"Casus şəbəkəsi ilə bağlı məlumatı Müdafiə Nazirliyinə biz vermişik" - Mədət Quliyev

27-05-2017 15:16 / Bu xəbər 1168 dəfə oxundu

"Azərbaycana digər dövlətlərin maraqları çoxdur''

Müdafiə Nazirliyinə casus şəbəkəsi ilə bağlı məlumatlar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilib. 

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib:

"Bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi". 

DTX rəisinin sözlərinə görə, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu: "Təbii ki, burada casuslar da var. Ancaq biz onları zərərsizləşdiririk".

Mayın 3-də Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaymışdı. 

Sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər. 

Bəyanatda Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.