"Bu əsərdə Elçibəyi də, Heydər Əliyevi də görmək mümkündür" - İsa Qəmbər

02-05-2019 20:28 / Bu xəbər 1953 dəfə oxundu

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər "azlogos" saytına müsahibə verib.

Arqument.Az həmin müsahibəni təqdim edir: 

– İsa bəy, söhbətimizə ən yaxşı bildiyim sahədən - kinodan başlamaq istəyirəm. Hansı filmlərə baxırsınız, sevdiyiniz rejissorlar varmı? Sosial şəbəkələrdən izlədiyim qədərilə, kinoya marağınız var.

– Təbii. Kino həm informativ baxımdan çox önəmli bir fəaliyyət sahəsidir, həm yaradıcılıqdır, həm də, açığı, istirahətdir. Mən fəlakət, dəhşət filmlərini sevmirəm, intellektual filmlərdən, trillerlərdən, komediyalardan zövq alıram. Komediyaya, trillerə baxanda adam istirahət eləyir, intellektual filmlərə baxanda isə nə isə yeni bir fikir eşidirsən, fərqli düşüncələrə şahid olursan. Ona görə də, bu tip filmlərə üstünlük verirəm.

O ki qaldı sevdiyim filmlərə, mən məcburiyyət olmayanda seçməyi xoşlamıram. Bəzən yüksək intellektualların çəkdikləri, ancaq məhdud sayda adamların maraq göstərdiyi filmlər diqqətimi cəlb eləyir, bəzən də hamı kimi oturub, komediyaya baxıb gülmək istəyirəm. Yəni dediyim kimi, bu, həm də bir istirahət növüdü. Şəbəkələrdə yazdıqlarıma gəldikdə isə, son vaxtlar "Taxt-tac oyunları” serialına baxıram. Bu serialı çağdaş dünyanın bir nömrəli serialı hesab eləyirəm. Ki, yəqin, belə fikirləşən tək mən deyiləm.

– Bəs yerli komediyalara baxırsınız?

– Demək olar ki, baxmıram.

– "Taxt-tac oyunları” serialında sizi nə cəlb eləyir?

– Hər şey. Əvvəla qeyri-adi, yüksək səviyyəli çəkilişlər var.

– Mən fraqmentlərinə baxmışam. Fentezi janrını sevmədiyimə görə davamlı izləmirəm.

– Mənim fentezi janrında olan ədəbiyyata da marağım var. "Taxt-tac” oyunlarının da əvvəlcə kitabını oxumağa başladım. Bu janra maraq göstərməyimin səbəbi çox sadədi. Mən öz dünyasını yarada bilən insanları xoşlayıram. Məsələn, həyatının son dönəmində qəribə mövqelər ifadə eləsə də, İsa Hüseynovu yazıçı kimi çox sevirəm. Razılaşsaq da, razılaşmasaq da, o, bir sıra əsərlərində ayrıca bir sistem qurub, bizim görmədiyimiz, olmadığımız bir dünya yaradıb. Eynilə fentezi janrında olan istənilən əsərin də əsasını fərqli bir dünya təşkil eləyir. Müəlliflər gerçək dünyada olmayan hansısa varlıqlar, canlılar yaradırlar, personajlara – istər insan olsun, istər başqa məxluqlar – reallıqda olmayan xüsusiyyətlər verilir. Bu baxımdan fentezi janrı maraqlıdı.

Ümumiyyətlə, mən düşünürəm ki, bu janrda bir çox mövzulara toxunmaq mümkündü. Məsələn, mən əminəm ki, bizdən əvvəl də hansısa sivilizasiyalar mövcud olub, bizim planetdə yaşayıblar. Planetimizdə də, təfəkkürümüzdə də hansısa başqa sivilizasiyaların izləri var. Müxtəlif xalqların, o cümlədən azərbaycan xalqının nağıllarında bəhs edilən bir çox möcüzələr nə zamansa gerçəklikdə baş vermiş hadisələrdi. Bəzən deyirlər, nağıllarda haqqında söhbət açılan möcüzələr indi gerçəkləşir. Bu, doğru fikirdi, amma mən fikirləşirəm ki, o nağıllar həm də nə zamansa gerçək olub. Məsələn, nağıllarda qəhrəman sehrli güzgünü çıxarır və uzaq şəhərdə baş verən hadisəni izləyir. Bu, mobil telefon, görüntülü söhbətlərdi. Yaxud nağıllardakı sehrli çubuqlar lazer silahlarıdı, nə zamansa olub.

– Yəni bunlar, genetik yaddaşımızda olan informasiyalardı və indi bir şəkildə üzə çıxır?

– Genetik yaddaş da adlandırmaq olar, nəsillərin yaddaşı da. Nə zamansa həqiqətən olmuş bir əhvalat nəsildən nəsilə nağıl kimi ötürülməyə başlayıb. Uçan xalçalar, "Harri Potter”dəki sehrli çubuqlar… ya da kiminsə tükünü götürüb yandırmaq və tük sahibinin dərhal peyda olması.. Əslində, bu, nanotexnologiyadı. Ya bir zamanlar bizim planetimizdə başqa sivilizasiyalar mövcud olub, ya da başqa planetlərdən bura gələn və biliklərini verən yadplanetlilər… Nə isə, çox uzağa getdik. Demək istəyirəm ki, "Taxt-tac oyunları”nda da bu var. Mən o serialı bir tərəfdən tarixçi kimi izləyirəm, Avropanın, dünyanın keçmişini, dənizlərlə quruların savaşlarını xatırlayıram. Digər tərəfdən də məni sənət əsəri kimi, fantastik məqamları ilə cəlb eləyir: əjdahalar, fərqli gücə malik qurdlar, fərqli keyfiyyətlərə malik insanlar. Və bu dünyada gedən proseslər maraqlıdı. Əksər mütəxəssislər deyirlər ki, "Taxt-tac oyunları”ındakı döyüş səhnələri çox yüksək səviyyədə çəkilib və ən məşhur döyüş filmlərində də belə səhnələr yoxdu.

"Mən o serialı bir tərəfdən tarixçi kimi izləyirəm, Avropanın, dünyanın keçmişini, dənizlərlə quruların savaşlarını xatırlayıram"

– Adətən, bədii əsərlərin ekran variantları nadir hallarda orijinalından daha yaxşı reaksiya doğurur. Siz həm romanları oxumusunuz, həm də serialı izləyirsiniz. Adaptə uğurlu alınıbmı?

– Ümumiyyətlə, mən kitab oxumağı daha çox sevirəm, nəinki filmə baxmağı. Və bilirəm ki, əksər hallarda kitablar əsasında çəkilmiş filmləri çoxları bəyənmir, kitabın daha yaxşı olduğunu deyirlər. Amma bunun çox sadə səbəbi var: hər birimiz istənilən kitabı öz gözümüzlə, öz təfəkkürümüzlə oxuyuruq, fərqli insanlar fərqli şəkildə oxuyurlar. Filmi çəkən, canlandıran da həmin fərqli insanlardan biridi – rejissordu, aktyorlardı və s. Ola bilər ki, sənin yanaşmanla rejissorun yanaşması fərqlənir, ona görə də, film, sənin xoşuna gəlmir. Mən bir az belə yanaşmıram. Hesab eləyirəm ki, rejissor fərqli insandı, belə görür və öz gördüyünü çəkib.

