"Bu təhsil formasını bizimkilər kəşf edib" - Ekspert

17-05-2017 17:32 / Bu xəbər 1395 dəfə oxundu

Dövlət İmtahan Mərkəzi (DİM) 16 may 2017-ci il tarixində respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirmə qərarı verib. 

Bununla da universitetlərə hazırlaşan abitiriyentlərin ay yarım ərzində verəcəyi imtahanın sayı beşə, üç ay ərzində isə yeddiyə yüksəlib.

Bəs bu monitorinq imtahanlarının məqsədi nədir? Nəyə görə qısa zaman ərzində abiturientlər bu qədər imtahan verməlidirlər? 

Kamran Əsədov: "Dünya təhsil sistemində belə təhsilalma forması müəyyən edilməyib”
Təhsil eksperti Kamran Əsədov məsələyə öz feysbuk hesabında münasibət bildirib: "Bu monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. Mənə bu qaranlıq qaldı ki, ilin-günün bu vaxtı nə monitorinq imtahanıdır? Axı bunlar təhsillərini başa vururlar. Bundan başqa həmin onbirincilər aprelin 30-u və mayın 7-si qəbul imtahanı veriblər. Əlavə olaraq mayın 27-si və iyunun 11-i sınaq, iyun ayında buraxılış, iyul ayında yenidən qəbul imtahanı verəcəklər. O imtahan sualları ilə istədiyiniz monitorinqi aparında. Yazıq abituriyentləri 2 ay ərzində bu qədər imtahana, stressə salmağa nə ehtiyac var? Onsuz da onlar qəbul imtahanlarında orta məktəb bilikləri ilə iştirak etmirlər, heç olmasa imtahan-imtahan oyunu ilə hazırlıqlarından kənarlaşdırmayın ki, sonra məhz hazırlıqda əldə etdikləri biliklərlə topladıqları balları bəh-bəhlə öz adınıza uğur kimi çıxarasınız".

"Başqa bir problem də var ki, indi monitorinq imtahanları keçirilən məktəblərdə adı gedən özü isə Bakıda hazırlaşan yüzlərlə şagird var. İndi onlar basa-basa buradan rayona gedəcəklər. Rayonlarda elə məktəblər var ki, direktorlar məktəbin qəbul nəticələri olsun deyə bal toplayan şagirdləri aralarında bölüşdürüblər. Şagirdlərin adı bir məktəbdə gedir, özləri isə başqa məktəbdə dərsə gedir. Dünya təhsil sistemində belə təhsilalma forması müəyyən edilməyib. Bunu bizimkilər kəşf ediblər”, - ekspert qeyd edib. 

Nadir İsrafilov: "Bunu hətta imtahan-imtahan oyunu adlandıranlar da var”
Nadir İsrafilov ile ilgili görsel sonucu
Təhsil eksperti Nadir İsrafilov Toplum TV-yə bildirib ki, bu monitorinq birmənalı qarşılanmır: "Mətbuatda bununla bağlı fikirlər səsləndirib. Ekspertlər, valideyinlər, ictimayyət nümayəndələri bu məsələyə birmənalı yanaşmayıb. Bunu hətta imtahan-imtahan oyunu adlandıranlar da var. İndi məsələ burasındadır ki, biz 70 il sovet təhsil modelində olmuşuq. Müstəqillik əldə edəndən sonra Qərb təhsilinə inteqrasiya etməyə başladıq. Təhsilimizdə bir sıra islahatlar həyata keçirildi, yəni beynəlxalq təhsil sisteminə inteqrasiya, ali məktəblərdə "Boloniya" prosesinə keçmişik. Bu da imtahanların forma və məzmununu dəyişilməsinə müəyyən stimul yaradır. Son zamanlar istər orta məktəblərdə, istər ali məktəblərə qəbul qaydalarında imtahanlarla bağlı tez-tez dəyişikliklər olur. İctimai tərəfdən bu müəyyən narahatçılıqla qarşılanır. Bunu keçid dövrünün nəticələri kimi qiymətləndirirəm. Bu sistem hələ oturuşmayıb, hələ imtahanın mükəmməl forması üzərində iş gedir. Sovet sistemində biz imtahanları şifahi, yazılı formada keçirmişik, ondan sonra testin tətbiqi ilə əlaqədar 90-cı illərin əvvəllərində, şübhəsiz ki, imtahanların mahiyyəti də dəyişdi. Bu, bir çox problemlər əmələ gətirdi. Tələbə qəbulu tərəfindən sınaq imtahanlarının, monitorinqlərin keçirilməsi, imtahanlar arasındaki intervalın ayarlanması, buraxılış, qəbul imtahanları, dəfələrlə bu məsələ qaldırılıb və Dövlət İmtahan Mərkəzi də bu barədə açıqlama verib ki, dünya təcrübəsində qəbul və orta məktəb imtahanlarının birləşdirilməsi yolu ilə təkpilləli imtahan sisteminə keçmək praktikası var. Bu məsələ üzərində iş gedir, 2-3 ilə reallaşmalıdır. Uzun illərin təcrübəli eksperti kimi mən də imtahan qaydalarının tez-tez dəyişdirilməsindən, imtahan saylarının çoxluğundan narazıyam. Amma bu sistem oturuşana qədər, vahid bir forma tapılana qədər bir müddət bu proses davam edəcək. O ki qaldı monitorinq imtahanlarına, bu, könüllülük prinsipi əsasında keçirildiyi üçün elə də ciddi bir problem yaratmaz”.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə də məsələyə münasibət bildirib. 

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (əvvəlki TQDK) ümumtəhsil müəssisələrində monitorinq imtahanlarını 2013-cü ildən keçirir: 

"Belə ki,"Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yekun qiymətləndirmənin (attestasiyasının) təşkili məqsədilə Respublikanın ümumtəhsil müəssislərinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olunub. TQDK (DİM) Fərmanın icrasını təmin etmək üçün  2013-cü ildən başlayaraq respublikanın bütün bölgələrini əhatə edən ümumtəhsil müəssisələrində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) monitorinq imtahanları keçirmişdi. 2017-ci ildə də əvvəlki illərdə olduğu kimi reprezentativ seçmə əsasında məhdud sayda məktəblərdə 11-ci sinif şagirdləri üçün monitorinq imtahanları keçirilir". 
Картинки по запросу Xanlar Xanlarzadə
"Bu imtahanların keçirilməsində məqsəd təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi, şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərlərin aşkara çıxarılması, həmçinin yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılmasıdır", - DİM sözçüsü bildirib. 
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənə bilmədik. 
 
Əli Zeynal