Böyüməmiş boğaq...

Böyüməmiş boğaq...

08-03-2017 02:41 / Bu xəbər 1699 dəfə oxundu

Gülər Rasim

Son onillikdə Azərbaycanda "mentalitet” adlanan bir diskurs meydan sulayır. Dartışırıq, dartışırıq...

"Mentalitet” deyəndə ağla bir çox şey gələ bilir. İctimai nəqliyyatda yaşlılara, uşaqlara yer vermək; bir-birinin əvəzinə yol pulunu ödəmək; yolda, növbə gözləyərkən qadına öncəlik vermək və s.

Doğrudur, bunlar mentalitetin xoş bir şey olduğunu qəbul etməyimizə səbəb olan hallardır. Ancaq qəbul edək ki, son zamanlar "Mentalitet” sözü eşidiləndə çoxumuz üzümüzü turşuduruq, mimikalarımız rişxənd tərzi ilə "Mentalitet”ə etiraz etdiyimizi göstərir. 

Bəs bunlara səbəb nədir? Niyə "Mentalitet” sözü 2-3 il əvvəlki kimi xoş söz olmaqdan çıxıb artıq? 

Yuxarıda "Mentalitet”in yaxşı bir anlayış olaraq qəbul edilməsinə səbəb olan bir neçə misal gətirdik. İndi gəlin baxaq görək, "Mentalitet”in üzümüzü turşudan tərəfləri hansılardır.
İlk öncə ondan başlayaq ki, nədənsə "Mentalitet” deyəndə qadınlar yada düşür. 

Məsələn, qadın kişi ilə mübahisə etməz; qadın kişiyə cavab qaytarmaz; qadın hər mövzu haqqında danışmaz. Və hətta uşaqlar da. Böyük danışanda uşaq mütləq dinləməli, yanlış bir məsələ olsa belə, böyüyə cavab qaytarmamalıdır. 

Kişi hər-hansı məclisdə bütün qonaqlarla, hətta tanımadığı qadınlarla belə görüşə, danışa və içib əylənə bilər. Ancaq qadın yad adamların çox olduğu məclisdə iştirak etməz, bu "Mentalitet”ə sığmayan bir haldır. Qadın toy, nişan, qonaqlıq kimi məclislərdə atası, anası, qardaşı, həyat yoldaşı və ya yaşca ən böyük oğlu  və ya qızı ilə birlikdə iştirak edə bilər. Amma bunun da sərhədləri var. Yəni qadın həmin məclislərdə yalnız və yalnız ən yaxın qohumlarla görüşə, danışıb-gülə və birgə yemək yeyə bilər, yad kişilərlə danışmaq isə olmaz. Məclisdə yad kişilər varsa, qadın onlar tərəfə qətiyyən baxmamalı, onların etdiyi söhbətlərə münasibət bildirməməli, hətta onları eşitməməlidir. 

Qadınların harasa tək getməyi, hansısa məkanda yanında "onu qoruyacaq” biri olmadan tək olmağı, tək alış-veriş etməyi, tək bazarlığa getməyi, tək özü və ya uşaqları üçün geyim almağı belə "Mentalitet”dən kənar, hətta TƏRBİYƏSİZlik kimi qəbul olunur. Hətta qadınlarımız öz istəklərini belə "Mentalitet” anlayışı üzündən icazəsiz, razılıqsız həyata keçirə bilmirlər. Qadın atadan, qardaşdan, əgər ailəlidirsə, həyat yoldaşından icazə almadan hansısa dil kursuna, əlavə peşə kurslarına yazıla bilməz. Qadın gündəlik getdiyi kursa belə yanında "onu qoruyacaq” bir KİŞİ ilə getməlidir - "Mentalitet”imizə görə. 

"Mentalitet”in başqa bir üzünə diqqət edək. 

"Mentalitet”imizə dinin də təsiri az olmayıb. Yəni Din və Mentalitet birləşib və qadını daha çox çəpərləməyə başlayıb. İslam dinindən "qadın ərinin qulu olmalıdır” tələbini götürüb həm də "Mentalitet”imizə əlavə etmişik və  "Mentalitet” anlayışını daha da qüvvətləndirmişik. 

Bu mövzuda "Mentalitet” anlayışı həm də "gender bərabərsizliyi” kimi qabarır. Yuxarıda bu məsələyə toxunmuşdum: nədənsə "Mentalitet” deyəndə qadınlar yada düşür. 

Niyə mentalitet tələbləri güclənib? Mən bir gənc olaraq düşünürəm ki, son illər Azərbaycan qadınının Təhsilə, İşə, Karyeraya, Azad olmağa meyli əvvəlki illərə nisbətən xeyli yüksəlib. Bunun qarşısını almaq, qadına çox azadlıq verməmək üçün kişilərin uydurduğu bir anlayış olaraq doğulub "MENTALİTET”. 

Amma yenə bir gənc, həm də Azərbaycan gənci olaraq düşünürəm ki, elə bu "Mentalitet” anlayışını çox böyümədən, elə beşiyindəcə boğmaq lazımdır. Bunu etsək, həm çox istədiyimiz qadın azadlığını əldə edərik, həm də üzümüzü turşudan bu mənasız anlayışdan azad olarıq. 

Başqa xalqlar onsuz yaşayıb irəli gedir. 

Toplum.Tv