İnanın, bu mənim üçün nə gözlənilməzdir, nə də üzücü bir hadisədir. Zatən, kitab satılmışdı. Çox az sayda nüsxəsi qalmışdı. Bundan sonra da mən bu tip yazıları yazcağam və ölkədə azad sözün, ədalətsizliyin hökm sürdüyü müddətcə bunları tənqid edəcək əsərləri yazmaqda israrlıyam. Hakimiyyət nə qədər basqı etsə də, dükanlar kitabımı satmaqdan imtina etsələr də, bu mənim əlimi işimdən soyutmayacaq. 

- Məsələ ilə bağlı hansı tədbirləri görmək fikrindəsiniz?

- Bilirsiniz, hazırda həyat yoldaşım Fuad Qəhrəmanlı həbsdədir və mənim üçün bu dəqiqə ən vacib olan işlərdən biri onun məhkəməsinin gedişatını işıqlandırmaqdır. Bu məsələ ilə bağlı mən hər hansı bir tədbirin görülməsini nəzərdə tutmuram. Görəcəyim tədbir bu basqını işıqlandırıb ictimaiyyətə çatdırmaq idi.  Bundan sonrası artıq müəyyən mənada mənim görəcəyim tədbir deyil. Dünənə qədər özünə azad yazarlar adlandıran insanlar, bəlkə də, bir şey edər. Əgər onların cəsarəti varsa, etiraz eləsinlər ki, niyə ölkədə artıq bədii ədəbiyyatın satışınada qadağa qoyulur? Yoxsa mənim hər hansı bir tədbir görmək, hər hansı bir məhkəməyə, yaxud hər hansı bir quruma müraciət etmək kimi bir fikrim yoxdur. Çünki mənə elə gəlir ki, bu, sadəcə, bir vaxt itkisidir. Buna sərf edəcəyim enerjini tutaq ki, Azərbaycanda hər hansı bir ədalətsizliyə, bu rejimin simasını açacaq hər hansı bir əsərin ortaya qoyulmasına sərf eləyərdim.  Hesab edirəm ki, tarix və bu gün baxımından buna enerji sərf eləmək daha doğrudur, nəinki mənim hər hansı bir nəticə əldə edə bilməyəcəyim məhkəməyə müraciət etməyim. O üzdəndə heç bir tədbir nəzərdə tutmuram. Mən yazmağa davam edəcəm. Görəcəyim ən böyük tədbir də budur. 

Sizcə, bu sifariş konkret haradan gəlib?

- Vallah, mən deyə bilmərəm, bu hardan gəlir. Çünki bilmədiyim bir şeyi danışmaq doğru olmaz. Mən yalana qarşı mübarizə aparıramsa, yalana qarşı savaşıramsa, bilmədiyim bir şeyi də danışa bilmərəm. O ki qaldı bunun qadağan olunmasına, hansı səviyyədə olursa-olsun bu bir faktdır və bu faktı təkcə özümə, öz əsərlərimə qarşı yox, ümumilikdə Azərbaycan ədəbiyyatına, azad düşüncəyə basqı kimi dəyərləndirirəm. Əgər mən hər hansı bir qurumu günahlandırsam, yəqin, beynəlxalq təşkilatların, siyasi qurumların bəyanatları kimi durub bunu da yalanlayacaqlar. Ənənəvi olaraq, yalan danışacaqlar. İkincisi də, mən bu ölkədə konkret bir quruma qarşı mübarizə aparmıram, mənim mübarizəm ölkənin azadlığı uğrundadır və mən yalanın dili ilə deyil, gerçəyin dili ilə danışıram. Bu səbəbdən də bu məsələlərə vaxt ayırmağı mənasız hesab edirəm. Yaxın günlərdə oxucularımla görüşə yeni bir əsərimlə gələcəyəm.

Bu hal digər kitablarınızın satışında da olub?

- Yox, indiyə qədər bundan əvvəlki əsərlərimin satışında belə bir hal olmayıb, amma bir dəfə "Diriləri basdırın” romanımın satışına görə yayım evi ilə müqavilə bağlamışdıq. Biləndə ki, mən "Allah qayıdır” kitabının müəllifi Zümrüd Yağmuram, yayım evi müqavilədən imtina etdi. Amma kitab dükanlarında belə bir qadağa ilə rastlaşmamışdım. Amma bu qadağalar mənasız çabalardır. Bununla mənim siyasi mövzuda romanlar yazmağımı əngəlləyə bilməyəcəklər.

- Sizcə, bu ailənizə qarşı olan basqıdır, yoxsa ifadə azadlığına?

- Yox, mən hesab etmirəm ki, bu, ailəmə olan basqıdır. Bilirsiniz ki, ailəmizdə bir nəfər peşəkar siyasətlə məşğul olur, bir nəfərdə yazardır. Yoldaşımı artıq həbs ediblər və onlar hesab edirdilər ki, bundan ailəmizə, mənə bir təziq vasitəsi kimi istifadə edəcəklər. Amma mən siyasətçi deyiləm, yazaram. Hesab eləmirəm ki, bunu Fuada qarşı ediblər. Çünki onlar Fuada qarşı ən böyük pisliyi etdiklərini düşünürlər. Amma hesab eləmirəm ki, bunu başara biliblər. Bu, bizim seçdiyimiz yoldur. Kitaba qarşı basqıya gəlincə, bunu azad sözə, ölkədəki ədalətsiz rejimin bədii ədəbiyyata, ifadə azadlığına münasibətinin təzahürü kimi dəyərləndirirəm. 

- Bəs sizcə, ölkəmizdə sağlam cəmiyyətin formalaşması üçün yazarlarımız hansı mövzuda əsərlər yazmalıdır?

- Əgər azad düşüncə, azad söz savaşı aparırıqsa, təbii ki, burda kimin nədən yazması mühüm deyil. Tutaq ki, biz sevgi-məhəbbət mövzusunda yaza bilərik. Amma orada ölkədəki siyasi, sosial durumun insanların sevgi münasibətlərinə belə əngəl olduğunu, necə deyərlər, samanlığın seyran olmasının mümkünsüzlüyünü, o samanın bir gün tikana çevrilməsinin acı səhnələrini təsvir edə bilərik. Yəni formatı kimsə verə bilməz, bu, bir resept deyil, yazar azad olmalı, azad düşünə bilməlidir. Amma nə yazıq ki, bizdə yazarlar ortaya vətəndaş mövqeyi qoyanda kimlərsə durub onu siyasətə bağlayır. 
Əslində, indiki halda yazarın siyasətlə məşğul olmasını da qəbahət saymıram. Dünyanın hər yerində baş vermiş hadisələrə münasibət bildirən yazarlar var və bu çox adı bir hal sayılmalıdır. Bu bir qəhrəmanlıq da deyil, vətəndaş mövqeyidir. Mən hesab edirəm ki, bu gün Azərbaycan ədəbiyyatında yazarlar bütünlükdə vətəndaş mövqelərini ortaya qoymaqda özlərində cəsarət tapmalıdır. Doğurdan da, bu gün artıq Azərbaycanda Xeyirlə Şərin mübarizəsi gedir. Xeyirlə şərin mübarizəsində sözün qüdrəti hər şeydən üstündür. Biz bunu həm klassik, həm də müasir ədəbiyyatdan da bilirik. Əgər Azərbaycan ədəbiyyatında təmsil olunan yazarlar bunun məsuliyyətini anlamırlarsa, mənə elə gəlir ki, onlar müəyyən mənada tarix qarşısında bunun cavabını verməli olacaqlar.

Vüsal Əfəndi