Cəzaçəkmə Müəssisəsinin rəisi məhbusları qandalla asdırır - İlkin Rüstəmzadə

Cəzaçəkmə Müəssisəsinin rəisi məhbusları qandalla asdırır - İlkin Rüstəmzadə

28-09-2019 18:36 / Bu xəbər 1168 dəfə oxundu

13 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslara işgəncə verildiyi deyilir.

Bu barədə keçmiş siyasi məhbus, nidaçı fəal İlkin Rüstəmzadə öz feysbuk hesabında məlumat yayıb.

O deyir ki, məhbusların yaxınlarının sözlərinə görə CM-in rəisi Çingiz Yunisov məhbusları karserə saldıraraq onları çılpaq halda bir-birinə bağlayır, onları ayaqyolunda bir-birini murdarlamağa məcbur edir. "İslah olunmayan" məhbusları isə qandalla asdırır.

İlkin Rüstəmzadə hüquq müdafiəçilərindən və mediya nümayəndələrini bu məsələyə diqqət yetirməyə çağırır.

Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: "Heç bir işgəncədən söhbət gedə bilməz. Nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində işgəncə faktı ola bilməz. Bu, çox absurd iddiadır. Hər bir cəzaçəkmə müəssisəsində "Qaynar xətt" var. İşgəncəyə məruz qalan dustaq varsa, o "Qaynar xətt"lə nəinki Penitensiar Xidmətə, daha yuxarı instansiyalara da müraciət edə bilər. Ora gələn müraciətlər dərhal yoxlanılır. Yenə də qeyd etmək istəyirəm ki, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz".

toplum.tv