"Bu icra hakimiyyəti nəyə gərəkdir?" - Goranboyda müəmma

23-05-2016 11:21 / Bu xəbər 739 dəfə oxundu

Goranboyda üç məmur hegemonluq edir.

Vizual.Az-a verilən xəbərə görə, icra başçısı Nizaməddin Quliyev, müavinləri - Elçin Cahangirov və Elçin İsmayılov büdcə vəsaitlərin qeyri-şəffaf xərclənməsi əməliyyatını birgə həyata keçirib. Rayon rəhbərliyi bu maxinasiyaları sabiq müavin Elnarə Yusifovanı işdən kənarlaşdırandan sonra daha arxayın şəkildə reallaşdırıb.

Hazırda onun yerinə Mirvari Ağamalıyeva təyin olunub. Bu da N.Quliyev E.Cahangirov və E.İsmayılov triosuna əlverişli imkan yaradıb. Çünki Yusifova adıçəkilən məmurlara başağrısı idi. Sabiq müavin işdən çıxarılandan sonra modern.az-a bildirmişdi ki, tabeliyində olan müəssisələrdə yoxlamalar aparmışdı: "İşlərində səhvlər aşkarlamışdım.

İşlərində olan nöqsanların aradan qaldırılması istiqamətində hər hansı nəticə əldə edə bilmədim və ərizə yazıb işdən ayrıldım. Ümumiyyətlə, hesab edirəm ki, işləyərkən tabeliyimdə olan müəssisələrdə nöqsanlar bundan sonra heç düzəlməyəcək. Əgər bu nöqsanların heç olmazsa 20 faizi həll olunmursa, o zaman bu işi aparmaq nəyə lazımdır, bu icra hakimiyyəti nəyə gərəkdir? Bu məsələlər icra başçısı ilə də müzakirə olunub və nəticəsiz qalıb. Belə olan halda isə mən ərizəmi verdim və ayrıldım”.

İcra başçısının yanında müavinindən yaxın bir kadr ola bilməz və Yusifovadan yaxşı kimsə bu nöqsanları bilə bilməz. O da öz növbəsində icra başçısını ifşa edib. Görünür, Quliyev həmin səhvlərin üzə çıxarılmasına etiraz edib və nəticədə xanımı işdən çıxarmalı olub.

Vizual.az-a gələn məlumatlara görə, indi daha rahat işləmək fürsəti yaranıb. Sadəcə, 2014-cü ildən sonra Goranboyun büdcəsinə vəsait ayrılmayıb. N.Quliyev sərt şəkildə cəzalandırılıb. İş adamı Müqayis Verdiyevlə qalmaqaldan sonra icra başçısının nüfuzu ciddi zərbə alıb.

Ölkə rəhbərliyinin qəzəbinə tuş gələn Goranboy RİH-nnin hansı vəziyyətlə üzləşdiyini görmək üçün son hesabat tədbirinə nəzər yetirmək kifayətdir. 2015-ci ilin yekunu və 2016-cı ilin qarşısında duran vəzifələrlə bağlı hesabatı oxuyanda məlum olur ki, RİH bu işlərin görüləcəyinə ümid edir. Hesabat mətnini diqqətlə oxumaq bəs edir ki, rayon rəhbərliyinin halını anlayasan.

Məsələn, bir sitat: "2014-cü il oktyabrın 18-də cənab Prezident Goranboy rayonunda olarkən rayon Mərkəzi xəstəxanası üçün yeni binanın tikintisi barədə tapşırıq vermişdir. Ümid edirik ki, yaxın vaxtlarda tikintiyə başlanacaqdır”. Bu fakt vəziyyəti tam ifadə edir və linkdə hesabatla yaxından tanış ola, nəticə çıxara bilərsiniz.

Arqument.Az