Cəmil Həsənli: "Rejimi dayandıracaq yeganə amil Qərbin sanksiyalarıdır"

Cəmil Həsənli:

01-11-2019 18:00 / Bu xəbər 1904 dəfə oxundu

"ABŞ hakimiyyəti ədalət naminə Azərbaycan hökumətinə təzyiq göstərməlidir”

"ABŞ-ın Bakıdakı səfirliyinin oktyabrın 22-də verdiyi bəyanat bizi ruhlandırır. Bəyanatda hökumət polis zorakılığını araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır. Ancaq biz dəqiq şəkildə bildirməliyik ki, bu bəyanat kifayət deyil”.

"Turan” İnformasiya Agentliyinin məlumatına görə, bunu oktyabrın 31-də Vaşinqtonda ABŞ Milli Mətbuat Klubunun təşkil etdiyi "19 oktyabr etiraz aksiyası –işgəncələr və repressiyalar. Azərbaycanda yeni era” mövzusunda diskussiyalarda çıxış edən "Amnesty İnternational” təşkilatının Avropa və Mərkəzi Asiya departamentinin direktoru Daniel Balson deyib.

Müzakirələr 19-20 oktyabr tarixlərində Bakıda keçirlmiş siyasi aksiyalar və bundan sonra iştirakçılara qarşı təqib və işgəncələrə həsr olunub.

O deyib ki, ABŞ hökumətinin yüksək vəzifəli məmurlarının Vaşinqtonda və Azərbaycanın yüksək vəzifəli məmurları qarşısında bu məsələni açıq şəkildə necə qaldırdığını eşitməliyik.

Daniel Balsonun sözlərinə görə, etirazçılar oktyabrın 19-da korrupsiyaya, vətəndaşların siyasi və mülki hüquqlarının məhdudlaşdırılmasına etirazlarını bildirmək üçün toplaşıblar. Bundan bir gün sonra, oktyabrın 20-də qadın hüquqlarının müdafiəsi üzrə fəallar ailədə zorakılığa qarşı çıxış etmək üçün Bakıda toplaşıblar:

"Etirazçılar hakimiyyətdən aksiyaya icazə verilməsini xahiş ediblər, lakin polis bildirib ki, onlar "şəhər sakinlərinin istirahətinə maneçilik törədirlər. Qadınların mitinqi də polis tərəfindən amansızcasına yatırılıb”, - D.Balson deyib.

O qeyd edib ki, Ağ Ev bütün dünyada qadınlara qarşı zorakılıq faktları ilə bağlı dəfələrlə narahatlığını ifadə edib.

"Əgər bu bəyanatların əhəmiyyəti varsa, ABŞ hakimiyyəti ədalət naminə Azərbaycan hökumətinə təzyiq göstərməlidir”, - Balson əlavə edib.

Tədbirdə çıxış edən Demokratik Qüvvələrin Milli Şurasının lideri Cəmil Həsənli deyib ki, Dövlət Departamentinin müxalifət liderlərinə, AXCP sədri Əli Kərimli və Azərbaycan Demokratik Qüvvələri Milli Şurasının üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliyə qarşı işgəncələrə susqun reaksiyası təəssüf və hədsiz məyusluq doğurur. Onun sözlərinə görə, bu gün Azərbaycanda gözlənilməz hadisələr baş verir - bir tərəfdən xalqın ictimai-siyasi fəallığı gündən-günə artır, digər tərəfdən isə hakim rejiminin total repressiyası son həddə çatıb.

"İşgəncələrdən istifadə hakimiyyətin 19 oktyabr aksiyası iştirakçılarına və müxalifətə qarşı planlaşdırılmış əməliyyatı idi. Mitinq zamanı qadınlar, qocalar, yetkinlik yaşına çatmayanlar, hətta əlillər də saxlanılıb. Onların bir çoxu oktyabrın 19-da Bakı şəhər polisinin müxtəlif bölmələrində dəhşətli işgəncələrə məruz qalıb. Bəzi tibb müəssisələri polis zorakılığından əziyyət çəkənlərə ilkin tibbi yardım göstərməkdən imtina ediblər”, - Cəmil Həsənli bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda müxalifətçi siyasətçi olmaq çox təhlükəli peşədir və 19 oktyabr mitinqi zamanı AXCP lideri Əli Kərimli ölüm təhlükəsinin bir addımlığında idi.

Cəmil Həsənli Milli Şuranın Koordinasiya Mərkəzinin əməkdaşı, ən fəal hüquq müdafiəçisi və işgəncələrə qarşı mübariz Oqtay Gülalıyevin maşınla vurulmasını qeyd edib. Onun fikrincə, bu, birbaşa onun hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır. "Bir neçə il öncə o, saxta ittihamlarla həbs olunmuşdu, sonra oğluna qarşı cinayət işi qaldırıldı, nəhayət indi də onu maşın vurdu. O, polisdə işgəncələr, siyasi məhbusların və istintaq zamanı, cəzaçəkmə yerlərində hərbçilərin ölümü faktlarını ifşa edirdi. Onu işgəncə barədə məlumatları yaymaqdan imtina etməsə, fəsadları barədə dəfələrlə xəbərdar etmişdilər. Lakin o, ölkənin güc strukturlarında işgəncələri ifşa etməyə davam edirdi”.

C.Həsənli qeyd edib ki, bu gün Azərbaycanın həmişəkindən daha çox demokratik islahatlara ehtiyacı var.

"Ölkədə söz və mətbuat azadlığı yoxdur, vətəndaş cəmiyyəti institutları sıxışdırılır, siyasi məhbusların böyük bir siyahısı var. Son 10 ayda hakimiyyət Bakıda və ölkənin digər şəhərlərində mitinq və yürüşlərin keçirilməsini qəti şəkildə qadağan edib. Prezident və parlament seçkiləri zamanı saxtalaşdırma hər dəfə artır”.

Cəmil Həsənli hesab edir ki, rejimi dayandıracaq yeganə amil Qərbin sanksiyalarıdır.

"İlham Əliyev özü siyasətçilərə və fəallara qarşı işgəncələrə son qoymalıdır. Bunda günahkar olanlar qlobal Maqnitsky qanununun tətbiqilə sanksiyaların hədəfində olmalıdır. Qərb Azərbaycan hakimiyyətinə mesaj göndərməlidir ki, hakimiyyətin bu cür sui-istifadə hallarına artıq dözməyəcək”, - deyə C.Həsənli vurğulayıb.

Debatlarda iştirak edən jurnalist Sevinc Osmanqızı bildirib ki, mətbuata və TV-yə dövlət nəzarəti, sosial şəbəkələrə nəzarət etmək cəhdləri, jurnalistlərin təqib edilməsi, müxalifət partiyaları fəallarının həbsi və çoxsaylı siyasi məhbuslar Azərbaycanda insan haqlarını şübhə altına alır.

"16 ildir ki, ölkədə totalitar polis rejimi qurulub. Bu, Əliyevin on altı illik hakimiyyətinin kədərli nəticəsidir”, - S.Osmanqızı deyib.

Tədbirin nəticəsi olaraq Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi və müxalifət lideri ABŞ administrasiyasına müraciət edərək Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı çıxış etməyə çağırıblar.

Tədbirin moderatoru jurnalist, "Amnesty International USA” Azərbaycan üzrə mütəxəssisi Ələkbər Raufoğlu olub.