"Burada Səhiyyə Nazirliyinin çox ciddi qüsuru var"

09-05-2018 00:49 / Bu xəbər 3002 dəfə oxundu

Hüquqşünas: "Dərmanların gətirilməsi, paylanması hökumətə yaxın şəxslərin monopoliyasındadır"

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb. 

Aprelin 30-da is Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı satışı qadağan olunan və dövlət vəsaiti hesabına başa gələn 51 dərman vasitəsinin satışda olması aşkarlanıb.

Tibb eksperti Adil Qeybulla Toplum.Tv-yə bildirib ki, baş verənlər qanunsuzluqdur: "Dərmanları ölkəyə gətirən firmalar var. Əgər bunlar qeydiyyata alınmayıbsa, Azərbaycanda sınaqdan keçirilməyibsə, bu, artıq qeyri-qanuni sayılır”.

Onun sözlərinə görə, bu, ölkəyə gətirənlərin məsuliyyətidir: "Digər tərəfdən də, xəstəxanadakı dərmanların aptek şəbəkəsinə keçməsi kimi hallar fərdi şəkildə araşdırılmalıdır. Yaxşı olar, dövlət tərəfindən bu cür dərmanların qeydiyyatdan keçməsi və siyahısı ilə bağlı qurum yaradılsın. İnsanlar da bilsin ki, bu dərman qeydiyyatdan keçib, ya yox”.

A. Qeybullanın sözlərinə görə, dərman firması həkimlərə öz dərmanını reklam edir, lakin həkim bilmir, o dərman qeydiyyatdan keçib, ya yox: "Gərək dərmanların qeydiyyatdan keçmə nişanı olsun. Bu mexanizmlərin olmaması qanunda olan boşluqlardan irəli gəlir”.

Hüquqşünas Ələsgər Məmmədli Baş Prokurorluğun "dərman mafiyası" ilə bağlı qaldırdığı məsələni bir neçə aspektdən qiymətləndirib: "İnformasiyada şəxslərin konkret mafiya üzvü olduğu və 2011-ci ildən bununla məşğul olduğu bildirilir. Bu təqsirsizlik prezumpsiyası hüququnu ortaya çıxarır. Bu fakt nə qədər gerçəkdir ki, cəmiyyətə təqdim olunur? Dəlillər məhkəməyə təqdim olunmalıdır, mətbuata deyil”.

"Belə böyük bir qanunsuzluq illərdir sistemli şəkildə baş verirsə, bəs buna nəzarət etməli orqanlar hara baxır?", - hüquqşünas sual edir. 

Onun sözlərinə görə, problemin səbəbi heç də aşağı səviyyədə olan hansısa qurum deyil: "Dərmanların gətirilməsi, paylanması hökumətə yaxın şəxslərin monopoliyasındadır. Kənardan bu məsələnin uc nöqtəsini tutmaq bu problemi həll edəcək qədər asan deyil. Bu problemin həlli monopoliyanın, mafiyalaşmanın qarşısının alınmasındadır”.

Ə. Məmmədli bildirib ki, dərman əgər vahid bir əldə cəmləşibsə, bu, özlüyündə vətəndaşların tibbi təhlükəsizliyi baxımından problem yaradır: "Ayrıca, Azərbaycanda dərmanın qiymətini də hökumət müəyyən edir. Dərmanın gətirilməsi, paylanması lisenziyalaşmış prosesdir və burada Səhiyyə Nazirliyinin çox ciddi qüsuru var”.

Hüquqşünas deyir ki, bu istintaq nazirliyin yüksək postlarına və mafiyaya qədər getməlidir, əks halda növbətçi suçlamalardan biri təsiri bağışlayacaq: "Son məmur dəyişikliyi ilə bağlı kiminsə nəzarətində olan sferanın dırnaqarası zərərsizləşməsi prosesi gedir”.

Səhiyyə Nazirliyinin hüquq və daxili siyasət sektorunun müdiri Elxan Əzizov isə mediaya deyib ki, Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərlə əlbir olub xəstələrə keyfiyyətsiz dərmanları tövsiyə edən 100-ə yaxın həkim cəzalandırılacaq: "Onlar işlərini itirə də bilərlər. Hazırda Səhiyyə Nazirliyi sözügedən məsələ ilə bağlı istintaqın yekunlaşmasını gözləyir”.

Elxan Əzizov reseptlərin yazılması və bioloji əlavələrdən istifadəylə bağlı da həkimlərə xəbərdarlıq edib. O, dərman firmaları ilə əməkdaşlıq edən və reseptə qida əlavəsi yazan həkimlərin cəzalandırılacağını bildirib.

Bütün bunlara baxmayaraq, Səhiyyə Nazirliyi, nazir Oqtay Şirəliyev və müavini Elsevər Ağayev mətbuata detallı açıqlama verməyiblər. 

Aprelin 30-da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 11 ünvana, o cümlədən "Sanimed" və "Epidbiomed" MMC-lərə baxış keçirib.

İlkin istintaq materialları ilə müəyyən edilib ki, "Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. 

Müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb. Habelə istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən "qara mühasibatlıq” sənədləri, eləcə də "Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub. 

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. 

Mayın 7-də isə Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb. 

Görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. 

Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən "Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki "İrem”, "Qlükoza”, "Avas”, "Fatimə”, Nəsimi rayonu ərazisindəki "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, Nərimanov rayonu ərazisindəki "Şəfa”, "Şəfa Zeytun 426”, "Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb. 

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. 

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

///Gülzar N. Məmmədli
///Toplum.Tv