"Taxt-tac oyunları”na qayıtsaq, yüksək sənət əsəridir. O əsərlər uğur qazanırlar ki, orda əbədi mövzular öz əksini tapır. İnsani münasibətlər, sevgilər, savaşlar, mübarizələr. Yəni bir növ həyat. Məsələn, səkkizinci sezonun birinci filmində maraqlı bir epizod var. Adamlar əsas qəhrəmanlardan birinə deyirlər ki, biz səni kral seçdik, sənsə getdin, başqa bir kraliçanı qəbul elədin, krallıqdan vaz keçdin, biz səni buna görə kral seçməmişdik. Qəhrəman cavab verir ki, mən kral mövqeyi ilə xalqımın maraqları arasında seçim elədim və xalqın maraqlarını seçdim. Bu səhnə, Azərbaycanda gedən siyasi prosesləri xatırladır.

– Belə paralellər də var?

– Müəyyən mənada var. Məsələn, bu əsərdə Elçibəyi də, Heydər Əliyevi də, başqa tanınmış insanları da görmək mümkündür. Mən bu paraleli gördüm. Ancaq başqa paralellər də tapmaq mümkündü. Ona görə də mənim üçün maraqlıdır. Və mənə maraqlıdı ki, müəlliflərin yaratdıqları dünyadakı proseslər necə nəticələnəcək? Əslində, inanmıram ki, serialı bitirə bilsinlər, çünki həddindən artıq populyardı.

– İsa bəy, sosial şəbəkələrdə yazdığınız statusları oxuyuram. Yazmaq qabiliyyətiniz var, yumor hissiniz yaxşıdı, özünüz dediniz, tarixlə çox maraqlanırsınız. Bəs yaşadıqlarınızı, şahidi olduqlarınızı yazmaq maraqlı deyil?

– Düşünürəm bu barədə. Bir sıra problemlər var. Əvvəllər əsas problem vaxt çatışmazlığı idi. İndi vaxtım daha çoxdu, sadəcə məni dayandıran müəyyən məsələlər var. Əsas məsələlərdən biri isə odu ki… Mən hesab eləyirəm ki, siyasətçinin, bildiyi hər şeyi deməməyə ixtiyarı var.

– Yəni gizlədiləcək şeylər var?

– Nə deyirəmsə, onu deyirəm. Siyasətçinin bildiyi hər şeyi deməməyə ixtiyarı var, amma siyasətçinin yalan danışmağa ixtiyarı yoxdu. Bir az başqa cür çıxmasın, məndə yalana allergiya var. Mən səhv edə bilərəm, amma heç vaxt şüurlu şəkildə yalan danışmıram. Təbii, həyat müəyyən bəyaz yalanlara məcbur eləyə bilər, ancaq mənim yalana nifrətim var. Və nəsə yazacağamsa, həqiqətləri yazmalıyam. Ən azı, bildiyim həqiqətləri və ya həqiqət hesab elədiklərimi. Bu isə o deməkdi ki, bu gün də həyatda olan yüzlərlə insan haqqında – onların səhvləri, zəiflikləri, xəyanət demək istəmirəm, ancaq Azərbaycana dəhşətli ziyan vurmuş addımları vəs. barədə bildiyim, düşündüyüm nə varsa, hamısını yazmalıyam. Onda da gündəm dəyişəcək, insanlar tamam başqa mövzulara istiqamətlənəcəklər. Mən standart bir şey yazmaq istəmirəm: Bir az özümü, bir az mənə yaxın adamları tərifləyim, müəyyən məsələlərin üstündən keçim… Yazsam, müasir tariximizi kifayət qədər bilməyənlər üçün aydınlaşdıracaq, bilənlərin yadına salacaq müəyyən həqiqətləri yazmaq istəyirəm.

Məsələn, Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmirəm. O, ömrü boyu yazdığı, danışdığı yalanları bir yerə toplayıb kitab halına saldı. İndi də gənclər bizə deyirlər ki, Zərdüşt Əlizadə yazdı, siz niyə yazmırsınız? O, yalan yazıb axı?! Onun yazdıqları öz komplekslərinin, ilk növbədə natamamlıq kompleksinin nəticəsidir. Mən elə bir şey yazmaq istəmirəm. Həqiqətləri də yazanda aləm bir-birinə dəyəcək.

– Təbii ki, yazıb-yazmamaq sizin seçiminizdir. Ancaq Zərdüşt Əlizadənin yazdıqlarının yalan olduğunu dediniz. O zaman siz də İsa Qəmbərin baxış bucağından görünənləri yaza bilərsiniz ki, insanların oxuyub müqayisə eləmək imkanı olsun. Necə deyərlər, həqiqət müzakirə zamanı üzə çıxır. Ümumiyyətlə, memuar yazmaq bütün dünyada qəbul olunmuş bir ənənədi. İstər siyasətçi olsun, istər aktyor vəs. ilk fürsətdə başlayır memuarlarını yazmağa. Hamı da həvəslə gözləyir, oxuyur. Bu ənənə bizdə niyə formalaşmır? Məsələn, siz səbəblərdən biri kimi, kimlərisə incitmək istəmədiyinizi dediniz.

– Birincisi, məni narahat eləyən kimisə incitmək deyil, əsas mövzuların dəyişməsidi. Mən insaların bu günə və gələcəyə baxmasını istəyirəm. Çalışıram ki, bütün yazılarımda insanları gələcəyə yönləndirəm, ümidlərini, özlərinə, bir-birilərinə və millətə inamlarını artıram. İkincisi isə memuar janrını o qədər də sevmirəm, mənə süni təsir bağışlayır. Həm bizimkilərə, həm də avropalılara, amerikalıları məxsus çox memuar oxumuşam. Adamlar özlərini təmizə çıxartmağa çalışırlar. Oxuyanda adama elə gəlir ki, bu adam dahi imiş, həmişə dürüst, haqlı olub. Adətən də, soruşanda ki, sənin heç bir qüsurun, səhvin olmayıb, yaxud da özləri öz qüsurlarından yazanda ən böyük qüsur kimi insanlara inanmaqlarını göstərirlər.

Yəni memuar mənə özünü tərifləmək, özünə bəraət qazandırmaq, insanları özünün həmişə haqlı olduğuna inandırmaq, hadisələri öz bildiyi kimi şərh eləmək cəhdi kimi görünür. Çox nadir memuarlar var ki, daha çox avropalılara aiddir; müəlliflər öz nöqsanlarından daha səmimi, daha rahat şəkildə danışırlar. Məsələn, mən səksəninci illərin ortalarından Azərbaycanda gedən ictimai proseslərin bu və ya digər şəkildə iştirakçısıyam, bir az da, mərkəzindəyəm. Dediyim kimi, mən yazsam, həmin dövr təzədən müzakirə olunmağa başlayacaq. Mənsə istəyirəm ki, cəmiyyətimiz diqqətini gələcəyə yönəltsin.

