"Bu, Azərbaycan hökuməti üçün ciddi təhlükə olacaq"

23-09-2017 12:53 / Bu xəbər 1639 dəfə oxundu

Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin hökmünün icrasına dair qərar çıxarıb. Heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. 

Real Hərəkatının İdarə Heyyətinin üzvü Xalid Bağırov Toplum Tv-yə bildirib ki, Avropa Məhkəməsi həddindən artıq yubanıb və hətta bu dəfə də yubatmaqla yersiz addım atıb: "Hər şey bəllidir. Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarını icra etmək istəmir. Belə olan halda tədbir görülməlidir. Digər tərəfdən də, aydındır ki, Azərbaycan hökuməti ilə münasibəti pozmaq istəməyən dövlətlər var. Amma o dövlətlər də başa düşməlidir ki, Azərbaycan kimi dövlətin hökuməti ilə əməkdaşlıq etmək, onların nüfuzuna xələl gətirir. Son zamanlar baş verən hadisələrdə də biz bunu gördük”.

Hüquqşünas qeyd edib ki, bu prosedur Avropa Şurası tərəfindən hələ ki, heç kimə tətbiq edilməyib. İlk dəfə Azərbaycana qarşı tətbiq olunacaq: "Düzdür, əvvəllər Yunanıstana qarşı tətbiq etmək istəyiblər, amma Yunanıstan özü Avropa Şurasını tərk edib ki, bu maddə tətbiq olunmasın. Son nəticə budur ki, həmin maddə tətbiq olunsa, Azərbaycan da öz xoşu ilə, ya da Avropa Məhkəməsinin qərarından sonra AŞPA-nın tələbi ilə Avropa Şurası üzvlüyündən çıxmalı, ya səsvermə hüququ dayandırılmalıdır. Ciddi bir təhlükə olacaq, bu da Azərbaycan hökumətinin nüfuzuna ciddi xələl gətirəcək bir işdir. Hesab edirəm ki, Azərbaycan hökuməti son bir aydan istifadə edib bu barədə tədbir görməlidir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bunları deyib: "Sanksiya nə olacaq, nə gözlənilir, bir söz deməkdə çətinlik çəkirəm. Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı 3 min qərar yerinə yetirilmir. Bu siyahının içində Ermənistan da var. Elə "Çıraqov” məsələsi kifayətdir. Niyə yerinə yetirilmir bu qərar? Niyə bu qərar kənara qoyulub, İlqar Məmmədov məsələsindən yapışıblar? Niyə Azərbaycana sanksiyalar tətbiq olunmalıdır? Eyni imzanı Ermənistan da atıb, eyni öhdəliyi Ermənistan da götürüb. Niyə onlarla bağlı addım atılmır?”.

O bildirib ki, Böyük Britaniya kimi ölkələr AİHM-nin qərarlarını icra etmir, Rusiya Federasiyası isə ölkə daxilində Avropa Məhkəməsinin qərarlarının prioritetini ləğv edib:

"Eşitmisiniz ki, cənab Yagland bununla bağlı sanksiya təklif etsin? Qənaətimcə, Avropa Şurası bəyanatlarla, hədə-qorxuyla, sanksiyalarla çıxış edəcəksə, bu təşkilatın özünə problem yaradacaq. Yaxşı, tutalım, sanksiyalar tətbiq edildi, nə baş verəcək? Türkiyəyə belə sanksiya tətbiq edildi, nə oldu? Azərbaycana sanksiya tətbiq etmək istəyirlər? Azərbaycanı təşkilatdan çıxarmaq istəyirlər? Buyursunlar. Görək kim bundan udacaq, kim uduzacaq? Üzr istəyirəm, xoruz yox idi, səhər açılmırdı?”.

Səməd Seyidovun fikrincə, Azərbaycanla Avropa Şurasının münasibətinə zərbə vurmaq istəyirlər, "zərbə” daha çox Avropa Şurasının özünə problem yaradacaq: "Məndə təəccüb doğurur ki, Azərbaycan ən çox müzakirə edilən ölkələrdəndir. Qəzetlərdə, Avropa Şurasında, oktyabr sessiyasında bir gün Azərbaycana həsr olunacaq, insan haqları, demokratik təsisatların durumu müzakirə olunacaq. Nə baş verib? Qat-qat artıq narahatlıq yaradan, ağlasığmaz problem yaradan ölkələr qalıb bir yana, Azərbaycan müzakirə edilir. Yaqland bir tərəfdən əlindən gələni edir ki, sanksiyalar tətbiq olunan böyük bir ölkəni təşkilat yenidən qaytarsın, o biri tərəfdən AŞ üzvü, sanksiyası olmayan Azərbaycana sanksiyalar tətbiq olunsun”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. 

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.