D18 Hərəkatının üzvünə xəbərdarlıq edilib

D18 Hərəkatının üzvünə xəbərdarlıq edilib

26-06-2019 15:38 / Bu xəbər 228 dəfə oxundu

Təşkilat Ordu Günü ilə bağlı tədbiri sakit, şüarsız keçirməlidir

D18 Hәrәkatı iyunun 26-da Ordu Günü ilә əlaqədar Şəhidlər Xiyabanında anım ziyarəti gerçəkləşdirmək niyyətindədir. 

Buna görə təşkilatın üzvü Zaur Rövşәni iyunun 25-də Bakı Baş Polis İdarəsinə çağırılıb.

Zaur Rövşənini idarəyə İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Nurulla Məmmədzadənin adından Anar adlı polis dəvət edib.

Bu barədə Meydan TV-yə hərəkatın yetkilisi Samira Ağayeva məlumat verib.

Samira Ağayeva deyib ki, onlar hər il 26 iyun Ordu Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər, amma polisə çağırılmayıblar, ilk dəfədir belə bir çağırış olur.

Samira Ağayeva Zaur Rövşəninin 1 saat polisdə dindirildiyini bildirib:

"Ona deyiblər ki, plakat qaldırılmamalı və heç bir şüar olmamalıdır, əgər hansısa insdent baş verərsə, məsuliyyət daşıyacaqsınız. Buna görə də Zaur Rövşənidən ərizə alıblar. Səbəb də onu göstəriblər ki, biz tərəfdən şəhər icra hakimiyyətinə ziyarətlə bağlı xəbərdarlıq müraciəti göndərilməyib”.

Samira Ağayeva sabah Şəhidlər Xiyabanını ziyarət edəcəklərini söyləyib.

26 iyun Azərbaycanda Milli Ordu Günü kimi qeyd olunur. 1998-ci ilə qədər Milli Ordu Günü 9 oktyabr tarixində qeyd edilirdi. Həmin il prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Yeni dəyişikliyə əsasən həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.