Corc Kent: "Ümid edirəm ki, növbəti səfərimdə Azərbaycanda siyasi məhbus olmayacaq"

Corc Kent:

03-05-2019 19:03 / Bu xəbər 1316 dəfə oxundu

ABŞ və Azərbaycan regional məsələlər və təhlükəsizlik problemləri üzrə əməkdaşlığı davam etdirir

Təməl azadlıqların dəstəklənməsi Amerikanın xarici siyasət prinsiplərindən biridir. Təkcə güclü hökuməti deyil, həm də güclü vətəndaş cəmiyyəti olan ölkə uğurlu ola bilər.

"İnsanlar Konstitusiyada təsbit edilmiş təməl azadlıqlarını həyata keçirə bilsin. Biz bu məsələlərdə Azərbaycan hakimiyyəti ilə dialoqu davam etdiririk. Bu barədə Bakıda jurnalistlərlə söhbətində ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent bildirib.

Turan agentliyinin İlham Əliyevlə görüşdə siyasi məhbusların azad edilməsi, siyasi fəalların və jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin təqibinə son qoyulması məsələlərinin müzakirə edilib edilmədiyi barədə sualına Kent təsdiq cavabı verib.

"Prezident Əliyevlə görüşdə bütün bu məsələləri qaldırdıq. Xüsusən, mən KİV sahəsində vəziyyətlə bağlı məsələni qaldırdım, bu mövzuya ötən ilin oktyabrında Bakıya səfərim zamanı da toxunmuşdum", deyə Kent bildirib.

Onun sözlərinə görə, görüşdə iştirak edən ABŞ səfiri Litsenberger demokratik azadlıqlar və vətəndaş fəalları haqqında məsələni qaldırıb.

ABŞ vətəndaş cəmiyyətinin azad fəaliyyətinin təmin edilməsini vacib hesab edir. Alternativ və tənqidi səslərin mövcudluğu ölkəni daha da gücləndirir. İnsanlara fikirlərini bildirmək, birləşmək və tənqid etmək imkanı vermək güclü olduğunu göstərmək deməkdir. "Bizim Azərbaycan hakimiyyətinə mesajımız belə oldu", deyə Kent bildirib.

O, həmçinin bütün bu məsələlərin təmin edilməsinin Azərbaycan cəmiyyətindən də asılı olduğuna işarə edib. "Bu, bizim ölkəmiz deyil, sizin ölkənizdir", deyə o qeyd edib.

Turan-ın İlham Əliyevin bütün bunları təmin etmək üçün siyasi iradəsinin olub-olmaması haqqında sualına cavabda Vaşinqton nümayəndəsi bildirib ki, iki dəfə İlham Əliyevlə görüşüb və "yaxşı söhbət" aparıb. Bu görüşlər arasında siyasi məhbus kimi qəbul edilən şəxslərin bəziləri azad edilib. "Bunu müsbət jest hesab edirəm və ümid edirik ki, bu jestlər davam edəcək, digər jurnalistlər və fəallar da azadlığa çıxacaq. Azərbaycan siyasi məhbuslar və vicdan məhbusları olan ölkələr arasında olmamalıdır. Bu məsələdə hakimiyyətlə dialoqu davam etdirmək vacibdir və mən ümid edirəm ki, yaxın gələcəkdə bu regionda siyasi məhbuslar olan bir ölkə qalacaq - Rusiya", deyə Corc Kent bildirib.

Turan-ın İlham Əliyevlə Amerikanın IREX, NDI və digər qeyri-hökumət təşkilatlarının Azərbaycana qayıtması məsələsinin müzakirə olunub-olunmadığı barədə dəqiqləşdirici sualına Vaşinqton nümayəndəsi inkar cavabı verib. 
 
Turan İA