"Bu məsələ Avropa Məhkəməsində hökumətin əleyhinə işləyəcək" - Hüquqşünas

09-05-2018 16:07 / Bu xəbər 2123 dəfə oxundu

Azərbaycanda külli miqdarda vəsait çıxararkən saxlanılan İsveçrə vətəndaşı sərbəst buraxılıb.

Bu barədə Lent.az məlumat yayıb. 

22 mart 2018-ci il tarixdə hava limanında saxlanılan İsveçrə vətəndaşı C.P-nın vəkili Məhəmməd Quluzadə deyib ki, xarici ölkə vətəndaşı barəsində başlanmış cinayət işinə xitam verilib. 

O deyib ki, İsveçrə vətəndaşı C.P. Bakıda keçiriləcək Formula-1 yarışı üçün premium biletlər almaq məqsədi ilə ölkəyə 20 min avro nəğd pul gətirib və biletləri almaq mümkün olmadıqda həmin vəsaiti özü ilə ölkəsinə geri aparmaq istəyərkən gömrük orqanları tərəfindən saxlanılıb: 

"İstintaq araşdırması zamanı İsveçrə vətəndaşının heç bir pis niyyəti olmadığı, gömrük qaydalarını bilmədiyindən bu vəsaiti şifahi bəyan etdiyi aşkar edilib. Ölkə rəhbərliyinin dəstəyi ilə açılmış cinayət işinə xitam verilib və qeyd edilən vəsait şəxsə geri qaytarılıb. Obyektiv araşdırma və ölkə rəhbərliyinin dəstəyinə görə İsveçrə vətəndaşı və onun valideynləri dərindən təşəkkür edirlər”.

Saxlanılan şəxs İsveçrə ilə yanaşı, Fransa və İtaliyanın da vətəndaşı olub.

Hüquqşünas Ələsgər Məmmədli İsveçrə vətəndaşına Bakıda açılan cinayət işinə xitam verilməsini Toplum.Tv-yə şərh edib. 

O bildirib ki, ortada ciddi qanun pozuntusu var: "İsveçrə vətəndaşı külli miqrarda vəsaiti 20 min avronu ölkədən bəyan etmədən çıxararkən yaxalanıb, sonra pulu da qaytarılıb, özünü də buraxıblar gedib. Vəkili də qeyd edib ki, bu şəxs sadəcə pul çıxarmaq istəmirmiş, hətta o daha öncə də qanunu pozaraq, 20 min avronu bəyan etmədən ölkəyə gətirmişimiş. Yəni ikiqat qanunu pozduğu məlum olur”.

O vurğulayıb ki, bu şəxsə qarşı cinayət işi açmayıblar: "Buraxıblar gedib. Hətta ölkə hüquq müdafiə qurumları qanuna o qədər "hörmət” edirlər ki, onun adını və soyadını şərti olaraq göstəriblər. Sadəcə iki hərflə”.

Ə. Məmmədli deyib ki, təxminən bir il öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı guya hər biri 10 min avronu bəyan etmədiklərinə görə həbs olunub, həbsxanaya göndəriliblər. 

"Həm də nə az, nə çox biri 3 il. Digəri 6 il azadlığını 10 min avronu bəyan etmədiyi üçün itirib. Gözəl Bayramlı və Əfqan Muxtarının üzərində tutulduğu iddia edilən vəsaitin bütünü həcmində vəsaiti öncə bəyan etmədən ölkəyə gətirən, sonra da ölkədən çıxararkən üstündə tutulan və cinayət işi açılmalı olan şəxs pulu da cibinə qoyularaq, əl-qolunu sallaya-sallaya ölkədən yollana bilir və buna görə də üstəlik utanmadan təşəkkür edir”, - hüquqşünas bildirib. 

Onun fikrincə, bu məsələ Avropa Məhkəməsində fakt kimi hökumətin əleyhinə işləyəcək: "Əslində, bu təşəkkürlə də məhkəməyə, hüquq muhafizə orqanlarına siyasi müdaxiləni bəyan edir və eyni zamanda cinayət işinin açılıb-bağlanmasının siyasi müdaxilələrlə olduğunu göz önünə sərgiləyir. Avropa Məhkəməsində bu işlərin kommunikasiyasında lazımlı fakt olacaq bu yanaşma”.

Gülzar N. Məmmədli