Böyük Atanın nağılı (ESSE)

Böyük Atanın nağılı (ESSE)

24-02-2018 17:51 / Bu xəbər 733 dəfə oxundu

Zahir Əzəmət

Mən Böyük Şəhərdə yaşayıram. Səkkiz ildir ki, şəhərimiz qaranlığa qərq olub. 

Böyük Ata şəhərin ağası olandan yavaş-yavaş Günəşin üzünü örtməyə başladı, gecələr işıq, şam yandırmağı yasaq elədi. Hər yerdə qaranğılığın faydaları, işığın ziyanları haqqında danışmağa başladılar. 

Qaranlıq sakitləşdirir, işıq qıcıqlandırır. 

Qaranlıq mədənidir, etikdir, işıq faş edir, rüsvayçıdır. 

Qaranlıq hamını, hər şeyi bərabərləşdirir, ədalətlidir, işıq fərq və çaşqınlıq yaradır.

Əslində bütün rənglər yalandır, onları işıq yansıdır, olan-qalan bir qara vardır.

Günəş örtününcə, artıq gündüzlər də qaranlıq oldu. Gecələr evlərdə, yollarda, iş yerlərində işıq yandırmağa qoymadılar. Şəhər sakinləri Böyük Atanın canına durmadan dua edirdilər. Daha qapılarına işıq pulu qəbzi gəlmirdi.

İşıq yox idi deyə, həyat xeyli sadələşmişdi. İnternet, bilgisayar, sosial şəbəkələr, şəhəri kirlədən zavodlar avtomobillər yox idi. İşıq saçdığına görə smart mobil telefonlar da satılmırdı. Hamı sadə, ekransız, ucuz mobil telefonlardan istifadə edirdi.

Əvvəllər öyrəşmək çətin idi. Qaranlıqda yaşamaq, işləmək asan deyildi. Hər zaman olduğu kimi, yenə də böyük yenilikləri mənimsəmək zaman tələb etdi. Amma öyrəşdik. Gözlərimiz indi qaranlıqda daha aydın seçir. Son illərdə doğulan uşaqlar üçün isə daha rahatdır. Onlar heç vaxt Günəşi, işığı görməyiblər. Onun necə bir şey olduğunu bilmirlər. Qaranlıq onlara elə doğmadır ki, işıq onlar üçün uzaq, naməlum, yad və hətta deyərdim ki, düşmən ünsürdür. Hə, artıq məktəblərdə də onlara belə öyrədirlər. İşıq- düşməndir, onu bizi sevməyən, Böyük Şəhərimizdə daxili sabitliyi pozmaq istəyən qüvvələr yaradıblar. Kim harda işıq görsə, mütləq Böyük Atanın Əsgərxanasına xəbər verməliydi.

Gecələr aydın səmada Ay doğan günlərdə heç kim küçələrə çıxmamalıydı. Öncədən Böyük Atanın hava ölçənləri evlərə, şəhərin küçələrindəki keçmiş işıq dirəklərinə quraşdırılmış radiolarla xəbərdarlıq edirdilər. 

Qara buludların göy üzünü örtdüyü günlər sakinlər üçün bayram olurdu. Kim istəsə eyvanlara çıxa, hətta şəhərin parklarına düşüb gəzişə də bilərdi. 

Hərdən Böyük Şəhərin sabitliyini pozanlar da tapılırdı. Bir də görürdün ki, kiminsə pəncərəsindən işıq gəlir. Qaranlığa qərq olmuş Böyük Şəhərin ən balaca pəncərəsində yanan işıq belə, bəs edirdi ki, sakitlik pozulsun. Bir dəfə kimsə hardansa tapıb təmir etdiyi köhnə fanarı yandıraraq, pəncərəsindən dörd tərəfə işıq salmağa başladı. Biz şəhərin digər başında yaşasaq belə, qaranlığı doğrayan işıq dilimini görə bilmişdik. Təxminən bir neçə dədiqə sonra o işıq söndü. Səhərisi radioda dedilər ki, həmin adam xarici qüvvələrdən buna görə çoxlu pul alıbmış. Təxminən bir həftə radioda qızğın müzakirələr getdi. Alimlər, şairlər, siyasətçilər belə xarici təsirlərin qarşısını almağın yollarından danışdılar, qaydaların daha da sərtləşdirilməsini təklif etdilər. Adamın bütün qohumları bir-bir radioya çıxaraq, ondan imtina etdiklərini, belə bir adamın bizim qaranlıq şəhərimizə işıqlı ləkə olduğunu bildirdilər.

