Cavid Qurbanovla bağlı araşdırmada haker izi

Cavid Qurbanovla bağlı araşdırmada haker izi

10-06-2019 18:40 / Bu xəbər 1073 dəfə oxundu

Ötən ay mühacirətdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanovla bağlı ciddi faktların olması barədə anons vermişdi.

O, feysbuk səhifəsində yazırdı ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərinin ölkədəki və xaricdəki biznesi ilə bağlı maraqlı məlumatlar əldə edib.

Araşdırmanı yaxın günlərdə təqdim edəcəyini deyən jurnalistin feysbuk profili bundan bir müddət sonra haker hücumuna məruz qalıb. 

Jurnalist qeyd açıqlamasında bildirmişdi ki, profilində olan bütün məlumatlar haker hücumu nəticəsində silinib, amma araşdırmaların bir çoxu mediada dərc olunub.

Qeyd edək ki, araşdırmaçı indiyədək bir çox məmurların ölkədə və xaricdə beznesi və mülkünün olması barədə araşdırmalar təqdim edib, sənədlər yayıb. 
 
Jurnalist hətta bu araşdırmalarla bağlı müxtəlif dövrlərdə təhdidlər də aldığını qeyd edib.

O yazır: 

"Çoxlarınıza bəlli olduğu kimi aprel ayından bəri səhifəmə intensiv hücumlar başladı. Əslində əvvəllər də bu kimi hallar baş verirdi, amma bunlar ara-sıra və kortəbii edildiyindən ciddi əhəmiyyət vermirdim. İndiyədək ünvanıma gələn tədidləri, ötən ilin oktyabr ayından messenger üzərindən aldığım ölüm hədələrini ciddiyə almadım. 

Hətta Avropada belə öldürüləcəyimlə bağlı xəbərdarlığı (bu xəbərdarlığı ötən il noyabrın 22-də almışdım) önəm vermədim, davam etdim. 

Yeri gəlmişkən, kiçik bir araşdırmadan sonra belə hədələrin birininin müəllifinin Bakıdakı Volqa AvtoKlubunun nümayəndəsi olduğunu müəyyənləşdirmişəm. Klubun kimə aid olduğu, hansı çetenin himayəsi altında olduğunu bilmirəm, amma burdan o təhdidin arxasındakı köpəklərə salam deyirəm. 

Təbii ki, istər hədə-qorxuların, istərsə də şəxsi hesablarıma hücumların korrupsiya mövzusunda araşdırmalarla birbaşa bağlı olduğuna heç bir şübhəm yoxdur. Amma qeyd etdiyim kimi son vaxtlar şəxsi hesablarımı ələ keçirmək cəhdləri o qədər artdı ki, mütəmadi olaraq parolları dəyişmək zorunda qalırdım. 

Bəzən gün ərzində 15-20 dəfə belə cəhdlər olurdu. Maraqla sayırdım, sanki cəbhə xəttində atəşkəsin pozulmasının statistikasını aparırdım. Nəhayət ötən ayın əvvəlində səhifəmə girişim mümkünsüz oldu. Aydın idi ki, səhifə ələ keçirilib. Ötən müddət ərzində səhifəni qaytarmağa çalışdım, lakin və lakin...

Eyni vəziyyət əslində heç işlətmədiyim və çoxdan qeydiyyatdan keçirdiyim instagram hesabımda da təkrarlandı. Və günü bu günə kimi az qala hər gün e-mail hesabıma müdaxilə cəhdləri barədə də xəbərdarlıqlar gəlir. 

Əslində facebook profilimin oğurlanması heç nəyi dəyişmir. Əvvəlki səhifədə ixtiyarınıza verdiyim araşdırmalar mətbuatda və sosial şəbəkələrdə geniş yayılıb. Əməyi keçənlərə təşəkkürlərimi bildirirəm. Araşdırmalarımın müəllifi kimi yazdıqlarımın arxasındayam, susmaq, geri çəkilmək, əyilmək kimi bir düşüncəm yoxdur. Bütün sənədlər arxivləşdirilir, korrupsiya şübhəsi doğuran bütün faktlar bu gün deyilsə də bir gün ədalət mühakiməsinə təqdim ediləcək.

Və yeni səhifə ilə davam etməkdə qərarlıyam, əldə etdiyim son sənədləri yayana qədər burdayam, dünyanın hansı-künc bucağına daşıyırlarsa-daşısınlar, əlim yetən ünvanlarda izlərini biraxmayacağam. Bu profili də bağlatdıracaqlarsa yenisi ilə varam, bacarırlarsa susdursunlar..."