Cavabsız qalan sual...

Cavabsız qalan sual...

13-05-2016 12:32 / Bu xəbər 5844 dəfə oxundu

Balaşirin Ağamirzəoğlu
(Hekayə)

Dumanlı  yaz günlərinin biri idi. İstirahət günü  olduğu üçün Rəsul müəllim  evdə idi. Çox darıxırdı, darıxırdı ona görə ki, artıq altı aydan çox idi ki, doğma, əziz,lap çox  sevdiyii ciyərparası olan oğlu Samirdən ayrılmışdı. Axı o,  atasının  yaraşıqlı, boylu-buxunlu, səliqəli, tərbiyəsi və səmimiyyətli ilə hamını valeh edən ilk övladı idi. Cəmi 23 il ömür sürmüşdü. Cavan və çox sadə qəlbi arzularla dolu idi. Sinəsində çırpınan qəlbininin səsini eşitmək olurdu. O səs indi də atasının qulaqlarından getmir: "Ata, mən el-obaya, qohuma, dosta bir arxa, bir dayaq olacağam”. 

Ata da inanırdı ki, o, buna qadirdir  və olacaq. Amma...

Ata yolunu kənd qəbirstanlığına saldı. Qəbirstanlıq evindən təqribən bir kilometr yarımlıq məsafədə yerləşirdi. Kəndini relyefi  nahamar  idi. Həmişə o yolu maşınla qalxırdı. Qərara gəldi ki, piyada getsin. Çunki əziz oğlunun,  heç söhbətindən, gözəlliyindən doymadığı oğlunun hüzuruna əziyyət çəkə-çəkə getmək daha dəyərli olar. Bir tərəfdən yolların eniş-yoxuşlu olması, digər tərəfdən qəm-qüssə, hiss-həyəcan onu incidirdisə, oğul həsrəti onu irəli çəkə-çəkə aparırdı. Onu ora yalnız bir sual çəkridi. O sual ki, Samirin  məzar daşının üstündə həkk olunmuşdu. 

Oyan oğlum, oyan,  sənə sözüm var,
Aç gözlərini, aç, bir sualım var!
Namərd zərbəsinə tuş gələn zaman
Kimi harayladın, kimi çağırdın?!
Oyan oğlum, oyan,  sənə sözüm var,
Aç gözlərini, aç, bir sualım var!

Bəli, bu suala altı aydır ki, ata  cavab tapa bilmir. Hər dəfə  atasını görüb sadə bir  əsgər kimi ayağa qalxan, "buyurun, atam, nə tapşırığınız və sözünüz  var" deyən, üzündən-gözündən nur yağan oğul bu gün qara mərmər daşına  döndüyü üçün atanın sualına cavab vermir. Amma nəyin bahasına olursa olsun, ata  bu dəfə ondan  cavab almalıdır. Çünki o sual onu çox narahat edir. Niyə də narahat etməməlidir. Axı Samir cəmi iki ay idi ki, ailə həyatı qurmuşdu. Özünün və hamımızın çox istədiyi özünün sevib-seçdiyi ay parçası kimi bir xanımla evlənmişdi. Bir ildən çox onlar nişanlı qalmışdılar. Nişanlanıb hərbi xidmətə  gedəndən sonra hər dəfə anası ilə əlaqə saxlayanda, "Ana,  Şəbnəmdən müğayət ol, ana, Şəbnəm necədir?” deyərdi.

Komandırı bir dəfə  onda  telefon tutanda atasına zəng edib demişdi: "Müəllim, Samir  çox tərbiyəli, qanacaqlı oğlandır.  Bu tərbiyəyə görə Sizə minnətdaram. Həm də çox təmizkardır". 
Danışıqdan iki dəqiqə keçəndən sonra Samir  yenidən zəng vurub dedi ki, ata o, məndə telefon tutmuşdu. Lakin mən ona deyəndə ki, nişanlıyam,  nişanlımla danışırdım, sağ olsun komandir məni başa düşdü və məsələnin üstündən xətt çəkdi.

Oxuduğu Universitetdə onun sevimli müəllimi Ruqiyyə müəllimə ilə tez-tez əlaqə saxlayıb: "Şəbnəmdən  muğayət ol", - deyərdi. Çünki hərbi xidmətə yola düşəndə Şəbnəm hələ 3-cü kursda oxuyurdu. Ruqiyyə müəlliməyə tapşırmışdı onu.

