Daha bir deputatın biznes şəbəkəsi üzə çıxdı

Daha bir deputatın biznes şəbəkəsi üzə çıxdı

12-01-2017 02:52 / Bu xəbər 762 dəfə oxundu

Ölkə qanunvericiliyi dövlət məmuralarına, Milli Məclisin deputatlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qəti qadağan edir.
 
Amma buna baxmayaraq bəzi məmur və deputatlar faktiki olaraq iri müəssisələrə rəhbərlik etməklə, bu qanunun "təsir zolağı”ndan kənarda qalırlar. Düzdür, heç şübhəsiz onlar bu fəaliyyəti rəsmi şəkildə həyata keçirmirlər. Yəni şirkətin rəsmi sahiblik hüququ onlarda olmur. Lakin istər ictimaiyyət, istərsə də onların şirkətində çalışan minlərlə işçilər dəqiq bilir ki, bu şirkətlər kimindir.

Bu yazıda Milli Məclisin "biznesmen deputatlar”ından olan Hacı Salayevdən və onun rəhbərlik etdiyi şirkətlərdən bəhs olunacaq.

Məlumat üçün deyək ki, Hacı Salayev Milli Məclisdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir. İkinci çağırışdır Azərbaycan Parlamentinin üzvüdür. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. 

Deputat olana qədər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək yüksəlib. Ehtiyyatda olan polkovnikdir.

Ehtiyyata buraxıldıqdan sonra "TRUST” mühafizə şirkətinin Baş direktoru, İdarə Heyətinin sədri vəzifəsində, sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində işləyib.

Millət vəkilinin tərcümeyi-halından da göründüyü kimi, o deputatlıq fəaliyyətinə qədər "TRUST” mühafizə şirkətinə rəhbərlik edib. Deputat olandan sonra rəsmi olaraq bu şirkətlə yollarını ayırsa da, faktiki olaraq bu müəssisəyə rəhbərlik edir. Vaxtının əsas hissəsini də Milli Məclisdə onun üçün ayrılmış xidməti otaqda deyil, bu şirkətin ofisində keçirir. Şirkətin idarə olunmasına birbaşa özü rəhbərlik edir.

Qeyd edək ki, Hacı Salayevin adı passiv deputatlar siyahısında "iri hərflərlə” keçir. Onun indiyə qədər bircə dəfə olsun Milli Məclisin sessiya və plenar iclaslarında çıxışı olmayıb. Mətbuata qapalı millət vəkillərindən olan H.Salayevin eyni zamanda ABŞ-ın fəxri vətəndaşı olduğu deyilir.

Mətbuatın yazdığına görə, H.Salayev "TRUST” mühafizə şirkəti ilə yanaşı digər şirkətlərə də rəhbərlik edir. Bu sırada Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan "Lake Palace Hotel”i, tikinti məhsullarının istehsal və satışını həyata keçirən tikinti şirkətinin adı çəkilir. Deputatın sahib olduğu "TRUST” mühafizə şirkətində iki mindən artıq işçi çalışır.

Sonda qeyd edək ki, Hacı Salayev yəhudi əsilli milyarder Telman İsmayılovla qudadır. Belə ki, deputatın oğlu milyarderin qızı il ailə qurub. Bu qohumluqdan sonra deputatın daha da varlandığı iddia olunur.
 
//ANV.az

Bölmələr:


loading...