– Onsuz da belə mövzular, keçmiş bu və ya digər şəkildə mütəmadi müzakirə olunur. Diqqətimizi gələcəyə yönəltmək üçün keçmişlə haqq-hesabı çürütmək yaxşı olmazdı?

– İş ondadı ki, sən nə qədər memuar yazırsan, yaz, həqiqətlər dəyişməyəcək. Məsələn, 90-cı ilin yanvar hadisələri, ya da 93-cü ilin iyun hadisələri. Biz də qiymət vermişik, cəmiyyətdə də bu məsələlərlə bağlı müəyyən ortaq mövqe var. Mərkəz mövqe deyək buna. Və bu, haqlı mövqedi. Bəzən deyirlər ki – xüsusən, gənclər – siz 93-cü il hadisələrini etiraf eləyin, ondan sonra cəmiyyət azad olacaq, irəli gedəcək. Qardaşım, 93-cü il hadisələri haqda nə biliriksə, əksəriyyətini müsahibələrdə, söhbətlərdə demişik. Amma guya onları deməsək belə, sən bilmirsən ki, qiyam yatırılmalıdı? Sən bilmirsən ki, hakimiyyətin vəzifəsi qiyamı yatırtmaqdı? Bunu mən də bilirəm, sən də bilirsən. Gücümüz çatmayıb, yatırda bilməmişik. Biz hesab eləyirik ki, o qiyamın törədilməsinin, eyni zamanda yatırılmasının qeyri-mümkün hala gətirilməsinin səbəbi beynəlxalq birliyin, xüsusən, Rusiya və İranın mövqeyi idi. Rusiya və İranın Azərbaycandakı şəbəkələri bütün sahələrə sirayət eləyib, Rusiya, İran faktoru imkan verməyib həmin qiyamın qarşısını almağa. Amma sən bilirsən ki, qiyam yatırılmalıdı. İndi "filan siyasətçinin daha çox günahı var, o biri daha az günahkardı” deməklə əsas fikir dəyişmir ki?! Bilmirəm, mövqeyimi izah eləyə bilirəm, ya yox?! Yəni keçmiş haqqında nə yazırsan, yaz, onun nə mahiyyəti dəyişməyəcək, nə də o dərdlər.

"Sən bilmirsən ki, hakimiyyətin vəzifəsi qiyamı yatırtmaqdı? Bunu mən də bilirəm, sən də bilirsən. Gücümüz çatmayıb, yatırda bilməmişik"

Bəzən deyirlər ki, tarix heç nəyi öyrətmir. Filosoflar da deyir, başqaları da. Mən belə fikirləşmirəm. Tarix öyrədir, sadəcə tarixi oxuyanlar var, oxumayanlar var, yaxşı şagirdlər var, pis şagirdlər var. Və mənim yaza biləcəyim mövzular bir tərəfdən böyük maraq yarada bilər, ancaq o biri tərəfdən də kim nə yazır, yazsın, nə o tarix dəyişəsi deyil, nə də o tarixdən çıxan dərslər. Müəyyən həqiqətlər var ki, onları yalançı memuar yazanlar da dəyişə bilməz, həqiqəti yazmağa çalışanlar da.

– Deyirlər, tarix təkərrürdən ibarətdir. Bəlkə, dərs ala bilmirik, ona görə də hər şey təkrarlanır?

– Burda müəyyən həqiqət var. Son 60-70 min illik – müasir insan yaranandan bu günə qədərki dönəmi götürsək, təbii ki, inkişaf baş verib, xeyli şeylər dəyişib, ancaq insanın mahiyyəti, beyni, intellektual imkanları köklü surətdə dəyişməyib. İnsanın ortalama intellekti ki, 70 min il əvvəl də vardı, 20 min il əvvəl də, bu gün də var – o intellekt dəyişməyib, ancaq onun həll eləyə biləcəyi məsələlər dəyişib, həm ayrı-ayrı insanların, həm də cəmiyyətin informasiyası artdıqca insan təkmilləşib. Ancaq insanlar eyni şəkildə yaranır, mübarizə aparır, yaşayır və dünyalarını dəyişirlər. İsrailli professor Yuval Noa Harari bu məsələni çox dəqiq təhlil eləyib. Onu oxuyanda adam bir çox həqiqətləri daha rahat şəkildə qəbul eləyə bilir. Anlayırsan ki, hələ köklü dəyişikliklər baş verməyib. Bəlkə bundan sonra olacaq, çünki XX əsrin sonu XXI əsrin ilk 19-20 ilində kommunikasiyalar, texnologiyalar o qədər sürətlə inkişaf eləyir ki, hətta bəziləri qiyamət gününün yaxınlaşdığını deyirlər.

Fəlsəfi mənada mən bu fikirlə razıyam. Çünki mən də çox-çox əvvəllər bu qərara gəlmişdim ki, bəşəriyyət nədən yarandığını, niyə mövcud olduğunu dərk eləyəndən, anlayandan sonra, ən azı, bu dövrün sonu gələcək, əvvəlki kimi davam eləmək mümkün olmayacaq. Çünki insan övladı həmişə əbədi suallara cavab axtarır. Ya tapa bilmirik, ya da müəyyən standart cavablarla kifayətlənməyə məcbuq qalırıq. Deyəsən, Markesin "Yüz ilin tənhalığı” əsərindədi, deyir, qəhrəman ölüm ayağında hər şey başa düşdü və sonra öldü. Təxminən, belədi, səhv eləmirəmsə. Orda da mən o fikrimin təsdiqini gördüm. Markes də düşünür ki, bütün sualların cavabları tapılandan sonra artıq insan həyatının anlamı qalmır. Harari də, başqa müəlliflər də o fikrə gəlirlər: artıq kompüter və internetin inkişafı elə bir mərhələyə çatıb ki, tamamilə yeni bir insan ortaya çıxacaq.

Bu günlərdə çoxdan gözlənilən hadisələrdən biri də baş verdi, alimlər 3D printerində insan toxumalarından ürək hazırladılar, bir müddət sonra bütün orqanlar istehsal olunacaq. Yəni proqnoz doğrulsa – ki, proses ona gedir – 20-25 ildən sonra insanın ölməsi də çətinləşəcək. Yəqin ki, əvvəlcə baha qiymətə, sonra isə ucuzlaşacaq – bütün orqanları dəyişmək mümkün olacaq. İnsan, əsasən, nədən ölür? Ürək, böyrək çatızmazlığından, ciyərlər, əzələlər yorulur. Bunların hamısının çarəsi tapılıb. O printer inşaat materialları da hazırlayacaq. Bu, bütün sahələrə təsir eləyəcək- inşaata da, elmə də, kosmosa da, tibbə də. Qeyri-adi bir imkandı və o gəlir. Digər tərəfdən mütəxəssislər deyirlər ki, uzaqbaşı 15-20 ildən sonra kompüterlərin, telefonların çipləri insan bədəninə yerləşdiriləcək, artıq telefona, kompüterə əl atmadan beyin özünə tapşırıq verəcək, istənilən kitabı, filmi seçib baxmaq, oxumaq, istədiyin adamla faktiki telepatik əlaqə yaratmaq mümkün olacaq. Bunlar fantastik imkanlardı. Bunlar əldə olunandan sonra ənənəvi insanın, ənənəvi problemlərin dövrü bitəcək, fantastik bir dönəm başlayacaq.

