Cəbhəçi gəncin məhkəməsi keçirilib

Cəbhəçi gəncin məhkəməsi keçirilib

08-09-2018 02:17 / Bu xəbər 2355 dəfə oxundu

AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Orxan Baxışlının məhkəməsi davam edir.

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesi izləməyə gələnlərin çox az bir qismi məhkəməyə buraxılıb. Məhkəmə zalında boş yerlər olmasına baxmayaraq, səfirlik təmsilçiləri və O.Baxışlının yaxınları istisna olmaqla, digər şəxslər buraxılmayıb.

Məhkəmədə dörd şahid dindirilib. Əvvəlcə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Naib Ömərov ifadə verib. O bildirib ki, Orxanı əməliyyat məlumatı əsasında "Elmlər Akademiyası” metrostansiyasının qarşısında saxlayandan sonra onu səhvən 26-cı polis bölməsinə, oradan da 28-ci bölməyə aparıblar. 

N.Ömərov vəkilin sualına cavab olaraq deyib ki, Orxanın üzərində narkotik olması barədə əməliyyat məlumatında onun adı və xarici görünüşü yazılmışdı. Vəkil isə deyib ki, iş materiallarında olan həmin sənəddə Orxanın şəxsiyyət vəsiqəsi, yaşadığı ünvan, oxuduğu universitetə qədər bqtqn məlumatlar yazılıb. Vəkil vurğulayıb ki, əvvəlcədən belə bir əməliyyat məlumatı olmayıb, onu sonradan hazırlayıb işə əlavə ediblər.

N.Ömərov Orxanın metronun çıxışında tutulduğunu bildirsə də, gənc fəal deyib ki, onu Geologiya İnstitutunun qarşısında saxlayıblar.

O.Baxışlı polisdən soruşub ki, saxlanılarkən niyə onun üzərində axtarış aparılmayıb: "Deyirsiz ki, mənim narkotik satışıyla məşğul olmağım haqda sizdə məlumat vardı. Bəs niyə dərhal axtarış aparmadınız? Bəlkə üstümdə silah və ya başqa təhlükəli şeylər vardı?”

N.Ömərov bildirib ki, hal şahidləri olmadığına görə axtarışı bölməyə saxlayıblar.

O.Baxışlı qeyd edib ki, aprelin 29-da mitinqə görə ona verilmiş inzibati həbs cəzasını başa vurub çıxmışdı. O bildirib ki, siyasi fəaliyyətinə görə həbs edilib.

Daha sonra 28-ci polis bölməsinin əməliyyat müvəkkili Nəsimi İsmayılov dindirilib. O, vəkilin sualına cavab olaraq deyib ki, hal şahidlərini bölmənin qarşısındakı küçədən tapıblar. O bildirib ki, hal şahidlərindən birinin özünün əvvəllər narkotikə görə həbs olunduğunu bilməyib.

O.Baxışlı deyib ki, onu saxlayan zaman bu polis əməkdaşı orada olmayıb. Cəbhəçi fəal qeyd edib ki, Nəsimi İsmayılovu 26-cı polis bölməsində görüb.

Daha sonra hal şahidləri dindirilib. Mahir İsgəndərov bildirib ki, bölmədə Orxanın cibindən metro kartı, qəpiklər və sellofanda toz çıxıb. İlk dəfə hal şahidliyi etdiyini deyən M.İsgəndərovun sözlərinə görə, onu bölmənin qarşısından yox, başqa küçədən çağırıb gətiriblər: "Polislər əlini salıb cibindən çıxartdılar”.

İkinci hal şahidi Nicat Məmmədov vəkilin sualına cavab verərkən təsdiqləyib ki, o, 2013-cü ildə həbs olunub, 2015-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Vəkil E.Sadıqov hal şahidindən narkotikə görə həbs olunması barədə soruşub. Hakim bu barədə sualı çıxarıb, deyib ki, bu işə aidiyyəti yoxdur.

Öncəki hal şahidi O.Baxışlının cibindən çıxan tozun ağ rəngdə, N.Məmmədov isə qəhvəyi rəngdə olduğunu deyib.

Bununla da şahidlərin dindirilməsi mərhələsi başa çatıb.

Məhkəmə sentyabrın 10-da davam edəcək.

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib.