"Burada daim işgüzar ab-havanın şahidi olmuşam" - Mehriban Əliyeva

07-03-2017 16:21 / Bu xəbər 1325 dəfə oxundu

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün, martın 7-si keçirilən iclasında çıxış edib.

APA-nın xəbərinə görə, birinci vitse-prezident deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.

M.Əliyeva qeyd edib ki, prezident İlham Əliyevin bu il fevralın 21-i verdiyi sərəncam əsasında yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Azərbaycan Milli Məclisində fəaliyyətini dayandırır: "Mən 10 ildən artır parlament üzvü olmuşam. Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəf idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub".

O deyib ki, Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini deputatların birgə səyi nəticəsində hazırlanıb müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir: "Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var".

M.Əliyeva martın 3-də Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək deputat mandatına xitam verilməsini istəyib. MSK martın 6-da müraciətə baxaraq müsbət qərar qəbul edib.

Birinci vitse-prezidentin deputat mandatı ləğv edilib.

Mehriban Əliyeva 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilmişdi.

Ölkə Konstitusiyasına görə, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutarsa, deputatlıqdan istefa verməlidir.

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Prezident İlham Əliyev fevralın 21-də M.Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir.