"Cənab prezident, Kərəm Həsənova tapşırın ki..."

22-07-2018 02:38 / Bu xəbər 5339 dəfə oxundu

Abşeronun Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olan və yaşayan Əsədov Abı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 4 saylı Ərazi İdarəsindən şikayətçidir. 

O, idarəsi rəisini vəzifə səlahiyyətindən sui-istifadə etməkdə, vətəndaşlara qarşı kobud qanun pozuntularına yol verməkdə ittiham edir. 

O, ölkə başçısına, mediaya və dövlət qurumlarına ünvanladığı müraciətdə yazır: "Etibarnamə üzrə hüquqlarını müdafiə etdiyim  Abşeron rayonun Aşağı Güzdək qəsəbə sakinləri Qarabağ Müharibəsi veteranı, 2-ci qrup əlil Kamilov Vurğun Xankişi oğlu və həmin qəsəbədə yaşayan qohumum Təzəgül  Qurbanova DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin yarıtmaz, bürokratik.yalançı fəaliyyətlərindən narazıdırlar. Belə ki, Qarabağ döyüşlərində sağlamlığını itirmiş V. Kamilov uzun müddətdən sonra bu il yaşadığı evə qeydiyyat vəsiqəsi verilsə də, evin yerləşdiyi torpaq sahəsində 1988-ci ildə tərtib olunmuş evin texniki pasportunda qeyd edilmiş yardımçı tikililəri evin 07.05.2017-ci ildə tərtib etdikləri yeni Texniki Pasportda və Qeydiyyat Vərəqəsində qəsdən göstərməmişlər. 

Bu barədə İdarə rəisi F.İsayev utanmadan 21.11.2017-ci il tarixli cavab məktubunda arayış olaraq göstərir ki, " 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün yaşayış evinə baxış keçirilib. Müayinə zamanı 0,0360 ha torpaq sahəsininzəbt edildiyi, torpaq sahəsinin təyinat üzrə istifadə edilmədiyi, torpaq sahəsi üzərində 170 kv.m yarımçıq tikilinin, 35,42 kv.m ölçüdə təkər təmiri sexinin və qeyri-yaşayış binasının inşa edildiyi aşkar edilib. ”Rəis sonra da qanunvericiliyə istinad edərək öz bildiyi kimi nağıllarla fikrini əsaslandırmağa çalışır.

Əvvəlcə bildirim ki, rəisin yazdığı qondarma və tam əsassızdır, yalandır. Çünki 40 ildir ki, V.Kamilovun yaşadığı 10 sot sahədə inşa edilmiş evə həmin 4 saylı ərazi İdarəsi Texniki pasport və Qeydiyyat vərəqəsi verəndə yazdığı 0.036 ha zəbt olunmuş torpaq sahəsi və onun üzərində tikilmiş 170 kv.m qeyri yaşayış sahəsi mühəndis tərəfindən aşkar edilməyib. Bəli, 30 il əvvəl 10 sotun daxilində tikilmiş yardımçı təsərrüfatım mövcud olmuşdur,lakin mülkiyyətimdə olan 10 sot torpağın daxilində. Və mən də tələb edirəm ki, 10 sot torpağın daxilindəki və evimin yanındakı həmin tikli illərdir mövcud olduğuna baxmayaraq, niyə texniki pasportda və qeydiyyat vərəqəsində göstərilmir? İndi də rəsmi məktubda utanmadan qeyd edirlər ki, guya bu tikili zəbt olunmuş 0,036 ha ərazidə imiş. Halbuki mənim zəbt olunmuş 3.6 sot torpağım ümumiyyətlə yoxdur. Rəis bu yalanı hardan uydurub bilmirəm. Bəli, mən etiraf edirəm ki, həqiqətən, bu məsələyə görə rüşvət vermədiyimə görə rəis də bunun qarşılığında səlahiyyət həddini aşaraq özündən yalan məlumat uyduraraq rəsmi cavab verir.

Cənab Prezident, 2-ci qrup Qarabağ əlili V.Kamilov həmin torpaq uğrunda canını, sağlamlığını belə yalançı rəislərdən ötürü itirməyib ki, qulluq mövqeyindən süi-istifadə etməklə keçmiş döyüşçünü dövlətdən narazı salsın. Xahiş edirk ki, V.Kamilovun məsələsinin ciddi araşdırılmasını Əmlak Komitəsinin rəisi Kərəm Həsənova tapşırasınız.