– Sizcə, bu proses, mənəvi dəyərlərə necə təsir eləyə bilər? Sevgiyə, nifrətə, hisslərə. Əgər müvəqqətilik, fanilik məfhumu yoxa çıxsa, indi tez-tez təkrarlanan "anın qədrini bilmək”, həyatın anlamı ilə bağlı suallar aktuallığını itirsə, məsələn…

– Bir çox şeylər təsəvvür edə bilməyəcəyimiz dərəcədə dəyişəcək. Ola bilsin, tamam başqa problemlər önə çıxacaq, insanları onlar düşündürəcək. Sevgi də, nifrət də indiki müstəvidə yox, başqa müstəvidə öz həllini tapacaq. Bunu düşünmək lazımdı və kim bunu görüb yaza bilsə, elə o da böyük mütəfəkkirlər, böyük sənətkarlar kimi yeni kodları ortaya qoymuş olacaq. Ancaq əmin olun ki, biz qeyri-adi bir dönəmdə yaşayırıq. Və mən çox təəssüf eləyirəm ki, bəşəriyyətin belə köklü dəyişikliklər ərəfəsində olduğu yüzillikdə Azərbaycanda cılız problemlər, hakimiyyət, sərvət, pul məsələləri həlledici məsələ kimi qalır. Azərbaycanın gerçək inkişafına, azərbaycan insanının normal, xoşbəxt yaşamasına, bütün bəşəriyyəti düşündürən məsələləri düşünməsinə imkan verilmir.

– Hakimiyyətlə məsələ aydındır. Amma Azərbaycan insanının baş verənlərdə heç bir rolu yoxdu? Bu qədər informasiyanın olduğu, az qala, bütün sərhədlərin yoxa çıxdığı bir dövrdə bizdə niyə hələ də fərdiyyətçilik, tayfabazlıq düşüncəsi prioritetdi?

– Bu mövzu da Azərbaycanda populyar mövzulardan biridir: Rejim günahkardı, yoxsa cəmiyyət? Buna cavabım birmənalıdır: Mən xalqı, sıravi insanları heç nədə günahlandırmıram. Əksinə, hesab eləyirəm ki, bizim xalqımız kifayət qədər inkişaf eləmiş, yetkin xalqdı və bunu da dəfələrlə sübut eləyib. Yetkin, çağdaş dönəmin çağırışlarına hazır olmayan xalq 1918-ci ildə Cumhuriyyət, o cür parlament qura bilməzdi, qadınlara azadlıqlar verə bilməzdi. Səksəninci illərin sonlarında SSRİ zəifləməyə başlayanda azərbaycan xalqı yenə də iradəsini ortaya qoydu, müstəqil, demokratik bir ölkə yaratmağa cəhd elədi. Nə dərəcədə alındı, bu, başqa məsələdi, amma cəhd olundu. Diqqət edin. Xalqımıza qarşı bu qədər zülmlər olur, xarici qüvvələr, qonşularımız tərəfindən terror həyata keçirilir, ancaq bu xalq terrora əl atmır. Dünyanın əksər xalqları terrora gedirlər, Azərbaycanda "Difai”dən başqa ki, "Difai” sözünün mənası "müdafiə” deməkdir – hansısa hərbi struktur yaradılıb? Döyüşmək iddiasında olan bir terror təşkilatı da olmayıb. Bu, xalqımızın nə qədər yetkin olmasından xəbər verir. Necə izah eləyim?

Azərbaycanda hakimiyyət zəbt edilib və bunun günahı xalqda deyil. Ayrı-ayrı siyasətçilərdə günah axtarmaq, ayrı-ayrı şəxsləri günahlandırmaq olar. Problem deyil, onsuz da belə eləyirlər. Amma bunu eləyən Rusiya imperiyasıdı. İmperiya imkan vermir ki, Azərbaycan müstəqil olsun. Tez-tez deyirlər ki, Rusiya olmasaydı, Ermənistan Azərbaycanın torpaqlarını işğal eləyə bilməzdi. Çox doğru deyirlər, ancaq mən bunu da əlavə eləyirəm ki, Rusiya faktoru olmasaydı, heç bir rejim Azərbaycanda hakimiyyəti qəsb eləyə bilməzdi. 1920-ci ildə qəsb elədilər və öz istədikləri hakimiyyəti yaratdılar. 1993-cü ildə də iyun qiyamını törətməklə özlərinə uyğun hakimiyyət formalaşdırdılar və xalqın azad yaşamasına, inkişaf eləməsinə imkan vermədilər.

Səbəb budur: ölkədə belə bir rejimin mövcudluğu və dünyanın bu cür rejimlərə enerji sərf eləməyə həvəsinin olmaması. Avropa niyə Rusiya ilə kəskin qarşıdurmaya girməməyə çalışır? Çünki ölmək və öldürmək istəmir. Haqlı olduğu məsələlərdə belə, nə ölməyə, nə də öldürməyə həvəsi yoxdu. Əslinə qalsa, Amerikanın da öldürməyə çox həvəsi yoxdu, orda bir hadisə olan kimi əlli nəfər xalqdan üzr istəməyə, təəssüflərini bildirməyə başlayır. Və ölməyə də həvəsləri yoxdu. Elə bir sistem qurublar ki, hər bir amerikalı əsgərin ölümü hadisəyə çevrilir.

– Onda Suriyada, İraqda nə işləri var?

– Bu da daimi suallardan biridir. Qonşuda hadisə baş verir, kişi daima arvad-uşağını döyür. Normal insan buna nə qədər dözə bilər? Əvvəl-axır müdaxilə eləməli olursan, müdaxilə eləyəndə də bir də görürsən, günahkar sən çıxırsan, səni tuturlar. Olur belə hadisələr. Suriyada, İraqda, Sudandakı kimi rejimlər yüzminlərlə insanı məhv eləyiblər. Bu da fəlsəfi bir sualdı ki, dünya buna dözməlidi, yoxsa müdaxilə etməlidi?

– Yəni siz deyirsiniz ki, ABŞ-ın Suriyaya, İraqa müdaxilə eləməyi sırf humanist mövqedən irəli gəlir?

– Yox, humanist mövqe deyil. Bu da başqa bir mürəkkəb və maraqlı mövqe, mövzudu. Hər kəs ətrafını özü kimi görmək istəyir. İntellektuallar intellektual adamlar istəyirlər, yeyib-içən oğlanlar yeyib-içən oğlanları və qızları sevirlər, davakar adamlar o tip adamlarla dil tapırlar. Dövlətlər də belədi. Rusiya çalışır ki, hər yerdə avtoritar rejimlər formalaşsın. Elə rejimlər Rusiyadakı avtoritar rejimlə asanlıqla dil tapır, tabe də olurlar, onların maraqlarını da nəzərə alırlar. Qərb isə çalışır ki, bütün dünyada demokratiya olsun. Çünki demokratik ölkələr onlar üçün rahatdı. Qərbin istədiyi, bütün ölkələr arasında eyni bir dilin danışılması, eyni dəyərlərin hakim olmasıdı.

