Bu il də Gül bayramı keçirilmədi

Bu il də Gül bayramı keçirilmədi

10-05-2018 14:37 / Bu xəbər 2338 dəfə oxundu

Keçmiş prezidentin yubileyi qeyd olunur

Mayın 10-da keçmiş prezident Heydər Əliyevin 95-ci doğum günüdür. O, 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

İlk iş yeri Naxçıvanda ozamankı Dövlət Təhlükəsizlik Komitəsi (DTK) olub. 1964-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası DTK-sının sədr müavini təyin edilib.
1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətirilib.

1969-82-ci illərdə Azərbaycana rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) rəhbərliyinə aparılaraq, Sov.KP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilərək siyasi fəaliyyətdən kənarlaşdırılıb.

Ölkədə 1988-ci ildən başlayan milli-azadlıq hərəkatını boğan Kremlə etiraz olaraq, o, 1990-cı ildə Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib.

Daha sonra Azərbaycana qayıdıb. 1991-ci ildə Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb. Elə həmin il Azərbaycan Ali Sovetinə deputat seçilib.

O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

H.Əliyev 1992-ci ildə bir qrup tərəfdarı ilə Yeni Azərbaycan Partiyasını təsis edib.

1993-cü ilin iyununda polkovnik Sürət Hüseynovun Gəncədə hökumət və dövlət strukturlarına itaətsizliyindən sonra yaranan böhranla bağlı H.Əliyev Bakıya dəvət edilib. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilib.

Həmin dövrdəki prezident Əbülfəz Elçibəy paytaxtı tərk edib doğulduğu Kələki kəndinə getdikdən sonra, iyulun 24-dən H.Əliyev Milli Məclisin qərarı ilə dövlət başçısı səlahiyyətlərini icra edib. 1993-cü ildə isə prezident seçilib və S.Hüseynovu Baş nazir təyin edib.

Həmin il iyulun 23-də Ağdam, avqustun 23-də Füzuli və Cəbrayıl, avqustun 31-də Qubadlı, oktyabrın 29-da Zəngilan rayonları Ermənistan ordusu tərəfindən işğal olunub.

H.Əliyev 1998-ci ildə də prezident seçkilərindən qalib çıxıb.

2003-cü ildə səhhətində yaranmış problemlərlə əlaqədar prezident seçkilərində iştirakdan imtina etdiyi barədə məlumat yayılıb. Əvəzində hakimiyyətə oğlu İlham Əliyev gəlib.

Əvvəlcə Türkiyədə, sonra ABŞ-da müalicə aldığı bildirilən Heydər Əliyevin 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend Klinikasında öldüyü xəbəri yayılıb.

2003-cü il dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Dövlət başçısı İlham Əliyev atası, keçmiş prezident Heydər Əliyevin məzarı önünə əklil qoyub.

2004-cü ildən Heydər Əliyevin doğum tarixi – 10 may ölkədə Gül Bayramı kimi qeyd olunub. Ötən illərdə həmin bayrama milyonlarla vəsaitin xərcləndiyi bildirilir. 2014-cü ildə hazırlanmış bir jurnalist araşdırması ilə müəyyənləşib ki, ötən 10 ildə Gül bayramına 150 milyon manat xərclənib.

2016-cı ildən bu bayram qeyd olunmur. Bu tarix həmin ilin aprelində Qarabağda baş vermis döyüşlərdə həlak olan hərbçilərin 40 mərasiminə təsadüf etdiyindən bayramın iməciliklə əvəzləndiyi bildirildi.

Elə həmin ilin 10 may tarixində ölkənin iki fəal gənci – Qiyas İbrahimov və Bayram Məmmədov həbs ediliblər. Onlar narkotik ittihamı ilə suçlanıblar. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində «Qul bayramınız mübarək!» yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.

"Amnesty International" təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.
 
Meydan.Tv