Cavid Qurbanovla Ziya Məmmədovun münasibətləri niyə kəskinləşib?

Cavid Qurbanovla Ziya Məmmədovun münasibətləri niyə kəskinləşib?

26-10-2016 01:15 / Bu xəbər 882 dəfə oxundu

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun indiki həssas dönəmdə sələfi Arif Əsgərovu sərt tənqid etməsi təsadüfi deyil.

24saat.org-a daxil olan məlumata görə, Cavid Qurbanovun məlum müsahibəsi qarşı tərəfin onun barəsində mediaya kompromatlar ötürməsinə cavabdır. Mənbə bildirir ki, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri olduqdan sonra qurumda kompleks yoxlamalara başlayıb. Nəticədə "Azərbaycan Dəmir Yolları” QSC-də külli miqdarda yeyinti üzə çıxıb. "Təxminən 1 milyarda manata yaxın maliyyə mənimsəməsi aşkarlanıb”, – deyə mənbə əlavə edib.

Mənbənin sözlərinə görə, Cavid Qurbanov bu barədə Arif Əsgərovu və nəqliyyat naziri Ziya Məmmədovu xəbərdar edib. Bu yerdə yada salaq ki, Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən çıxarılandan sonra nəqliyyat nazirinin müavini təyin edilib. Arif Əsgərov Ziya Məmmədova ən yaxın şəxslərdən biri kimi tanınır.

İndisə qayıdaq "Azərbaycan Dəmir Yolları” QSC-dəki yeyintiyə. Beləliklə, Cavid Qurbanov mənimsənilən maliyyə qaytarılmayacağı təqdirdə prezident İlham Əliyevi bu barədə məlumatlandıracağını deyib. Qarşı tərəf isə, daha doğrusu Ziya Məmmədovun göstərişilə "Azəryolservis” ASC-də Cavid Qurbanovun işlədiyi dövrlə bağlı yoxlamaya başlanılıb. Bu "Azəryolservis” müstəqil quruma çevrilməmişdən əvvəl baş verib. Qısa müddət ərzində Cavid Qurbanovun fəaliyyətilə bağlı kompromatlar toplanıb və onun barəsində geniş araşdırma yazısı hazırlanıb. Həmin yazının Ziya Məmmədova yaxın media orqanlarında yayımlanması nəzərdə tutulub. Lakin son anda qərar təxirə salınıb.

Ehtimal olunur ki, yazının təxirə salınması Cavid Qurbanov hələ də "yuxarı”ya məruzə etməməsilə əlaqədardır. Amma bununla belə qarşı tərəf Cavid Qurbanova təzyiqləri davam etdirir. İddialara görə, Cavid Qurbanovla bağlı kompromat tipli məlumatların mətbuata ayaq açması da bu savaşın tərkib hissəsidir. Cavid Qurbanov da nəhayət bütün bunlara cavab vermək qərarına gəlib.

Məlumatda həmçinin qeyd edilir ki, bu qarşıdurmanın kökündə Cavid Qurbanovun nəqliyyat sektorunu tamamilə nəzarətə götürmək niyyəti də dayanır.///24saat.org