Cavid Qurbanov 3 milyonluq vaqona 15 milyon verib? - ADY açıqlama verməkdən yayınıb

Cavid Qurbanov 3 milyonluq vaqona 15 milyon verib? - ADY açıqlama verməkdən yayınıb

06-06-2019 20:48 / Bu xəbər 984 dəfə oxundu

Bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) Belarusdan 2 sərnişin vaqonu alıb.  

İki sərnişin vaqonu üçün isə ADY  30.384.560 (30 milyon 384 min 560) dollar ödəyib.  

Bu barədə məlumatı isə Dövlət Statistika Komitəsi yayıb.

2018-ci ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri idə 28.264.440 (28 milyon 264 min 440) dollar olub. Rəqəmlər arasında ciddi fərq var. Belə ki, ötən il hər vaqon üçün 3 milyon 533 min 55 dollar ödənildiyi halda, bu il 1 vaqona görə ADY Belarusiyaya 15 milyon 192 min 280 dollar ödəyib.

Qaynarinfo xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. 

S.Qədirova suallarına sorğu şəklində cavab verəcəyini və cavabı 3 iyun tarixində göndərəcəyini bildirib. Sorğu isə bu şəkildə olub: "Yayılan məlumat doğrudurmu? Əgər doğrudursa, iki vaqon üçün niyə bu qədər vəsait ödənilib? Bu vaqonların özəllikləri nədir?"

Lakin qurum bir vaqon üçün niyə 15 milyon dollar ödənildiyinin səbəblərini açıqlamaqdan yayınıb.