Cümhuriyyətçilərə soyuq münasibətin səbəbi

Cümhuriyyətçilərə soyuq münasibətin səbəbi

20-02-2018 19:04 / Bu xəbər 2384 dəfə oxundu

Elman Fəttah 
 
Bir zamanlar çar Rusiyasının, sonralar isə Sovet İttifaqının tərkibinə daxil olan bir çox ölkə ilk müstəqilliklərinin 100 illiyini qeyd etməyə hazırlaşırlar. 

O zaman çar Rusiyasında baş verən siyasi kataklizmlər imperiyanın müvəqqəti də olsa çöküşünə, ucqarların müstəqilləşməsinə səbəb oldu.

Bu ölkələrdə maraqlı proseslər gedirdi. Yeni dövlət quruculuğunda geniş xalq kütlələrinin iştirak etdiyini söyləmək olmaz. Prosesdə əsasən ictimai-siyasi elita iştirak edirdi. Yaradılan dövlətlər də həmin elitanın siyasi görüşlərinə uyğun idi.

Məsələn, Orta Asiya xalqları tələm-tələsik feodalizmə üz tutdular. Zatən burada bəzi ərazilərdə yarımmüstəqil xanlıqlar qalmaqda idi. Digər dövlətlər isə respublika üsul-idarəsinə üstünlük verdilər. Hətta əvvəlcə monarxiya, sonra isə respublika quruluşunu seçənlər oldu.

Litvada əvvəlcə krallıq yaradılması, taxta isə Almaniyanın hakim xanədanına mənsub bir şahzadənin oturulması nəzərdə tutulurdu. Lakin müəyyən səbəblərdən, o cümlədən, Almaniyanın Birinci cahan savaşında məğlubiyyətindən dolayı bu plandan imtina edildi, respublika quruldu.

Yaradılan respublikaların eyni səviyyədə olduğunu söyləmək olmazdı. Hüquq və azadlıqlar, hakimiyyət bölgüsü və digər dəyərlər baxımından xeyli fərqlər vardı. Bu baxımdan Azərbaycan Demokratik Respublikası müsbət mənada xüsusilə fərqlənirdi. İlk Cümhuriyyətimizin bu fərqlilikləri 100 il sonra ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar üçün güc mənbəyi olaraq qalmaqdadır.

Azərbaycan Demokratik Respublikasının özəlliklərinə bələd olmayanlar üçün onun cəlbediciliyini anlamaq çətindir. Və yaxud, tam anlamaq çətindir. Kimisi üçün sadəcə müstəqil dövlət olduğuna görə əzizdir. Kimisi üçün isə imperiyanın çöküşü nəticəsində meydana çıxmış qurumdur.

Lakin Cümhuriyyətin əsas özəlliyi onun sadəcə müstəqil dövlət olmasında deyil. Həm də necə dövlət olmasındadır məsələ.

İlk Cümhuriyyətimiz inanılmaz dərəcədə ağır şərtlər altında yaradılmışdı. Dövlət adına heç bir şey yox idi. Nə dəqiq ərazisi var idi, nə idarəetmə strukturları, nə də atributları. Təkcə Müəssislər Məclisinə keçirilən seçkilərin nəticələri əsasında təsis olunmuş Milli Şura vardı. Və bu Milli Şuranın üzərində yoxdan bir dövlət yaratmaq vəzifəsi dururdu.

Təbii ki, Cümhuriyyət dövrü də tarixin digər dövrləri kimi nöqsanlardan xali deyildi. Olduqca əlverişsiz xarici və daxili şərtlər hökm sürürdü. Müstəqillik elanından sonrakı 4 ay ölkənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə - Bakının və Xəzərsahili digər ərazilərin qurtuluşuna həsr olundu.

İlk mühüm vəzifənin öhdəsindən uğurla gəldikdən sonra yeni problem ortaya çıxdı. Birinci cahan savaşının qalib dövlətləri Bakı neftini nəzarətə götürmək üçün şəhərin ingilislər tərəfindən işğal olunması barədə razılığa gəldilər. 1919-cu ilin yazında ingilislər getdilər, lakin qırmızı Rusiya tərəfindən permanent təcavüz təhlükəsi var idi. Ermənistanla ərazi konfliktləri də xroniki şəkil almışdı.

Ölkədə dəhşətli dərəcədə kadr çatışmazlığı hiss olunurdu. Nə sənaye mütəxəssisləri yetərli idi, nə kənd təsərrüfatı.

Təhsil, səhiyyə, hərbi və digər sahələrdə də vəziyyət eyni idi. Yeganə normal vəziyyətdə olan neft sənayesi idi.

Lakin neftin də ixrac və satış əlaqələrini yenidən bərpa etmək lazım idi.

Azərbaycan Demokratik Respublikası bu dərəcədə ağır şərtlər altında yaradılırdı. Bu şərtlərə baxanda nəticələr həqiqətən möhtəşəm idi. Lakin digər sahələrdəki nəticələri bir kənəra qoysaq, üstündən 100 il keçəndən sonra Azərbaycanda azaqlıq uğrunda mübarizə aparan insanlara mənəvi güc verən əsas amil Cümhuriyyətin demokratik mahiyyəti idi.

