"Camaatda pul nə gəzir, Yeni il də keçirsin?!" - Alıcıya həsrət qalan “Təzə bazar” - REPORTAJ

21-12-2016 02:59 / Bu xəbər 4187 dəfə oxundu

Son günlər bazar və dükanlarda, həmçinin hökumətin təşkil etdiyi bayram yarmarkalarında durumu öyrənmək üçün silsilə reportajlar hazırlayırıq. Müşahidələrimiz zamanı paytaxt sakinlərinin bayrama necə hazırlaşmaları ilə yanaşı, ümumilikdə vətəndaşların maddi durumunun yeni qiymətlərə adekvat olub-olmadığını aydın görmək olur. 

Bu dəfə isə yolumuzu Nəsimi rayonundakı "Təzə bazar"dan saldıq. Yeni il qabağı - həftəsonu dükan-bazarlarda daha çox sıxlıq yaşansa da, bu həftə "Təzə bazar”da durum xeyli fərqli idi. Elə hey gözümüz alıcı axtarsa da, satıcıdan başqa kimsə görmədik.

Bu həna o hənadan deyil...

Bazar alcısızdırsa, deməli, bu satıcı üçün heç də xoş hal deyil. Elə buna görədir ki, hərə öz piştaxtasının arxasına keçib boynubükük əyləşmişdi. Bəziləri də bekarçılığı domino oynamaqla doldururdu. Kimisi də piştaxtatan kənara keçib bazara gələcək tək-tük alıcının ovuna çıxmışdı. Bir sözlə, bu bazar əvvəlki bazarla bənzəmirdi... 

Alıcısı olmasa da, meyvə-tərəvəzin qiyməti sabit qalmır. Dolların dəyəri artdıqca hər şeyin qiyməti bahalaşdığı kimi kənd təsərrüfatı məhsullarının da qiyməti artır. Bu artım bir az da Yeni ilin yaxınlaşması ilə bağlıdır desək, yanılmarıq. Yəni sosial və iqtisadi durumu ehtiva edən "bu bazar əvvəlki bazarla bənzəmir" fikrini bir az da obrazlı ifadə etsək, deyəsən, "bu həna o həndan deyil..." 

"Təzə bazar"ın təzə qiyməti...

Burada soğan 80 qəpik, kartof, çuğundur 80 qəpik -1 manat arası dəyişir. Almaların növünə, yerli və xarici olması qiymət fərqliliyi yaradır. Kilosu 1 manata da olan almaya da rast gəlmək olur, 3 manata da... Kələm 70 qəpik, yerkökü 1 manat, mandarin 2-3 manat, portağal 5 manatadır. Elə bazarda qiymət artımı da əsasən portağal və mandarində daha çox hiss olunur. Banan 2 manat, 2 manat 50 qəpiyə satılır. Satıcılar deyir ki, bananın qiyməti ötən həftələrə nisbətdə ucuzlaşıb. 

 
Ümidini bayrama bağlayanlar...

Satıcılar deyir ki, bayrama çox az müddət qalsa da, alıcı yoxdur: "Demək olar, neçə həftədir, bazarda belə "sakitçilikdir”. Ümidimizi bayrama bağlamışdıq. Belə getsə, heç bayramda da nəsə qazana bilməyəcəyik. Yəqin, camaatda pul yoxdur deyə bazara üz tutmur. Elə evlərinə yaxın marketlərdən, kiçik dükanlardan 1-2 kilo nə lazımdırsa alırlar. Daha bazara gəlməyə ehtiyac qalmır”.
 

"A bala, camaatda pul nə gəzir..."

Yandakı piştaxtda duran və soyuqdan uşüyən başqa bir satıcı da söhbətimizə müdaxilə edir: "A bala, camaatda pul nə gəzir ki, Yeni il də keçirsin? Hər kəs başını bir təhər saxlamaqla məşğuldur". 

Bazarda kiçik piştaxtada xurma satan Əhliman dayı deyir ki, bunlar bağının məhsullarıdır: "Gündəlik nə qazansam, min bərəkət. Xurmanın 2-3 kilosunu 1 manata, 1 manat 50 qəpiyə satıram. Birtəhər çörək pulumuzu çıxarırıq”.

"Alıcı görəndə sevinirik"

Başqa bir satıcı Nüşabə xanım bildirir ki, qiymətlərdə artım yoxdur: "Əvvəllər Yeni il qabağı bazar canlanardı, alıcı qıtlığı yaşamazdıq. İndi isə alıcı görəndə sevinirik. Müştəri olmadığından qiymətləri elə də çox qaldırmamışıq. Ümid Yeni ilə qalıb. Bəlkə, bayram ərəfəsi bazar ötən illərdə olduğu kimi "qonaq-qaralı” olar. 

Bu dəfə sözün əsl mənasında danışdırmağa alıcı tapmaqdıq. Tək-tük gözə dəyənlərdən bir-ikisinə yaxınlaşsaq da, danışmaq istəmədilər. Biri hətta başını bulayıb: "Guya vəziyyəti bilmirisniz", - dedi...
Əslində, danışsalar da nə deyəcəklərini təxmin edirik. Heç şübhə yoxdur ki, "bahalıqdır”, "pulumuz yoxdur”, "ala bilmirik” deyəcəklər. Çünki son zamanlar sadə azərbaycanlının dilindən ancaq bu kəlmələr qopur. 
 
Nə deyək, Allah bazar versin...
 
Türkan Bəşir 
Toplum.Tv