"Bu, səhv yoldur" - ŞƏRH

06-06-2017 02:23 / Bu xəbər 2124 dəfə oxundu

Turizm agentliklərinə nağd ödəniş qadağan edilir. Belə ki, turizm agentliklərinə ödəmələr yalnız nağdsız qaydada həyata keçiriləcək. Bununla bağlı "Turizm haqqında” Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə dəyişiklik təklif edilib. 

Layihə Əmək və Sosial Siyasət, Hüquq Siyasəti və Dövlət Quruculuğu, İnsan Hüquqları Komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bəs, görəsən, bu dəyişiklik turizmin inkişafına necə təsir edəcək?
 
"Azərbaycanda turizm fəaliyyəti ilə bağlı çox ciddi maneələr var”.
 
"Azərbaycan bu sahənin inkişafında o qədər də maraqlı deyil"

Bunu turizm üzrə ekspert Ülvi Həsənli Toplum Tv-yə açıqlamasında qeyd edib. 

Onun sözlərinə görə, bu ödənişlərin kart hesablarına keçirilməsi problemdir: "Azərbaycanda turizm fəaliyyəti ilə bağlı çox ciddi maneələr var. Turizmin inkişafı ilə bağlı bu maneələr aradan götürülməkdənsə, əksinə əlavə problemlər yaradılır. Turizm agentliklərində olan ödənişlər getmə turizmlə bağlıdır. Ona görə də ödənişlər adətən xarici valyutada olur. Bu ödənişlərin kart hesablarına keçirilməsi problemdir. Son dövrlər fiziki şəxslər belə kart hesablarına pul qoymaqda çətinlik çəkirlər. Azərbaycan bu sahənin inkişafında o qədər də maraqlı deyil. Maraqlı olsaydı, birinci növbədə, gəlmə turizmi inkişaf elətdirərdilər, ikinci növbədə tam azad bazar mövcud olardı. Amma biz bunların heç birini görmürük. Turizm şirkətlərinin nümayəndələri də bu vəziyyətdən razı deyil”.
 
"Azərbaycanda hakimiyyət elə bilir ki..."

İqtisadçı Natiq Cəfərli isə açıqlamasında nağdsız ödənişləri həyata keçirmək üçün insanları buna öyrətmək lazım olduğunu vurğulayıb:
 
"Azərbaycan hökuməti, deyəsən, qadağalardan başqa heç nə bilmir. Dünyada hökumətlərin əlində həmişə, obrazlı desək, qamçı ilə yanaşı kökə də olur. Yəni həm qadağalarla, həm də təşviqlərlə hərəkət edirlər. Amma Azərbaycan hökuməti nədənsə bütün qərarlarda ancaq qadağa yolunu tutur, stimullaşdırmağı unudur. Nağdsız ödənişləri stimullaşdırmaq lazımdır və uzun illər insanlara bunu öyrətmək lazımdır. Bank sistemi, onlayn ödəniş sistemi və s. buna hazır olmalıdır. Dəfələrlə qeyd etmişik ki, insanların baxışı dəyişmədən, sosial çarxlar vasitəsi ilə insanlar  təşviq edilmədən ancaq qadağalar yolu ilə hər hansı bir addımların atılması həmişə əks təsir göstərir. Bu addım da turizm şirkətlərinə böyük problemlər yaradacaq. Çünki insanların belə alışqanlığı yoxdur. Nağdsız ödənişləri həyata keçirmək üçün insanları buna öyrətmək lazımdır. Elə ölkələr var ki,  5 il, 8 il, 10 illik keçid dövrü elan etdikdən, nağdsız ödənişlərin təşviqindən sonra buna nail oa biliblər. Azərbaycanda isə hakimiyyət elə bilir ki, qadağalar yolu ilə nailiyyət qazanmaq olar. Bu, səhv yoldur".
 
Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Alya A.