Cümhuriyyət liderlərinin işğaldan sonrakı taleyi

Cümhuriyyət liderlərinin işğaldan sonrakı taleyi

27-05-2017 13:19 / Bu xəbər 1363 dəfə oxundu

Sabah tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 99-cu ildönümünü qeyd edəcəyik.

AXC az yaşadı, amma əsrlərə bərabər işlər gördü. Cəmi 23 ay ömür sürdü, ancaq çox şərəfli və mürəkkəb yol keçdi. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu. Bu baxımdan Cümhuriyyət qurucularının, liderlərinin xidməti danılmazdır.

Bəs azadlıq uğrunda, xalq yolunda mübarizə aparan həmin insanların Cümhuriyyətin süqutundan sonrakı aqibəti necə oldu?

Cümhuriyyət dövrünün araşdırmaçısı, tarixçi alim Nəsiman Yaqublu Modern.az-a açıqlamasında neçə AXC qurucusunun sonrakı taleyindən bəhs edib.

Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Parlament sədrinin birinci müavini seçilib. Parlamentin sədri seçilən Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirib. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilib və 1920-ci il fevralın 2-nə qədər ona rəhbərlik edib.

Nəsiman Yaqublunun sözlərinə görə Aprel işğalından (1920) sonra Həsən bəy Ağayev Gürcüstana gedib:

"Tiflisə mühacirət edən Həsən bəy Ağayevin əsas məqsədi yenidən Azərbaycanı azad etmək idi. O, müəyyən müddət Tiflisdə fəaliyyət göstərsə də, 1920-ci il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirildi. Həsən bəy Ağayevin məzarı da bu günə qədər Tiflisdə Botanika bağında qorunub saxlanılır”.

Fətəli xan Xoyski Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olub.

1919-cu ilin martına kimi Fətəli xan Xoyski AXC hökumətinin rəhbəri olub. Bu müddət ərzində bank sistemi yaradılaraq pul və poçt markaları buraxılıb, milli dildə məktəblər açılıb, kənd və şəhərlərə əvvəlki adları (məs. Yelizavetpol - Gəncə) qaytarılıb və s. dövlət əhəmiyyətli işlər görülərək dövlət hakimiyyətinin strukturu möhkəmləndirilib. O, Azərbaycan Dövlət Universitetinin yaradılması prosesində və Azərbaycan parlamentinə keçiriləcək seçkilərdə fəal iştirak edib. 1919-cu ilin martından 1920-ci ilin martınadək olan dövrdə Azərbaycan hökumətinə Nəsib bəy Yusifbəyli rəhbərlik edib. Fətəli xan Xoyski bu hökumətdə xarici işlər naziri vəzifəsini tutub.

Nəsiman Yaqublu bildirib ki, Fətəli xan Xoyski də Həsən bəy Ağayev kimi AXC-nin süqutundan sonra Tiflisə gedib və orada müstəqilliyimiz uğrunda yenidən mübarizə aparmağa başlayıb:

"Həmin vaxt bolşeviklər hələ Gürcüstanı işğal edə bilməmişdilər. Fətəli xan Xoyski bir müddət mübarizə apardıqdan sonra təəssüf ki, 1920-ci ilin iyunun 19-da erməni millətçi-terrorçuları tərəfindən qətlə yetirildi. Həsən bəy Ağayev kimi onun da məzarı bu günə qədər Tiflisdə Botanika bağında qorunub saxlanılır”.

Əlimərdan bəy Topçubaşov 1918-ci ildə Azərbaycan Demokratik hökumətində xarici işlər naziri olub. Onu iki qardaş xalqlar arasında əlaqələr yaratmaq tapşırığı ilə Türkiyəyə göndəriblər. İstanbulda Topçubaşov əsas vəzifəsindən əlavə Azərbaycanda baş verən hadisələrlə bağlı kitab nəşr etdirib. 1918-ci ildə o, Azərbaycan parlamentinin üzvü olub və ilk iclasda sədr seçilib. Tezliklə ona Versal sülh konfransında iştirak etmək üçün göndərilən Azərbaycan nümayəndə heyətinə başçılıq etmək tapşırığı verilib. Ə. Topçubaşov İstanbuldan birbaşa Fransaya yola düşüb.

Tədqiqatçı qeyd edib ki, Əlimərdan bəy Topçubaşov 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra vətənə qayıda bilməyərək mühacir olub:

"Topçubaşov hələ Cumhuriyyət dövründə Fransaya getmişdi. Azərbaycanı dünyaya tanıdırdı. Bir çox sülh müqaviləsində, 23-ə qədər ölkənin Azərbaycanı tanımasında Əlimərdan bəy Topçubaşovun böyük rolu olub. Topçubaşov həm də 1920-ci ildə Fransada yaradılan Prometey hərəkatında çox yaxından iştirak edib. 1934-cü ildə Belçikanın paytaxtı Brüsseldə Qafqaz Konfedarasiya sazişinin imzalanmasında iştirak edib. 1934-cü il noyabrın 6-da Topçubaşov dünyasının dəyişib və məzarı hazırda Parisdə Sen-Klu qəbirstanlığındadır”.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat fraksiyasına (1919-cu ilin oktyabrından Müsavat və bitərəflər fraksiyası) başçılıq edib, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynayıb.

1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun artıq Bakını ələ keçirdiyi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxıb.

Tarixçinin sözlərinə görə AXC-nin süqutundan sonra Rəsulzadə Almaniya və Türkiyəyə gedib:

"Rəsulzadə AXC-nin süqutundan sonra müxtəlif ölkələrdə azadlıq mübarizəsi apardı. Sona qədər Azərbaycanın azadlıq mübarizəsini dəstəklədi. 1955-ci ildə martın 6-da dünyasını dəyişdi. Qeyd etmək istəyirəm ki, Rəsulzadə Azərbaycan mühacirləri arasında ən çox yaşayan və ən çox iş görən siyasi liderlərimizdən biridir. Promotey hərəkatında, Qafqaz Konfederasiyasının fəaliyyətində Rəsulzadə çox ciddi işlər gördü. Dünyanın diqqətini Azərbaycana yönəldə bildi. Zəngin iz qoyub getdi. Çoxlu mühacirət mətbuat orqanları yaratdı, kitablar çap etdirdi”.