Daha bir tender qalmaqalı: xəstəxananın dəftərxana xərci 10 milyon olub

Daha bir tender qalmaqalı: xəstəxananın dəftərxana xərci 10 milyon olub

11-07-2019 16:24 / Bu xəbər 1377 dəfə oxundu

Səhiyyə Nazirliyi Ucar Rayon Mərkəzi Xəstəxanasına bərk inventar alınması üçün 13 231 281 AZN (On üç milyon iki yüz otuz bir min iki yüz səksən bir manat) ayrılıb və tenderi "Köçəkli MK” adlı "20 manatlıq” bir şirkət qazanıb.

Bu haqda məlumatı "Poliqon” İnformasiya Agentliyi (pia.az) yayıb. 

Sayt üzə çıxarıb ki, bundan əlavə elə həmin xəstəxanaya avadanlıq alınması üçün 11 748 198 AZN (on bir milyon yeddi yüz qırx səkkiz min yüz doxsan səkiz manat) ayrılıb və tenderi yenə də "Köçəkli MK” qazanıb.

Daha ciddi məqam isə budur: Kiçik bir rayonun xəstəxanası bir il ərzində təqribən 10 milyon manatlıq dəftərxana ləvəzimatı sərf edib. 

Ucar Rayon Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat malları alınması üçün 9 747 213 AZN (doqquz milyon yedi yüzqırx yeddi min iki yüz on üç manat) ayrılıb və nə təsadüfdüsə, bu tenderi də "Köçəkli MK” şirkəti qazanıb.

Ucar kimi kiçik bir rayonun Mərkəzi Xəstəxanası üçün təqribən 10 milyon manat vəsait alınması anomal haldır və bu heç bir məntiqə sığmır. 

Amma çox qəribədir ki, bu xərcləmənin nə qədər məntiqsiz və anomal olduğunu "Tender komissiyası” nə görüb, nə də hiss edib. 

Müqayisə üçün qeyd edək ki, Qazax, Mingəçevir, Gəncə kimi iri şəhər və rayonlarda dəftərxana ləvəzimatı xərclər siyahısında 50-60 min manat arasında dəyişir. 

Başqa rayonların səhiyyə sistemlərinə dəftərxana ləvəzimatı üçün ayrılan vəsaitlər 50 mindən artıq deyil. Amma nədənsə Ucar rayonunda bu vəsait 10 milyona qədər yüksəlib.

Bir rayonun xəstəxanasının bərk inventarla təmin edilməsi üçün 13 milyondan artıq, (halbuki bu vəsaitə 12-13 mərtəbəli bir bina tikmək olar), avadanlığın satın alınması üçün təqribən 12 milyon manat və dəftərxana ləvəzimatı almaq üçün isə təqribən 10 milyon manat sərf olunur. 

Bu anomal tenderlərin üçünü də "Köçəkli MK” adlı 20 manatlıq ilkin sərmayəyə sahib olan bir şirkət qazanıb.

"Köçəkli MK” adlı şirkət Masallı rayonunun Köçəkli kəndininin sakini Bağırov Əli Hafiz oğlunun adına qeydiyyatdadır.