Dövlətdə hakimi-mütləq bütün siyasi partiyaların və xalqların təmsil olunduğu parlament idi. Burada siyasi və milli mənsubiyyət əsasında 10 fraksiya fəaliyyət göstərirdi. Hökumət parlament qarşısında məsuliyyət daşıyırdı və onun etimadından asılı idi.

Nə parlament, nə hökumət hansısa şəxsin nüfuzu altında fəaliyyət göstərmirdi. Halbuki zaman o zaman idi ki, Avropada belə şəxslərə söykənən avtoritar və qeyri-insani ideologiyalara əsaslanan totalitar rejimlər bərqərar olurdu.

Aydındır ki, nə Azərbaycanda, nə də tərkibinə daxil olduğu Rusiyada parlamentar təcrübə yox idi. Yalnız Birinci rus inqilabından sonra 1906-cı ildən etibarən Duma fəaliyyət göstərməyə başlamışdı. Burada da azərbaycanlıların təmsilçiliyi çoxsaylı deyildi.

Birinci, Dövlət Dumasında Cənubi Qafqazın müsəlman əhalisini 5 nəfər - Əlimərdan bəy Topçubaşov, Əbdürrəhim bəy Haqverdiyev, İsmayıl xan Ziyadxanov, Əsədulla bəy Muradxanov və Məmmədtağı Əliyev təmsil edirdilər. 

İkinci, Dövlət Dumasına isə Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şaxtaxtinski, Zeynal Zeynalov və Mustafa Mahmudov seçilmişdilər.

1907-ci ildə çar hökuməti II Dumanı buraxdı və seçki qanununa mürtəce dəyişikliklər etdi. Bundan sonra azərbaycanlılar cəmi 1 nəfərlə təmsil olunurdular. Bu təmsilçi III Dumada Xəlil bəy Xasməmmədov, IV Dumada isə Məmməd Yusif Cəfərov idi.

Bu qədər məhdud təcrübəyə baxmayaraq Azərbaycan parlamentində yüksək diskussiya və polemika, eləcə də konsensus mədəniyyəti müşahidə olunurdu. Parlament iclaslarının stenoqramı ilə tanış olduqca bu mədəniyyəti yalnız çoxəsrlik parlamentar təcrübəyə malik ölkələrlə müqayisə etmək olar.

Avropa ölkələrindən bəziləri təkpartiyalı sistemə keçdikləri bir dövrdə Azərbaycanda çoxpartiyalı koalisyon hökumət fəaliyyət göstərirdi. Düzdür, 23 ay ərzində 5 hökumətin dəyişməsi o qədər də sevindirici nəticə sayıla bilməz. Lakin yeni yaranmış və demokratiya yolunu tutmuş dövlət üçün belə hal qeyri-adi sayılmamalıdır.

Bəzən Azərbaycan Demokratik Respublikasının "aşırı demokratiya” səbəbindən süqut etdiyi haqqında yanlış fikirlərə rast gəlmək olur. Halbuki, bu süqutun yeganə bir səbəbi vardı – rus işğalı. Kifayət qədər hərbi potensialı olmayan bir ölkədə avtoritar və ya totalitar bir dövlət qurulsaydı belə, təcavüz etmiş 72 minlik azman bir qüvvəyə uğurlu müqaqvimət göstərmək mümkün olmayacaqdı. 

Əvəzində isə Cümhuriyyətimizlə indiki kimi qürur duya bilməyəcəkdik. Həm də təcrübə göstərir ki, kiçik dövlətlərin işğalı daha çox beynəlxalq şərtlərdən asılı olur. Ötən əsrin əvvəllərində beynəlxalq şərtlər sovet Rusiyasına imperiyanın sərhədlərini böyük ölçüdə bərpa etməyə imkan verdi. Yenidən işğal olunan ərazilər arasında demokratiki də vardı, qeyri demokratiki də. O səbəbdən də süqutun səbəbini "aşırı demokratiya”da axtarmaq doğru deyildir.

Qürur duyulacaq başqa bir cəhət isə hakim elitanın heç bir korrupsiya skandalına bulaşmamasıdır. Hətta sovet işğalından sonra istintaq orqanları belə bu yöndə Cümhuriyyət xadimlərinə heç bir ittiham irəli sürə bilmədilər. Atasının Nəsib bəy Yusubbəyliyə yazdığı "baş nazirsən, yenə məndən pul istəyirsən” məzmunlu məktubu isə hər şeyi bütün faktlardan daha aydın deyir.

Məhz belə işıqlı faktlar bu gün Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizə aparan, diktatura və korrupsiyaya qarşı yorulmadan savaşan insanları hər şeyi dəyişməyin mümkünlüyünə inandırır. Cümhuriyyət bun insanların qürur və güc mənbəyidir. Mövcud iqtidarın bəlkə də təhtəlşüur səviyyəsində bunu anlayır və Cümhuriyyətə, onun xadimlərinə yumşaq desək, soyuq münasibət buradan qaynaqlanır.

Meydan Tv