Bu gün Avropa Birliyi mövzusu populyarlaşıb. Avropa Birliyi istəyir ki, postsovet məkanındakı Avropaya inteqrasiya olunmaq istəyən ölkələr öz qanunvericiliklərini Avropa qanunvericiliyinə uyğunlaşdırsınlar. Avropa da, Amerika da istəyir ki, bütün dünyada demokratik ölkələr olsun, qanunvericilik standartlaşsın, bir-birinə yaxınlaşsın, azad ticarət yaransın və proseslər bu şəkildə davam eləsin. Bu olmayanda, hansısa bir qüvvə buna qarşı çıxanda Amerikada müdaxilə tərəfdarları ilə əleyhdarları arasında mübarizə kəskinləşir, seçkilərdə hansı qüvvə qalib gəlirsə, o fəallaşır, başlayır Amerikanın dünyadakı arbitr rolunu tətbiq eləmək üçün çalışmağa. Bir müddət tənqid olunurlar, xalqdan etirazlar eşidirlər, çəkilirlər yenidən öz qabıqlarına. Sonra yenə də Amerikanın özündə müdaxilə istəyənlər, Amerikanın missiyasını qəbul eləyənlər fəallaşırlar və proses davam eləyir. Mən 2003-cü ildən bəri avropalılardan kimlə görüşmüşəmsə, hər zaman onlara demişəm ki, siz öz dəyərlərinizi müdafiə eləməsəniz, bu dəyərlər – ki, mən onları ümumbəşəri dəyərlər hesab eləyirəm – Azərbaycan kimi ölkələrə, Asiyaya, Afrikaya vəs. gəlməsə, bizim regionların adamları Avropaya gələcək. Bunu görməmək mümkün deyil. Demirəm ki, mən görürdüm, onlar yox. Sadəcə onlar problemlərin həlli üçün enerji sərf eləmək istəmirlər.

Amerika da belədir: Problem kəskinləşməyincə müdaxilə etməmək mövqeyi. Məsələn, indi Avropa mühacir problemini kütləvi şəkildə həll eləməyə, emiqrasiya ilə bağlı məsələləri dünyanın əsas mövzularından birinə çevirməyə məcbur olub. Deyəsən, mövzudan uzaqlaşdıq. Demək istədiyim odu ki, Amerika bütün dünyanın onlar kimi olmasını istəyir. Burda bizim xoşumuza gələn və gəlməyən məqamlar ola bilər. Bu, artıq başqa məsələdi. Ancaq bunu hakimiyyət təkbaşına həll etməməlidi, xalq azad bir şəkildə həll etməlidi. Hakimiyyət məsələni sərvətlər kimi, təbii imkanlar kimi monopoliyaya almamalıdı. Bilirəm ki, bu sözüm də mübahisə yarada bilər, amma Əfqanıstan kimi bir ölkədə seçkilər keçirilir, Səddam Hüseyn dönəmində yüzminlərin məhv edildiyi, Amerikanın ora müdaxiləsindən sonra daxili savaşların çıxdığı, xeyli problemlərin yarandığı İraq kimi bir ölkədə sonda iraq xalqı məsələləri seçki və dialoq yolu ilə həll etmək məcburiyyətində qalır. Yəni, tədricən, orda çağdaş dünyanın normaları oturuşmağa başlayır. Əslində, bu proses bütün ölkələrdə gedir, müxtəlif sistemli dövlətlər də öz dəyərlərini, yaxud da dəyərsizliklərini bütün dünyaya yaymağa çalışırlar. Buna qaçılmaz bir məsələ kimi yanaşmağa məcburuq.

– İsa bəy, tvitterdə yazmışdınız ki, biz hakimiyyəti dəyişmək istəyirik, Azərbaycan və kənarda bəzi qüvvələr müxalifəti dəyişmək istəyirlər. Sizcə, müxalifətin heç bir dəyişikliyə ehtiyacı yoxdur?

– Baxır hansı anlamda. Müxalifətin dəyişikliyə ehtiyacı dedikdə müxalifətin təkmilləşməsi, inkişafı nəzərdə tutulursa, buna əlbəttə ehtiyac var və hər bir müxalif qurum özü bunda maraqlı olmalıdı. Yox, əgər söhbət bir müxalifət partiyasının yerini başqa təşkilatın tutmasından gedirsə, bu, artıq təbii şəkildə, təşkilatların rəqabəti və ictimai rəy, xalqın səsi ilə həll olunmalıdır. Əslində, müxalifət hər iki mənada çox dəyişib. Tutaq ki, 25 il, ya da 15 il əvvəlki kimi deyil. Dəyişiklik gedir, sadəcə bəzən biz bunu diqqətə almırıq. İkincisi, vəziyyət dəyişməlidi ki, müxalifət köklü şəkildə dəyişsin. Vəziyyət dəyişməyib, axı?! Eyni rejim qalır, ölkəni korrupsiya ilə, monopoliyalarla, zorakılıqla, repressiyalarla, həbslərlə idarə eləyir. Həm ölkədaxili problemlər, həm Qarabağ problemi, həm kənar dövlətlərin Azərbaycana təzyiqi məsələsi – hamısı olduğu kimi qalır. Şərtlər dəyişmədiyi halda nəyisə dəyişmək həddindən artıq çətin görünür.

– Elə bil qapalı dairə alındı. Hakimiyyət dəyişmir deyə müxalifət də dəyişmir və əksinə.

– Müəyyən mənada elədi. Nə isə dəyişməlidi ki, proses getsin. Kimsə bunu dəyişə bilirsə, dəyişsin. Axı, müxalifət hakimiyyət deyil ki, "hansısa kreslonu tutublar, başqalarına imkan vermirlər” deyəsiniz. Bir ölkədə bir hakimiyyət olar və təəssüf ki, ölkənin problemlərini həll etmək, yaxud problem yaratmaq imkanı hakimiyyətdə olan qüvvədə olur. Müxalifət belə bir qüvvə deyil, axı?! Azərbaycanın, tutaq ki, 1993-dən bu günə qədər olan tarixini izləsəniz, müxalifətdə iki daimi qüvvə görəcəksiniz: Müsavat və AXCP. Üçüncü qüvvə hər zaman dəyişib. Eyni zamanda AXCP və Müsavat da xeyli cavanlaşıb. İndi "yaşlılar və cavanlar” deyirlər. Bu gün Müsavatı, əsasən, gənc nəsil idarə eləyir, Xalq Cəbhəsində də gənclər xeyli mövqelərə sahibləniblər. Bir lətifə var. Biri relslərin üstündə oturubmuş. Bir nəfər yaxınlaşıb ona deyir ki, bir az kənara çəkil, mən də oturum. On min kilometrlərlə uzanıb gedən bir relsdi, niyə o adam çəkilməlidi ki, sən də oturasan? Oturmaq istəyirsən, otur da.