Qatil onu qəflətən, arxadan bıçaqla  vuranda onun yanında heç kim olmamışdı. Mənə maraqlı idi ki, Samir köməksiz halda yerə yıxılanda bir anlığa belə Şəbnəmi heç kimə etibar etmədiyi halda gözünün qabağından nə keçdi, kimi harayladı, kimdən kömək istədi? Atamı, anamı, cəmi iyirmi gün ondan öncə hərbi xidmətə yola saldığı qardaşınımı, yoxsa 6-cı mərtəbədən ona zəng edib telefonuna cavab verə bilmədiyi Şəbnəminimi?

Bu sual  atanı qəbirstanlığa çəkib aparırdı. Yolda dizləri tutulurdu, havanın dumanlı, çiskinli və nisbətən soyuq olmasına baxmayaraq həyəcan təri basmışdı onu. Əynindəki qısa gödəkçəni çıxarıb çiyninə atdı. Allahdan kömək dilədi. Qəbirstanlığın giriş qapısına yaxınlaşanda lap taqətdən düşmüşdü. Yerə yıxılmaq anında özünü ələ ala bildi. İçəri girməyə özündə güc tapdı. Var-gücünü toplayıb özünü bir başdaşına dayadı. Əyilib baş daşına baxanda rəhmətlik Məzahir dayının şəklini  gördü. Axı o da orada uyuyurdu. Həyatda olduğu kimi şəkildə də gülürdü. O, Samiri soruşdu Məzahir dayıdan. 

Məzahir dayı da, "darıxma dedi, yanımdadır. Qısa  vaxtda hamımızın hörmətini qazanıb", - dedi. Məzahir  kişinin  baxışları  və "Samir  yanımızdadır"  deməsi  saçı ağarmış atanın  yadına  hələ  bələdiyyə  sədri   işlədiyi  vaxt  bir  xatirəni  saldı. Bələdiyyənin ehiyat fondu üçün ayrılmış torpaq sahəsinin otunu biçəndə  Məzahir kişi  gözətçı işləyirdi. Samir də lap balaca  idi. Atasının arxasınca sahəyə gəlmişdi. Ata  kip bağlayan traktoru sahəyə gətirməyə getmişdi. Onu isə Məzahir  kişiyə tapşırmışdı. Samir  Məzahir kişinin başının qarışdığını görüb atasının dalınca qaçıbmış. Məzahir kişi onu çox çətinliklə tapıb geri qaytarmışdı. Lakin Məzahir dayının simasından oxunurdu ki, indi onun yanında olan həmin Samir  deyil. 

Ata  qəbirstanlıqda addımlaya-addımlaya sanki hər məzar daşından bir səs gəlirdi: "Samirin atası gəlir".  
Samir isə  yuxarı başda, bir təpədə qara mərmər daşından ona  baxır, baxışları ilə onu çağırırdı: "Ata” tez gəl, yanıma gəl, mənə bir xəbər  gətir”.

Babasının, nənəsinin yanında uyuyur o. Babası çoxdan dünyasını dəyişdiyi  üçün onu  heç  görməmişdi. Nənəsi isə onu çox istəyirdi. Həmişə başının arxasını sığallayıb deyərdi ki, oğlumun toyunu görüb ölsəm, bil ki, rahat gedərəm bu dünyadan. Toyunu görə bilmədi nənə. Bəlkə də çox istəməyindən onu yanına tez apardı.

Baxışları ilə atasını aşağıdan yuxarı süzürdü. Gözlərindən  sanki narahatlıq oxunurdu:
- Nə dəqər dəyişilmisən ata. Belin bükülmək üzrədir ata. Sən ki belə zəif deyildin. Səni mənmi qocaltdım? Bağışla ata, bağışla məni amansız düşmən namərdcəsinə yaraladı. 
Bu  anda ata ona sual vermək istədi, o isə sanki  mimikadan başa düşdü,  atasının fikirini yayındırmaq üçün ona suallar yağdırdı. 

