''Cəlilabadda 1,5 hektarlıq tut bağı məhv edilir''

''Cəlilabadda 1,5 hektarlıq tut bağı məhv edilir''

11-06-2018 16:02 / Bu xəbər 1427 dəfə oxundu

Privolnoye kənd sakinləri ağac kəsiminin qarşısını ala bilmir

"Dədə-babadan qalan bağdır, kəndlilər özləri qulluq edir. Yayda adamlar axınla gedir o bağa, nərd atır, çay içir, ağacların tutundan yeyir, istirahət edir. İndi bir işbaz çıxıb ortaya, alıb əlinə baltanı, doğrayır tökür hamısını... Deyir, icazəm var, barama yetişdirirəm”.

Cəlilabad rayonu, Privolnoye kənd sakinləri Meydan TV-yə kənddəki tut bağının məhv edilməsindən danışırlar. Onların deməsinə görə, iki həftədən çoxdur ki, bir sahibkar təqribən 1,5 hektar sahədə, diametri 25-30 santimetr olan 500-dək ağacın 50-dən çoxunun budaqlarını tamamilə kəsdirib. Kəsim prosesi davam edir. Sakinlərin iddiasına görə, sahibkar həmin budaqları evində yetişdirdiyi baramalara görə kəsir.

Deyir, yarpaq dərməyə vaxtım yoxdur

Kənd sakini Azər Süleymanov danışır: "Evində barama yetişdirir. Deyirik, barama bu ağacın yarpağını yeyir, ay qardaş, sən də yarpağını dər apar. Deyir, o, vaxt aparan işdir, mənim vaxtım yoxdur yarpaq dərdirməyə... Dövlət Proqramıdır, ölkə başçısı özü deyib ki, baramaçılıq inkişaf etdirilsin. İcra başçısından icazəm var, nə sözünüz var, gedin, ona deyin. Bir sözlə, baramaya görə bu boyda bağ məhv edilir”.

Sakin Rafiq Musayev deyir, dəfələrlə ağacların kəsilməsinin qarşısını almaq istəyiblər. Nəticədə polis xəbərdarlığı alıblar: "Polislər gəldi, dedilər, bir adam bağa yaxın getsə, inciməsin, tutub şöbəyə aparacağıq, imkan verin, adam işini görsün”.

Baltalar işə düşəndə...

Sakinlərin deməsinə görə, ilk günlər fəhlələr bağa ayaq açanda icra hakimiyyətinə şikayət ediblər. Qurumun nümayəndələri bağa gəliblər, bildiriblər ki, narahatçılığa əsas yoxdur, yalnız yarpaqlar götürüləcək. Ancaq baltalar işə düşəndə məlum olub ki, iri budaqlar da yarpaqların güdazına gedir. Rafiq Musayev sözünə davam edir: "65 yaşım var, gözümü açandan bu bağı görmüşəm. Bundan əvvəl də kəndimizdə baramaçılıq olub, ağacların yarpaqlarından istifadə edirdilər. İndisə ağacların budaqlarını baltalayıb aparırlar. Əvvəl baltayla kəsirdilər, səs-küy salıb dayandırdıq, indi də başlayıblar dəzgahla kəsməyə...”

Sakinlərin müraciətlərinə yerli ekologiya şöbəsi də susub.

İcra hakimiyyəti: Budaqlar kəsilmir, yarpaqlar dərilir

Cəlilabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, prezident İlham Əliyevin ölkədə ipəkçiliyin inkişafı üçün verdiyi tapşırıqlardan sonra, Cəlilabadda təqribən 1 hektar ərazidə Çindən gətirilən 10 min ədəd tut tingi əkilib. Artıq bu tinglərin yarpaqlarından üçüncü mövsümdür ki, istifadə olunur. Lakin bu, yetərli olmadığından rayon sakinləri qurdların yetişdirilməsi üçün köhnə tut bağlarından da istifadə edirlər. Qurumdan o da bildirilib ki, barama yetişdirilməsi ilə məşğul olan sakinlər Privolnoye kəndindəki iri tut bağının ağaclarından da istifadə edirlər. Lakin budaqların kəsilməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Baramaçılar yalnız bu ağacların yarpaqlarından istifadə edirlər.

Bağdakı ağacların vəziyyəti isə qurumdan deyilənlərin əksini göstərir.