Yəni sən rejimə qarşı müxalifət olmaq istəyirsənsə, sənə kim mane olur ki? Nə qədər partiyalar, təşkilatlar, nə qədər hərəkatlar yaranıb bu müddətdə? Əgər bu gün hansısa siyasətçi siyasət meydanına çıxıb öz çıxışları, davranışları ilə cəmiyyətin diqqətini cəlb eləsə, indiyə qədər populyar olan siyasətçilərdən daha çox reytinq toplasa, populyar siyasətçilər ona neynəyə bilərlər ki? Kimsə bir partiya qurub öz fəaliyyəti, addımları, cəsarəti ilə cəmiyyətin diqqətini cəlb eləsə, buna Müsavat Partiyası nə edə bilər? Cəbhə, ya da bir başqası nə edə bilər? Sözümün canı odu ki, biz gənclərin siyasətə gəlməyində maraqlıyıq. Bəzi gənclərin isə əsas mövzusu bizim siyasətdən getməyimizdi.

Yəni biz siyasətdən gedən kimi Əliyev rejimi gəlib hakimiyyəti gənclərlə bölüşməyəcək, axı?! O gənclər, o yeni təşkilatlar rejimlə mübarizə aparmaq istəyirlərsə, rejimlə mübarizə aparmalıdılar. Onlar, bizimlə mübarizə aparanda bizi də zəiflədə bilərlər, özləri də zəifləyərlər, ancaq hakimiyyəti gücləndirəcəklər. Ancaq onlar rejimlə mübarizə aparanda, biz də rejimlə mübarizəmizi davam etdirəndə rejim zəifləyəcək və müxalifət düşərgəsi güclənəcək. Bu, çox sadə bir həqiqətdi.

– Fazil Say, Əkrəm İmamoğlunun qələbəsi ilə bağlı yazdığı bir şərhində bu qələbəni təmin eləyən bir neçə amili sadalamışdı. İlk bənd bu idi ki, indi "kristal nəsil” deyilən bir nəsil yetişib. O, əsasən, 2000-lərdə doğulanlar ibarətdi. Artıq səsvermə yaşına çatmış bu "kristal nəsil” həddindən artıq liberaldı. CHP də artıq başa düşüb ki, yeni, fərqli bir nəsil gəlir və onları qazanmaq lazımdı. Odur ki, onlara xitab eləyən namizədlər, liderlər önə çıxardırlar. Yəni cəmiyyət bütün hallarda dəyişir. Bu, qaçılmaz prosesdi.

– Sizin dediyinizlə mənim dediyim arasında bir ziddiyət yoxdu. Sadəcə başqa nümunələrdən danışırıq. Türkiyədə bir daha təsdiq olundu ki, bütün narahatlıqlara baxmayaraq, orda demokratiya, azadlıqlar var imiş. Mən buna inanırdım və bir daha təsdiqləndi. Seçki oldu və xalq öz seçimini elədi. Azərbaycanda bu seçki yoxdu. Mənim də dediyim odu ki, siyasi qüvvələr əsas hədəf kimi bir-biriylə mübarizəni seçməməlidilər. Əsas hədəf hakimiyyətə qarşı və öz dəyərlərimiz uğrunda mübarizə olmalıdı. Əvvəl-axır Azərbaycanda da normal seçki keçiriləcək. Kim doğru qərarlar veribsə, kimin proqramı və nizamnaməsi daha düzgündüsə, kimin şüarları cəmiyyəti daha çox maraqlandırırsa, kim gənclərlə daha yaxşı işləyə bilibsə, həmin qüvvənin seçkidə qalib gəlmək şansı daha çox olacaq. İndi Azərbaycanda azad seçki, müstəqil sosioloji araşdırma mərkəzləri yoxdu.

İndi Azərbaycanda insanların sərbəst şəkildə toplana, görüşlər keçirə bilmələrinə imkan verilmir. Və bu şəraitdə "kim daha nüfuzludu, kim daha hörmətlidi” mövzusunda müzakirə aparmaq bir az mənasını itirib. Nə zaman o azadlıqları bərqərar edə bilərik, o zaman reytinqlərlə, exitpollarla və ən əsası, seçkilərlə müəyyənləşər ki, xalq kimi istəyir. O da gələr hakimiyyətə. O zaman heç kimin deməyə bir sözü olmayacaq. Ona görə də, mən indi yaşlı nəsil belə gəldi, gənc nəsil elə getdi, yeni qüvvə belə gəldi, köhnəsi belə getdi tipli söhbətləri mənasız hesab eləyirəm. Bu, enerjinin daxilə yönəlməsi kimi təhlükəli bir haldı. Enerji daxilə yönəlməməlidi, inkişafa yönəlməlidi.

– Bəs niyə bu sadə həqiqəti görmürük, konkret hədəfə kilidlənmək yerinə bir-birimizlə didişirik?

– Bu, insan təbiətidi və qaçılmaz bir şeydi. İstənilən şəraitdə insanlar bir-biri ilə yarışacaqlar. Sənət aləmində elə deyilmi? Yaradıcı insanlar bir-biri ilə mübarizə aparmırlarmı? Didişmə, rəqabət bütün sahələrdə var, təkcə siyasətdə yox. Müəllimlər də bir-biriylə rəqabət aparırlar, daha çox dərs, daha yaxşı sinifləri götürmək, daha yaxşı şəraitə malik olmaq uğrunda. Həkimlər arasında da yarış var, çəkməçilər də bir-biriylə yarışırlar. Siyasətdə də belədi. Partiyalar, siyasi qüvvələr rəqabət aparanda, əslində, cəmiyyətin daha çox xoşuna gəlməyə, cəmiyyətin daha çox gözlədiyi davranışları, nümunələri ortaya qoymağa, digər partiyadan daha uğurlu layihələr yaratmağa çalışırlar. Bu, yarışdı, olacaq və qorxmağa səbəb yoxdu. Sadəcə azadlıqlar olmalıdı.

Əslində, müxalifətdaxili ziddiyətlər kimi görünən məsələlərin kəskinləşməsinin günahkarı, nə qədər qəribə də olsa, yenə hakimiyyətdi. Çünki hakimiyyət bu repressiv tərzi davam etdirməsəydi, insanların bərabər siyasi rəqabət aparmasına imkan versəydi, tamam başqa mənzərənin şahidi olardıq. Yəni necə izah eləyim? Məsələn, mən 2003-cü ildə prezident seçilmişəm. Pis halda 2008-ci ildə seçilməyəcəkdim, başqa bir namizəd seçiləcəkdi mənim yerimə. Yaxşı halda, 2008-ci ildə təkrar seçilsəydim, 2013-də prezidentlik müddətim başa çatacaqdı. Artıq o zaman sizin tam şəkildə əsasınız olacaqdı deyəsiniz ki, İsa Qəmbər, prezident də oldun, başqa nə istəyirsən, otur memuarını yaz. Yəni demək istəyirəm ki, tanınmış siyasətçilər bir müddət, iki müddət prezident olacaqdılar, deputat, nazir, bələdiyyə başqanı olacaqdılar. Sonra gedəcəkdilər, onların yerinə yeni nəsil gələcəkdi. Bu da partiyalara gənclərin yerləşməsinə, axınına şərait yaradacaqdı. Gənclər görəcəkdilər ki, müxalifətdə olanda da cəmiyyətin diqqətini cəlb eləmək, həbs, işgəncə təhlükəsi olmadan yaşamaq mümkündü və proses davam eləyəcəkdi.