Boynuma alıram ki, hərdən mən də köhnə vaxtlar üçün darıxıram. Yaşlandıqca, gözlərim qaranlıqda daha zəif seçməyə başlayıb. Əvvəl əşyaların yerini yaddaşımda saxlamağa çalışırdım ki, yeriyəndə ilişməyim. Fəqət yaddaşım da korşalıb. Tez-tez nəyin harda olduğunu unuduram. Fikirlərimi arvadımla belə bölüşmürəm. Onu da zərərli, qorxulu düşüncələrimə şərik eləmək istəmirəm. İçimə şeytan girib. Tez-tez sağalmağım üçün dualar edirəm. Müqəddəs kitabımızda da yazılıb ki, qaranlıqda edilən dualar daha tez hasil olur. Fəqət nə sirdirsə, işıqlı fikirlər içimi gəmirməkdən əl çəkmir. Son vaxtlar buna görə özümü xeyli tənha hiss etməyə başlamışam. Hansısa kitabda oxumuşdum ki, insanlar öləndə onların gözünə işıq görünürmüş. Yəqin mən də ölürəm. Ölsəm, canım dincələr. Əbədi qaranlığa qərq olmaq hər bir şəhər sakini kimi mənim də böyük arzumdur. Amma doğrudanmı bu, yaxınlaşan ölümün əlamətidir? Bəlkə ağlımı itirirəm?

Bu gün köhnə kitablarımın arasında eşələnirdim. Artıq işıq olmadığına görə kitab oxumaq da köhnəlik sayılırdı. Həm də necə oxuyacaqd? Hətta məktəblərdə belə uşaqlara dərslik verilmirdi, yalnız müəllimlər şifahi danışır, uşaqlara sadə şeyləri öyrədirdilər. Arvadım tez-tez deyinirdi ki, kitabları atmaq lazımdır, yer tutur, toz salır. Mən də hansısa naməlum səbəndən hər dəfə bir bəhanə ilə təxirə salırdım. Bu gün onların hamısını olmasa da, böyük bir hissəsini atmaq üçün qaranlıqda kitabları saf-çürük etməyə başladım. Bu qalın kitab hansıdır belə? "Səfillər", yoxsa "Hərb və sülh"? Bəlkə "Anna Karenina"? Birdən əlim qutuda soyuq bir şeyə toxundu. Əlimi üzərində gəzdirəndə içimdən soyuq bir gizilti keçdi. Bütün içimi həyacan sardı. Bu, fanar idi! Balaca əl fanarı! Tez götürüb cibimə qoydum. Nə edəcəyimi bilmədim. Otaqda var-gəl etməyə başladım. Yox, otağa sığmırdım. Eyvana çıxdım. Böyük Şəhər sakit bir qaranlıqda uyuyurdu. Hava elə xoş idi  ki! Dərindən nəfəs aldım. İçim sərinlədi! Əlimi cibimə salıb fanarı çıxartdım. Düyməsinə toxunan kimi nazik işıq şırnağı qaranlığı doğradı. İşığı üzbəüz binanın pəncərələrinə saldım.  Az sonra o pəncərələrdən bir neçəsi açıldı. Adamlar heyrətlə bizim eyvana sarı baxırdılar. Sonra eyvanmızın qapısı açıldı. Arvadım və səkkiz yaşlı oğlum həyacanla eyvana atıldılar. İşığı onların üzünə saldım. Arvadımın üz cizgilərini unutmuşdum artıq. Onun gözlərində qorxu və heyrət gördüm. Oğlum! Nə yaraşıqlı oğlum varmış! Üzünü ilk dəfə görürdüm. Əlimi onun üzünə toxundurmaq istədim. Diksindi. Geriyə addım atdı. Gözlərində soyuq bir ifadə vardı.
- Ata, mən Əsgərxanaya zəng etdim, indi gələcəklər...