Cavid Qurbanov Bakı dairəvi yolun 13 min ton metalını hara daşıyır?

Cavid Qurbanov Bakı dairəvi yolun 13 min ton metalını hara daşıyır?

08-07-2018 09:36 / Bu xəbər 1084 dəfə oxundu

Bakı Dairəvi Dəmir Yolu xəttinin yenidən qurulması planı vağzaldan aeroporta qədər arealı əhatə edir.

23 yeni stansiya…

Azeuronews.com-un əməkdaşı xəbər verir ki, ADY Bakıxanov stansiyası, Zabrat-1, Zabrat-2, Pirşağı, Novxanı, Sumqayıt stansiyalarını əhatə edən Bakı Dairəvi dəmir yolunun genişləndirilməsi üzrə işlər yerinə yetirir.

Bu yol əks istiqamətdə Maştağa bağları massivinə qədər uzadılacaq, daha bir yol Dübəndi qəsəbəsinə qədər çəkiləcək.

Pirallahı körpüsünün sökülməsi ilə əlaqədar, Zirə qəsəbəsinə qədər xətt çəkiləcək. Ümumilikdə 23 yeni stansiya tikintisi və 107 km dəmir yolunun yenidən qurulması planlaşdırılır.

ADY sədri Cavid Qurbanov jurnalistlərə demişdi ki, Bakı Dairəvi dəmir yolunun təmiri ilə əlaqədar 13 min tondan çox rels və 180 mindən çox şpal dəyişdirilməlidir.

ADY sədri Cavid Qurbanov

Dəmir yolunun təmir tələb edən hissəsinin ümumi uzunluğu 100 kilometrdən çoxdur.

Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi ilə əlaqədar 100 milyon manat vəsait ayrılıb.

Şpallar, relslər hara daşınır?

İqtisadçı Qadir İbrahimlinin qənaətincə, təxminən 3 milyon yarım insanın yaşadığı Bakı kimi meqapolisdə dairəvi dəmir yolu ictimai nəqliyyatın yükünü azalda bilər:

"O proses necə aparılacaq, yenidən pulların silinməsi layihəsi olacaq, ya həqiqətən də infrastrukturun inkişafına təkan layihəsi olacaq, bunu zaman göstərəcək”. 

Ancaq yenidənqurma ilə bağlı sökülən dəmiryol relsləri, şpallar, elektrik qatarlarının relsləri daxili bazarda və qonşu ölkələrdə satılır.

C.Qurbanovun dediyi 13 min ton metalın hissə-hissə sökülərək satıldığını öyrənmişik.

Dəmiryolçulardan birinin sözlərinə görə, Gürcüstana daşınan metal və daxili bazarlarda satılan relslər, şpallar ADY rəhbərliyi üçün nəhəng biznes mənbəyinə çevrilib.

"28 May”dan başlayaraq Keşlə və Bülbülə istiqamətində qədər dəmiryol relsləri çıxarılır, yenisi ilə əvəzlənir və köhnələri satılır. Halbuki, onların hamısının istismar dövrü qurtarmayıb.

Təmirdən sonra 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə bilər.

Amma buna qədər C.Qurbanovdan 13 min ton rels və 180 mindən çox şpalın dəyişdirilərəkən köhnələrin hara istifadə edildiyi soruşulmur.

Yeri gəlmişkən, bu məsələni ilk ictimailəşdirən haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev olub. (https://ady.az/az/content/index/68)

Fətullayev feysbuk hesabında C.Qurbanovu metal satışında ittiham etmişdi. Sitat: "Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı?
Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”

ADY-nin mətbuat xidməti rəhbəri Sevinc Qədirovanın azeuronews.com-a verdiyi açqlamaya görə, dairəvi dəmir yolunda ümumilikdə 107 km yol yenidən qurulacaq: "Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Hazırda apaşdırma, layıhələndirmə işləri aparılır.

Dairəvi dəmir yolunda ümumilikdə 107 km yol yenidən qurulacaq. Genişləndirilən Bakı-Sumqayıt dairəvi dəmir yolunun bir hissəsi Dübəndiyə qədər uzadılacaq. Genişləndirmə işləri Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və Sumqayıt istiqamətində olacaq.

Dəmir yollarının istismarına dair təlimatların tələbləri əsasında yeni materiallarla əsaslı təmir olunmuş yollardan çıxan köhnə və yarım yararlı materiallar, onların cari vəziyyətinə uyğun olaraq, çeşidlənir və tələb olunan yerlərdə (stansiya yollarında, dalan yollarında və s.) istifadə olunur”