Daha bir cəbhəçi saxlanılıb

Daha bir cəbhəçi saxlanılıb

26-08-2019 15:21 / Bu xəbər 926 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Hacıqabul rayon şöbəsinin sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərovun avqustun 24-də saxlandığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat veriblər.

 Elə həmin gün də ona 30 sutka inzibati həbs cəzasının verildiyi qeyd olunur.

Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib ki, İmaməddin Heydərovun hansı maddə ilə ittiham olunduğu barədə atasına məlumat verməyiblər. 

"Hazırda onu Şirvan Şəhər Polis Şöbəsində saxlayırlar”,- İlham Hüseyn belə deyib.

O əlavə edib ki, bazar ertəsi, avqustun 26-da bu məsələyə aydınlıq gətirməyə çalışacaqlar. İlham Hüseyn ehtimal edir ki, İ.Heydərov facebook-da fəallığına görə, cəzalandırılıb.

Amma onun dediklərinə, hələlik, yerli hüquq mühafizə orqanları, məhkəmələr və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, həftə ərzində partiyanın daha 4 fəalı inzibati qaydada həbs edilib. Üstəlik, vurğulandığına görə, bu il müxtəlif vaxtlarda partiyanın ümumilikdə 80-dan çox fəalı inzibati qaydada cəzalandırılıb. Onlardan 60-a yaxınının 10-60 sutka inzibati həbsə məhkum edildiyi bildirilir. Partiyadan bildirildiyinə görə, onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib. AXCP saxlanan üzvlərinin hamısının siyasi mövqelərinə görə, şərləndiyini iddia edib.

Amma bu açıqlanan rəqəmləri də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, Azərbaycanın rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, ölkədə heç kim dinc, siyasi fəaliyyətinə və tənqidi fikirlərinə görə, təzyiqlərlə üzləşmir.