Anasını soruşdu:
-Ana necədir? Darıxırmı? Şəbnəmdən nə xəbər? Onu kimə etibar  etmisiniz? İmtahanlarını verə bilirmi? Ruqiyyə müəllim yaxşı adamdır. O, Şəbnəmə kömək edirmi? Ata, ev-eşikdən mənə danış. Qapımızı açan varmı? Qardaşım Fuad  necədir ? Orduda vəziyyət necədir? Yəqin ki, onun xidmətinin  başa  çatmasına  lap az qalıb.Ata, ən əsası odur ki, mənim həyatıma heç bir səbəb olmadan son qoyan sapı özümüzdən olan balta və havadarları gördüyü işdən peşmandırmı? 
Ata, mən Sizə xidmət edə bilmədim. Mənim də taleyim belə yazılıbmış. Fuad  və Rauf məni əvəz edəcəklər. Raufa de ki, yaxşı oxusun. 
Ata ona sual vermək istədiyini bildirdi. Bura da məhz o suala cavab aalmaq üçün gəlmişdi. Amma... 
- Ata, bilirəm nə deyəcəksən? Ürəyim doludur, qoy ürəyimi boşaldım. Xahiş edirəm, hələlik mənim suallarıma cavab verəsiniz. Tələbə yoldaşlarımdan, dostlarımdan xəbəriniz varmı? Röyal, Famil, İslam, Rəşad, Akşin və başqaları sizinlə əlaqə saxlayırlarmı?

Bu anda  atanın  gözlərinin onunla yanaşı uyuyan bir gəncin məzarə üstə əkilmiş bir qızılgülə zilləndiyini görəndə ona  sual verdi. 
- Ata gülə baxıb niyə fikrə getmisən?
 Qızılgülün budaqları yerə sallanmışdı. Yarıaçılmış butalardan  ləcəklərin rəngi güclə seçilirdi. Ancaq yarpaqlardan  su damcılayırdı. Bu damçılar yağış damcısı deyildi. Bu damcılar göz yaşlarını xatırladırdı. Çünki həmin gün hava dumanlı, çiskinli olmasına  baxmayaraq yağış yağmırdı. 
Fikrə  getmiş ata birdən yuxudan oyanmış kimi cavab verdi. 
- Heç bala, görəsən, bu gülün dərdi nədir? Bəlkə, onun da dərdi var! Bəlkə, o da bizim söhbətimizə qulaq asıb dərdimizə şərikdir?

- Bəli  ata, o  güldən mən ətir  alıram. Axı siz də  bilirsiniz ki,  mən  gül  həvəskarıyam. Mən  onu  qışın  şaxtalı  vaxtında  ağlayan  görməmişdim. Onu  həmişə  şən və şux  görmüşəm. Görünür, o da  bizim ahımıza  yanır. Amma  siz  həmişə  nəsihətli, qürurverici  sözlər  danışardız,  söhbətlər  edərdiz,  şeirlər  söyləyərdiz. 

Məhərrəm  Ağalar  oğlunun  şerindən söylədiyiniz  iki  bənd  indi də  yadımdadır:

Əlini  qoyanda zəif  çiynimə,
Az qala  qüvvətim orduya bata.
Bükülər  qamətim, əyilər belim.
Əlini çiynimdən götürmə ata,
Məni tənhalığa  ötürmə, ata!

Dünya əzab dolu, dünya qəm dolu, 
Labirint  formada dolaşır yolu.
Namərdlə doludur sağı, həm solu
Əlini  çiynimdən  götürmə, ata!
Məni tənhalığa ötürmə, ata!

- Ata,  sən əlini  çiynimdən  heç götürmədin. Körpəlikdən sənin  isti  nəfəsini, sənin  atalıq hissini, atalıq  borcunu  çox yüksək  səviyyədə  hiss etdik. Amma  mənim  sadəlövhlüyüm  məni  məhv etdi, sizi də sarsıtdı.

- Bala,  babanın  onun  yanına tez, ömrünün  çiçəklənən  vaxtında, o dünyadan  bu  qaranlıq  dünyaya   gəlməyinə  münasibəti  necədir, - deyə ata sual  verdi.
- Ata,  o  əvvəlcə  məni tanımadı. Nənə məni  babanın yanına  aparanda məni aşağıdan-yuxarı süzəndən sonra başına çırpdı və mənim  vaxtından əvvəl  torpağın altında  onunla  görüşməyimi  özünün  səhvinin olduğunu etiraf etdi. Dedi ki, bu mənim  həyatda  ən  böyük  və  bağışlanmaz  bir  səhvimdir. Mənə  və  bütün qohum-əqrəbaya isə  bu  sualın  cavabını verməyə  çətinlik  çəkdiyini  bildirdi. Dedi ki,  ancaq o  qara  ilanı mən bu ailəyə  düçar  etmişəm. Nənə  isə  gecə-gündüz ağlıyar. Ata, o səni  deyib  ağlayar. Ağlayır ki,  övlad  dağı dəyən  oğlumun  günü-güzaranı necə olacaq?