"Əslində, müxalifətdaxili ziddiyətlər kimi görünən məsələlərin kəskinləşməsinin günahkarı, nə qədər qəribə də olsa, yenə hakimiyyətdi"

Yeni elitanın formalaşması üçün normal proses, imkanlar olacaqdı. Hakimiyyət bu imkanların hamısını xalqın əlindən alıb. Onlara ləbbeyk deyən yaltaqları, onların əxlaq normalarını, oyunlarını qəbul eləyən adamları vəzifələrə yerləşdiriblər. Bəziləri onillərlə o vəzifədə qalır. Getmirlər və cəmiyyətdə elitanın yenilənməsinə imkan vermirlər. Müxalifətdaxili gərginliyin əsas səbəblərindən biri, bəlkə də birincisi budu.

– Bu səbəb bir az Freydin "tətmin olmamaq”, "doyumsuzluq” anlayışlarını xatırlatdı mənə. Yəni müxalifətdə yenilənmə, dəyişiklik baş vermir, çünki burda tətmin olunmamış, arzusuna çatmamış bir nəsil var – hansı ki, proses demokratik qaydalara uyğun getsəydi, deputat, prezident seçiləcəkdi.

– Müqayisə eləmək sizin hüququnuzdu. Ancaq mən birbaşa müqayisəni qəbul eləmirəm.

– Mən mübahisə eləmirəm, sadəcə anlamağa çalışıram.

– Freydlə də, Yunqla da, başqaları ilə də müqayisə eləyə bilərsiniz. Anlamağa çalışırsınızsa, mənim məntiqimdəki səhvi tutun. Əgər 93-cü ildə hakimiyyəti ələ keçirmiş qüvvə hakimiyyəti monopoliyaya çevirməsəydi, ölkədə azad, ədalətli seçkilər – 95-ci ilin seçkiləri, 2005, 2010, 2015- beş dəfə parlament seçkisi – keçirilsəydi, görün, nə qədər müxalifət nümayəndələri, müstəqil insanlar deputat olacaqdılar?! İki-üç dəfə prezident dəyişəcəkdi, yoxsa yox? Və dəyişdikcə yeni adamlara, gənclərin bu təşkilatlara gəlməsinə imkanlar yaranacaqdı, yoxsa yox?! Məsələn, bu gün REAL-a üzv olan fəalların bəziləri Müsavatın, bəziləri AMİP-in, bəziləri Cəbhənin keçmiş üzvləridi. Əgər demokratik şərait olsaydı, düşünmürəm ki, həmin adamlar gedib başqa bir partiya qurardılar.

Təbii ki, ola bilər, hər şeyi proqnozlaşdırmaq mümkün deyil. Yenə də deyirəm, müqayisə eləmək sizin hüququnuzdu, amma məsələ tətmin olunmaqda deyil. Ona qalsa, heç kim hakimiyyətdən tam tətmin olmur. Hakimiyyət elə bir imkandı ki, ora gedib çıxan adamlar heç cür ondan imtina eləmək istəmirlər. Ona görə də, mən bu müqayisəni qəbul eləmirəm. Söhbət ondan gedir ki, azad, ədalətli seçkilərdə bir adam iki dəfə deputat olandan sonra onun üçüncü dəfə seçilməyi elə də sadə məsələ deyil. İnsanlar hakimiyyətlərdən yorulurlar. Özü də, təkcə pis hakimiyyətlərdən yox, yaxşı hakimiyyətlərdən də yorulurlar.

Hesab eləyirəm ki, o proses getsəydi, müxalifətdaxili ziddiyətlər daha yaradıcı və daha gələcəyə yönəlik olacaqdı. İndiki şəraitdə isə yenə də problemin həlli azadlıqdadı. Başqa şəkildə həllini heç kim gözləməsin. Normal ölkədə normal inkişaf gedir. Anormal ölkədə isə insanların inkişafının qarşısı alınır, şüurlar, mənəviyyat zədələnir, ciddi mənəvi-psixoloji problemlər yaranır.

– Müxalifətdaxili ziddiyətlər demişkən, Müsavatın AXCP-Real didişməsinə münasibəti necədi?

– Müsavat dəfələrlə fikrini bildirib. Avropaya inteqrasiya tipli mövzularla bağlı Müsavatın mövqeyi yüz ildi ki, bəllidi. Yüz il əvvəl Müsavat Partiyası yarananda bayrağımızda demokratiyanın, avropalaşmağın rəmzini əks etdirib və Avropaya inteqrasiya üçün cəhdlər göstərilib. Biz bu xətti indi də davam etdiririk. Ancaq indi suallar bir az düzgün qoyulmur. Dirəşiblər ki, siz Avropa Birliyi ilə sazişin imzalanmasını istəyirsiniz, yoxsa imzalanmamasını? Düzgün sual deyil. Belə təqdim eləyirlər ki, REAL sazişin imzalanmasını istəyir, AXCP imzalanmamısını. Ancaq bu, düzgün deyil. REAL istəyir ki, sənəd imzalansın, AXCP istəyir ki, yaxşı sənəd imzalansın.

Müsavata gəldikdə, biz bu sənədin imzalanmasını REAL-dan çox, yaxşı sənəd imzalanmasını cəbhədən çox istəyirik. Biz istəyirik ki, bu mövzuda tam şəffaflıq olsun, layihə imzalanmadan əvvəl xalqa açıqlansın. İstəyirik ki, sənəddə qeyd edilən razılaşmaların gerçəkləşəcəyinin təminatı olsun. Çünki biz müsavatçıyıq, bu yol bizim yolumuzdu. Ona görə də, bizim mövqeyimiz burda aydındı. Əslində, yəqin ki, bütün Azərbaycan demokratik ictimaiyyəti sənədin yaxşı sənəd olmasını, sənəddə insan haqları, demokratiya məsələlərinin, Azərbaycanın ərazi bütövlüyü məsələsinin dolğun şəkildə əks etdirilməsini istəyir.

– İsa bəy, axırıncı əfv fərmanından sonra cəmiyyətdə əməlli-başlı islahat eyforiyası yaşandı. Bizdəki kimi rejimlərdə belə 180 dərəcə dönüş nə qədər mümkündü, ümumiyyətlə, mümkündümü?

– Bu hakimiyyət könüllü şəkildə heç bir islahata, heç bir dəyişikliyə getməyəcək. İslahat adına atılan ən kiçik addımlar belə, onlar üçün iki problem yaradır. Birincisi, korrupsiya, sərvət toplamaq imkanlarını məhdudlaşdırır. Bu, onlar üçün qeyri-mümkün görünür. İkincisi, hakimiyyətin dəyişməsinə yol açır. Ona görə də, onlar könüllü şəkildə bu addımları atmayacaqlar. Ancaq məcburi şəkildə eləyə bilərlər. Və bu məcburiyyət də iki amildən yarana bilər. Ya ölkədaxili müqavimətin, cəmiyyətin, xalqın müqavimətinin güclənməsi hakimiyyəti dəyişməyə doğru addımlar atmağa sövq eləyə bilər, ya da beynəlxalq birliyin təzyiqləri, birmənalı tələbləri və onların qarşılarına şərtlər qoymaları.

