Daha bir fəala 30 sutka

Daha bir fəala 30 sutka

30-05-2018 15:57 / Bu xəbər 2150 dəfə oxundu

REAL Partiyasından Nəriman İsmayılova da 30 sutka inzibati həbs cəzasının verildiyi deyilir.

Bu barədə qərarın Nizami Rayon Məhkəməsində çıxarıldığı bildirilir.

Verilən məlumata görə, o da polisin tələblərinə əməl etməməkdə günahlandırılır.

"REAL Partiyası Ali Məclis üzvü, mayın 28-də keçirilmiş Cümhuriyyət yürüşünün iştirakçısı Elmin Həmzə inzibati cəza alıb". 

Bunu AzadlıqRadiosuna partiyanın təmsilçilərindən biri Natiq Cəfərli bildirib.

Onun deməsinə görə, bu gün, mayın 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Həmzə polisin tələblərinə tabe olmamaqda təqsirli bilinib və 25 sutka inzibati cəza alıb.

N.Cəfərlinin vurğulamasına görə, REAL-ın daha iki üzvü polisə gətirilib.

"Ərəstun Baxşəliyev Yasamal, Nəriman İsmayılov isə Nizami rayonunda saxlanırlar. Hər ikisi də E.Həmzə kimi polisin tələblərinə tabe olmamaqda təqsirli bilinirlər", - deyə N.Cəfərli bildirib.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarının münasibətini almaq mümkün olmayıb.

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Dünən, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs cəzası verilmişdi. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.///azadliq.org