Bu anda atanın  diqqəti  atasının  baş  daşındakı şəklə  sataşdı. Atanın gözlərində  bir  mənalı  baxış  hiss etdi. Sanki ona  demək  istəyirdi ki, bala,  Samir  düz  deyir,  o  mənim səhvimdir. Vaxtından əvvəl   gül kimi  balanı  sənin  əlindən  alıb  ürəyinə çalın-çarpaz dağ  çəkdilər. Zərbələr  məndən  sənə  vurulan  zərbələrdir. Onunla  yanaşı  duran  ananın isə başdaşından sanki bu sözlər oxunurdu: ”Bala, möhkəm ol, o zərbələr  səni  sarsıtmasın, hələ sənin  iki  oğlun var. Həyat  davam  edir”.

Ata başını  qaldırıb qəbirstanlığa  nəzər  yetirəndə  artıq  duman  çəkilmək  üzrə idi. 
Elə bil  bütün  cavanlı-qocalı məzarlardan  bir  səs  gəldi: ”Darıxma Rəsul, darıxma. Biz və  Ulu  Tanrı Samiri çox  istədiyindən o bura  gəlib”.

Ata  üzünü  Samirə  tutub  sual   vermək  istədi. O isə  atasından bir  xahiş  etdi: "Ata, bizi  çox böyük  naz nemətlə  böyütdün. Mən ali  təhsil  aldım, magistraturaya  girdim. Sevdiyim qızı  aldın. Uzaq  bir  rayondan olmasına   baxmayaraq əziyyət  cəkib gəlin gətirdin. Rayonun  tarixində  olmayan bir  toy  etdin. Bir  sözlə,  səndən nə xahiş  etdik, bizi  eşitdin. İndi  isə  yenə  bir  xahiş  etmək  istəyirəm: Bu  sualı  mənə vermə. Bu suala sizinlə  axirətdə  görüşəndə  cavab  verərəm".

Bu anda  ata  özünü saxlaya  bilməyib başdaşını  qucaqlayıb ağlamağa  başladı. Qəbirstanlığa  yaxın bir  evin  həyətində  bir  qadının  ona  tərəf  baxdığını hiss etdi. Artıq  qaranlıq  çökürdü. Oradan çıxmaq  vaxtı  idi. O  isə  sualına  cavab  ala  bilmədiyi üçün  getmək  istəmirdi.

Qulağına pıçıltı səsi  gəlirdi, ətrafa  boylandı. Qəbirstanlıqda bir o idi, bir də  məzar  daşları. Qoca  çinar da onunla  üzbəüz  durmuşdu. Bəs  görəsən, pıçıltı  səsləri  haradan  gəlirdi? Diqqətlə  bir  daha  ətrafa  boylandı. Zəif əsən  isti  cənub  küləyi  sanki ona  kömək  məqsədi ilə dumanı  qovurdu. Duman  qovulduqca ümidləri qırılmış  ata  bir  daha  ətrafa  baxdı. Heç kimi  görə  bilmədi. Öz-özünə  fikirləşdi ki, görəsən,  yuxumu  görür? Yox, bu  yuxu  deyil. Bu  pıçıltı  qoca çinarın  yarpaqlarının  pıçıltısıdır. Onlar da  atanın  dərdinə  şərik  olub  ağlayırlar. Yarpaqlar biri-biriylə söhbət  edib  deyirlər ki, axı qaranlıq düşmək  üzrədir. Bəs çarəsiz  insan niyə  getmir?

Ata çinar ağacına bir  daha  diqqətlə  baxdı.Yaşı  üç yüz  ildən  çox olan bu  çinarın da  dərdi, deyəsən,  çox  imiş. İri  budaqları  sınıb  tökülmüşdü. Əbəs yerə  tökülməyib o budaqlar. Mənim kimi  könlü qəmli olan  insanların  dərdi  töküb o  budaqları...

Bu an oğlunun səsini içində duydu: ” Ata, dur, ata, dur, sən ki  zəif deyildin. Biz həmişə  sənə güvənmişik. Get evə, anama, qardaşlarıma, Şəbnəmə, bütün  qohumlarıma  de ki,  yerim  rahatdır. Nigaran  qalmasınlar..."