Cavid Qurbanov dəmir yol xəttinin mühafizə zolağında obyekt tikdirir – VİDEO

Cavid Qurbanov dəmir yol xəttinin mühafizə zolağında obyekt tikdirir – VİDEO

22-02-2020 17:30 / Bu xəbər 1153 dəfə oxundu

Artıq bir-neçə gündür Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin yaxınlığında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun adından istifadə olunmaqla obyekt tikilir. 

Jamaz.info xəbər verir ki, kompleksdə yaşayan sakinlərin şikayətlərinə və etirazlarına baxmayaraq, tikinti işlərini aparan şəxslər tələblərə məhəl qoyulmurlar.  

Qeyd edək ki, özbaşınalıq o həddə çatıb ki, ərazidə aparılan tikintiyə edənləri, o cümlədən jurnalistləri həbs etdirməklə hədələyirlər. Belə ki, tikinti işlərini aparan şəxslər açıq şəkildə deyirlər ki, onlara heç kim heç nə edə bilməz. Səbəb kimi də onlara razılığın Cavid Qurbanov tərəfindən verildiyini göstərirlər.

Məsələ ilə bağlı Criminal.az saytı Cavid Qurbanovun rəhbərlik etdiyi ASC-nin mətbuatla əlaqələrə cavabdeh şəxsi Natəvan Bayramova ilə əlaqə saxlayıb. 

Xidmət rəhbəri məsələ ilə bağlı açıqlama veriləcəyini deyib. Bundan başqa, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudova da məsələ ilə bağlı məlumat verilib. Lakin bunlara rəğmən, hələlik heç bir tədbir görülməyib.

Nəzərinizə çatdıraq ki, hal hazırda sürəkli şəkildə tikinti aparılan ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Həmin zolaqda ötən il "Uğur-2” yaşayış kompleksində yaşayan sakinlər 500 ağac əkiblər. Lakin Cavid Qurbanovun adından əraziyə gələn QSC rəsmiləri ağacları kökündən çıxarıblar. Hərəkətlərinə isə belə haqq qazandırmışdılar ki, ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Üstündən 1 il ötəndən sonra isə ağacların çıxarıldığı ərazidə iri obyekt inşa olunur.

Maraqlıdır ki, bir il bundan əvvəl ərazi dəmir yolunun mühafizə zolağı hesab olunsa da, bəlli olmayan səbəbdən hazırda tikinti meydançasına çevrilib. Bunun məmur özbaşınalığı olduğu şübhəsizdir. Və ümid edirik ki, Cavid Qurbanov və ya onun rəhbərlik etdiyi qurum məsələyə aydınlıq gətirəcək və özbaşınalığa son qoyacaq.