Digər vətəndaşla bağlı olan məsələ də eynilə oxşardır. Belə ki, yenə Aşağı Güzdək qəsəbə sakini Təzəgül Qurbanov 2006-cı ildən yerli bələdiyyə tərəfindən 0,08 ha torpaq sahəsini qanunauyğun formada almış və yalnız alqı-satqı aktını 2017-ci ildə həyata keçirə bilib. Onun da əldə etdiyi torpağa mülkiyyət hüququqnun tanınması üçün DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciətinə cənab idarə rəisi Hikmət Mustafayevin yazdığı 12 iyul 2018-ci il tarixli cavab məktubunda imtinanın səbəbi belə yalanlarla bildirilir:  "0,08 ha torpaq sahəsi Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi tərəfindən 10.04.2006-cı il tarixli 05 saylı qərarı əsasında ayrılmasına baxmayaraq, alqı-satqı aktı 16.11.2017-ci ildə müvafiq qaydada təsdiq edilmiş , habelə A.Güzdək bələdiyyəsinin yerqurluşu planında torpaq sahəsinin yerləşdiyi zona dəqiqləşdirilməmiş, yerquruluşu işləri aparılmamış, torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır”. 

Budur, yenə də 4 saylı idarə rəisi ağlına gələn və gəlməyən səbəbləri rəsmən göstərməklə sanki Azərbaycan vətəndaşlarına həqarət edir:

1.  Qeyd edilir ki, torpağın alqı-satqısı 2017-də baş verib. O zaman sual olunur: mənim kimi qəsəbədə 2017-ci il tarixinə alqı-satqı aktı almış 30-a yaxın qəsəbə sakinimizin torpağına hansı maraqlar daxilində qeydiyyat vərəqəsi verildi?
2.  O necə yerquruluşu planıdır ki, təqdim etdiyim bu sənəddə 4 tərəfdən X  və Y  rəqəmləri dəqiq göstərilməklə tərtib olunub. Deməli, rəisin bu təqdim etdiyim sənəddən ya xəbəri yoxdur, ya anlayışı yoxdur,ya da özünü xam yerinə qoyur ki, gəlib hesablaşaq.
3. Əgər qeyd edildiyi kimi, yerquruluşu işləri aparılmayıbsa, onda torpağın dörd tərəfindən necə dəiqi rəqəmlər yazılıb təsdiq edilib?
4. Torpaq sahəsinin planı və ölçüsü hazırlanmayıbsa , torpağın alqı-satqı aktı , banka ödənilən rüsum, bələdiyyə sənədləri necə tərtib olunub?

Belə olan halda, nəticəyə gəlirik: Əmlak Komitəsinin yanında DƏDRX-nin 4 saylı İdarəsinin vətəndaşlara verdiyi əsassız və yoxlanılmamış rəsmi cavablardan görünür ki, bütün sənədlər qaydasında olduğu halda idarə rəisi vəzifə saxtakarlığı edərək vətəndaşı rüşvət vermədiyinə görə alçaldır, get-gələ salır və qəsdən dövlətdən narazı salır. İnsanları intihara sürükləyir. Bunun ayrı anlamı yoxdur

Odur ki, cənab Prezident və Ali Baş komandan bir daha Sizdən xahiş edirəm:  DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi rəisinin vəzifə səlahiyyətindən süi-istifadə etməklə kasıb vətəndaşlara qarşı yol verdiyi kobud qanunpozuntusu hallarının araşdırılmasına və hüquqi qiymətin verilməsinə göstəriş verəsiniz.

Müraciət aşağıdakı şəxslərə ünvanlanıb: 

1. Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevə, 
2. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım M.Əliyevaya,
3. Prezident Aministrasiyasının rəhbəri R.Mehdiyevə,
4. Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralova,
5. Ombudsman Aparatının rəhbərinə,                   
6. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə,
7. Dövlət Təhlükəsizlik Xidməti rəisi M.Quliyevə,
8. Ailə-Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə,
9. İqtisadi inkişaf naziri Ş.Mustafayevə,
10. Əmlak Məslələri Dövlət Komitəsi sədri K.Həsənova,
11. Bakı şəhər prokuroru İ.Abbasova,
12. Bakı şəhər Baş Polis İdarəsinin rəisi M.Seyidova,
13. Abşeron rayon İcra Hakimiyyətinin başçısına...    

 Hörmətlə: V.X.Kamilovun və T.Qurbanovanın nümayəndəsi A.Əsədov".

Yazıdakı fikirlərlə bağlı sözügedən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.