Məsələn, xatırlayırsınızsa, 2015-ci ildə manatın devalivasiyasından sonra 2016-cı ilin əvvəlində cəmiyyətdə gərginlik yarandı, Azərbaycanın müxtəlif bölgələrində hərəkətlənmələr, aksiyalar oldu və hakimiyyət korrupsiyanı bir neçə həftəliyə dayandırdı. Məmurlara açıq şəkildə deyilmişdi ki, camaatı incitməyin, rüşvət almayın, qoy görək, nə olur. Səhv eləmirəmsə, bu, cəmi bir-iki ay davam elədi, ya yox. Rüşvət almırdılar. Məmurlar məcbur olanda problemi həll eləyirdilər, məcbur olmayanda deyirdilər ki, qoy qalsın, sonra baxarıq. Çünki rüşvət almaq şansını itirmək istəmirdilər. Amma bir balaca vəziyyətə nəzarəti ələ keçirəndən sonra yenə də əvvəlki şəkildə davam elədilər.

Bu situasiyaya qlobal nümunə kimi İranı göstərmək olar. Şahbanu Fərəh xatirələrində birəbir Azərbaycandakı vəziyyəti təsvir eləyir. Mən Akademiyada işləyəndə İran İslam inqilabını araşdırırdım, ona görə də o dövrü bilirəm və onu təkrar-təkrar xatırladıram dostlara. Bəzən ictimai çıxışlarımda hakimiyyətə də eşitdirirəm. 78-ci ilin yanvarında İranda inqilabi proses, xalq hərəkatı başlandı. 1979-cu ilin yanvarında İran şahı ölkəni tərk elədi. Guya müvəqqəti gedirdi, amma qayıda bilmədi. Ölkəni tərk eləmək ərəfəsində müxalifətin ən məşhur simalarından biri olan Şahpur Bəxtiyarı baş nazir təyin etdi, ona bütün imkanları, səlahiyyətləri verdi. Ki, nə istəyirsən elə, cəmiyyəti sakitləşdir, inqilabı yatırt. Şahpur Bəxtiyar cəmiyyətdə hörməti, nüfuzu olan müxalifətçi idi və baş nazir olduğu qısa müddətdə inqilabın, xalqın, hətta müxtəlif siyasi təşkilatların, qurumların nə tələbləri vardısa, hamısını ya yerinə yetirdi, ya da yerinə yetirəcəyinə söz verdi. Buna baxmayaraq, cəmiyyət sakitləşmədi. Cəmiyyətin yekdil fikri o idi ki, artıq gecdi, sən də çıx get, şah da getsin, bizə lazım deyilsiniz. Ancaq şah bu güzəştlərə, məsələn, bir il sonra yox, üç ay, altı ay əvvəl getsəydi, bəlkə də öz rejimini bir şəkildə ya saxlaya bilərdi, ya da uzada bilərdi. Ya da daha liberal bir dövlət modelinə keçmək şansı ola bilərdi.

Mən belə görürəm ki, Azərbaycandakı indiki hakimiyyət də cəmiyyətlə hesablaşmaq istəmir. Və mən hesab eləyirəm ki, gün gələcək, bu dəfə təkcə daxili, ya da təkcə beynəlxalq birliyin mövqeyinə görə yox, beynəlxalq birliyin mövqeyi ilə daxildə cəmiyyətin müqavimət gücünün artması hesabına hakimiyyət xalqla barışmağa məcbur qalacaq, amma onda xalq barışmayacaq. Çünki xalq yarımtonlarda fəaliyyət göstərmir. Xalq ya tabe olur, ya da tam şəkildə dəyişir. Yarımtonları siyasətçilər oxuya, nəzərə ala bilərlər. Bir söz də deyim. Məsələn, həmin ərəfədə Azərbaycan hakimiyyəti müxalifətlə, ya da onun hər hansı bir qanadı ilə razılaşmaya getmək istəsə, burda Şahpur Bəxtiyar variantı olsa, xalqın müqavimət gücünün, tələbkarlığının qabağında dayanmağa o siyasi qüvvənin də gücü çatmayacaq. Hansı siyasi qüvvə hakimiyyətlə razılaşmaya nail olmağa çalışsa, cəmiyyət rejimlə birlikdə həmin siyasi qüvvəni də süpürüb atacaq.

Ona görə də, hakimiyyətin indi hələ ki şansı var. Nə qədər qəribə də olsa, indi hakimiyyət müxalifətdən güclü görünsə də, olsun. Hakimiyyət, məhz, indi müxalifətlə və müxalifətin simasında cəmiyyətlə, xalqla dialoqa getməlidi, barış axtarmalıdı. Bunu indi eləməsə, sabah xalq, bu hakimiyyətdən güclü olanda barışı qəbul eləməyəcək. Bizim xalqımız müdrik xalqdı, qəddar deyil, ancaq o, ayağa qalxanda iradəsini ortaya qoyacaq və onun qarşısında heç bir qüvvə dayana bilməyəck.

Siz soruşdunuz ki, bu hakimiyyətdən islahat gözləmək olarmı? Mənim cavabım budur: bu hakimiyyətin portreti göstərir ki, o, islahatın zərurətini dərk eləmir və indiki mərhələdə buna getməyəcək. Mənim gördüyüm budu. Ancaq təki mən yanılım və hakimiyyət indi səhvini başa düşüb xalqla yaxınlaşmağa çalışsın, dialoqa doğru addım atsın, məsələ də normal şəkildə, tədrici, sürətli inqilabi təkamül yolu ilə həll olunsun.

– Azərbaycanda gedən "Taxt-tac oyunları”nın sonunu necə görürsünüz?

– Proqnozum birmənalıdı: Azərbaycan demokratikləşməyə məhkumdu və bunun qarşısını heç kim ala bilməz. Nə rejim, nə də bir başqa qüvvə. Həm Azərbaycan xalqı buna hazır, layiq və qadir olduğuna görə, həm də dünyadakı tendensiyalar da bu istiqaməti göstərdiyinə görə. Dünyada proseslər bu istiqamətdə gedir. Biz Qərbi ikiüzlülükdə, ikili standartlar yürütməkdə, öz maraqlarını güdməkdə vəs. ittiham eləyirik, hətta cəmiyyət bizdən də çox ittiham eləyir.

Amma dünyanın son yüzillik tarixini götürün. Yüz il, altmış il, iyirmi il əvvəl və bu gün demokratik ölkələrin sayına, dünyada demokratiyanın yayılması mənzərəsinə baxın. Görəcəksiniz ki, nə qədər çətin, nə qədər ziqzaqlı da olsa, inkişaf prosesi davam eləyir və davam eləyəcək. Eyni şəkildə də demokratiya üstün xətdir. Yəni dəfələrlə deyildiyi kimi, demokratiya yaxşı bir şey deyil, ancaq bəşəriyyət ondan yaxşısını düşünüb tapa bilməyib. Ona görə də, bu, qaçılmazdı və Azərbaycanda da olacaq. Azərbaycanda da hakimiyyət dəyişəcək. İnşallah, dinc yolla dəyişəcək və xalqın iradəsi gerçəkləşəcək.

Söhbətləşdi: Aygün Aslanlı