Cahangir Hacıyev yaxınları ilə görüşə bilmir

Cahangir Hacıyev yaxınları ilə görüşə bilmir

04-10-2017 18:20 / Bu xəbər 1363 dəfə oxundu

Keçmiş bankir "kars”dan çıxarılıb

Oktyabrın 4-də Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev cərimə kamerasından çıxarılıb.

Bu barədə Turan-a onun bacısı Əminə Hacıyeva bildirib.

C.Hacıyev 1 həftə əvvəl "kars”a salınıb. Bacısının sözlərinə görə, o, mədəaltı vəzində kəskin dözülməz ağrılardan şikayət edib, bu, keçirdiyi aclıq aksiyasının nəticəsi olub.

Keçmiş bankir həmçinin bildirib ki, "təcili yardım" və ya başqa həkimlər çağırmaq xahişlərinə baxmayaraq, onun müraciətlərinə məhəl qoyulmur.

Ə.Hacıyevanın sözlərinə görə, qardaşına hətta ağrıkəsici dərman da vermirlər.

Prokurorluq ona bacısı və digər doğmaları ilə görüşməyi də qadağan edib, bunu "istintaqın məxfiliyinin təmin edilməsi" zərurəti ilə əsaslandırıb.

Ə.Hacıyeva qardaşının səhhətindən narahat olduğunu deyib: "Mən iki ildir istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində qardaşımla görüşlərə gedirdim, istintaq yekunlaşıb və o, mühakimə edilib, cəzaçəkmə müəssisəsində saxlanılır, indi görüşləri qadağan edirlər.

Cahangirin vəziyyəti bizdə ciddi narahatlıq doğurur. O, çətinliklə telefona gəlib, indi isə görüşləri də qadağan edirlər".

Vəkil Fəxrəddin Mehdiyev də oktyabrın 4-də C.Hacıyevlə görüşə bilməyib. Müdafiəçiyə yenə vəkil otağının məşğul olduğunu bildiriblər.

C.Hacıyev karserə salındıqdan sonrakı bir həftə ərzində müdafiəçiləri onunla bir dəfə belə görüşə bilməyiblər. Vəkillər bunu "müdafiə hüququnun kobud şəkildə pozulması" kimi qiymətləndiriblər.

F.Mehdiyev bankirin doğmaları ilə görüşlərinin qadağan edilməsini qanunsuz adlandırıb:

"Hacıyev həbs edilib, istintaq isə başqa epizodlar üzrə davam edir və doğmalarla görüş hüququnun məhdudlaşdırılması qanunsuzdur”.

Vəkil bir müddət əvvəl müdafiəçilərin Hacıyevin yanına buraxılmaması ilə bağlı Penitensiar Xidmətə şikayət edib. Ona oktyabrın 5-də açıqlama verməyi vəd ediblər.

Penitensiar Xidmətin nümayəndələri şərh verməyiblər.

2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkarlanıb. ABB-nin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib, amma özünü təqsirli bilməyib və bütün böyük kreditlərin Müşahidə Şurasının razılığı ilə verildiyini bildirib. 

Onunla birlikdə ABB-nin bir sıra filiallarının keçmiş rəhbərləri azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.