"Dağım-dağım olsun belə quruluş" - Yaralı Bəxtiyar

03-11-2015 20:58 / Bu xəbər 2875 dəfə oxundu

Arqument.Az Yaralı Bəxtiyarın yeni şeirlərini təqdim edir: 

(Son dövrün şeirlərindən - qoşmalar)

QƏLƏMİN TƏRSİNƏ YAZMAĞI DA VAR

Dolub efirlərə ətcəbala, gey,
Soran da yoxdu ki, nəmənə olub?
İllərdi deyirlər: filan-bəsməkən
Ya sözdə, ya gapda nə məna olub?

Bu yerdə yer yoxdu şahin-şonqara,
Can dönüb taxtaya, çıxar yonqara.
Doğrunu oğruya, düzü donqara,
Guya qul eyləyən zəmanə olub...

Var ki önümüzdə elə uçuqlar,
Görsə göz qaralar, dodaq muçuqlar.
Göbəyi açıqlar, dalı açıqlar...
Alnı açıqlara nümunə olub.

İkicə zümrə var - Bəxtiyar anlar:
Çalıb oxuyanlar, çalıb çapanlar,
Qoy çıxsın dünənnən o çıxan canlar,
Burda haqq olubdur, kimə nə olub...

GƏL TƏRİF EYLƏYİM BİZİM BƏYLƏRİ

Gəl tərif eyləyim bizim bəyləri
Elə qovuldular, belə qaçdılar.
İkisinin başı öz başım üçün,
Bir qazanda qaynamayan qoçdular.
 
O torpaq oyunu, o yurd oyunu,
Ustada yol açan şəyird oyunu,
Atdılar ortaya boz qurd oyunu,
Başımıza it oyunu açdılar…
 
Bir düşmən vardısa, on düşmən oldu,
Çiyin yoldaşları son düşmən oldu.
Rus düşmən, fars düşmən, Çin düşmən oldu,
Dörd tərəfə kin, nifrəti saçdılar.
 
Bilməz siyasətin incə yolunu,
Kim bula bilməsə öncə yolunu.
Köndələn getdilər Gəncə yolunu,
Qarabağa yol Təbrizdən seçdilər.
 
Birləşdirən yeddi-səkkiz dövləti
Yeddi yerə parçalanan firqədi…
Ömrü boyu hakimiyyət firqəti,
Çəkə-çəkə bir ömürdən keçdilər.
 
Yoxa çıxdı varlıqları, varları,
Çax-çux dedi kərənlərə karları.
Çox Bəxtiyar kimi tərəfdararı,
Acdılar, acdılar, yenə acdılar…

BURAXMADI

Adam tanıyıram, üzünü görmə,
De: hansı məclisdə quş buraxmadı.
Tanrı körpüsünə bir daş atmadı,
Haqqa atmadığı daş buraxmadı.
 
Dolub əqidəynən amal dəftəri,
Tamam qeyri-kafi – kamal dəftəri.
Sol mələk  ha yazır əməl dəftəri,
Sağdakı daima boş buraxmadı.
 
Özü də baştutan, planları da,
Yuvadan çıxardar ilanları da.
Doğruya çevirər yalanları da,
Heç düşən fürsəti boş buraxmadı.
 
Neçə Bəxtiyarı dolandırıbdı,
Bağrını odlara qalandırıbdı.
Getdiyi yerləri iləndiribdi,
Heç bircə könülü xoş buraxmadı.

***

Birinə güvənib minə pis olma,
O dostun dostluğu pozmağı da var.
Demə ki işlərim düppədüz gedir,
Qələmin tərsinə yazmağı da var.

Var-dövlət eşqinə nəşələnmə heç,
Eşikdə qalarsan, eşələnmə heç.
Tale üzə gülsə, şeşələnmə heç,
Ayağın altını qazmağı da var.

Fələyin həmişə bir üzü qanlı,
Gecəsi qansızsa, gündüzü qanlı.
Belə qansız olma, a gözüqanlı,
O qanın beyinə sızmağı da var

Əsas şərti qoymaq əsas şərt deyil,
Gör kimin, kimlərin yurdu yurd deyil.
Yaralı Bəxtiyar, ölüm dərd deyil,
Adamın biryolluq çezməyi də var.

***

Dönsün bu gərdişin altı üstünə,
Yüz altdan çıxanlar üstümə gəlir.
Yüz bir oğraşbaşı, yüz quldurbaşı,
Hər addım başında rastıma gəlir.

Daha bu talanlar yandırmır məni,
Çapanlar, çalanlar yandırmır məni,
Özümə olanlar yandırmır məni,
Xata qardaşıma dostuma gəlir.

Bəxtiyar, gör kimlər təzimə durur,
Yerdə qalan ömrüm gözümə durur.
Namərdlər şər atır, üzümə durur,
Mərdlər durmaq üçün qəsdimə gəlir.

ƏYLƏN DEYİM UCALMAĞIN YOLUNU

Əylən deyim ucalmağın yolunu,
Əlli qoyub aşağısı yüz götür.
Daim xalqın kirpiyini su elə,
Müdir üçün kirpiyinlə köz götür.

Lazım deyil heç qürur da, sambal da,
Nökər də ol, qaravaş da, hambal da.
Alçal, alçal, iki qatlan, dombal da,
Peysərinə yağlı-yağlı söz götür.

Müdirünün ayağını lap yala,
Yeri gəlsə, əyri yala, çəp yala.
Yalanları dönə-dönə kopyala,
Doğruları əyriliyə yöz götür.

Sabunlanıb girməyi bil, vəssalam,
Bir qab yala hürməyi bil, vəssalam.
Almağı bil, verməyi bil, vəssalam,
Görən olar, kim nə versə tez götür.

Doğru sözü dilə alıb söyləmə,
Badalaq vur, ayağını əyləmə.
Bəxtiyarın eylədiyin eyləmə,
Dediyini dəftərinə yaz götür.

DAĞIM-DAĞIM OLSUN BELƏ QURULUŞ

Dağım-dağım olsun belə quruluş,
Oğruluq, əyrilik qayda olubdur.
Mini qara quldu, min biri nökər, 
Beşinə, üçünə fayda olubdur.

İçimiz acıyır, xəmir acımır, 
Xalqa şah acımır, məmur acımır.
Şişə çəkilirik, kömür acımır, 
Tikə qulağımız boyda olubdu.

Qalxdı gündən-günə zilə müsibət, 
Doğru söz gətirir dilə müsibət. 
Hələ görünməyib belə müsibət,
Nə bir, nə ikinci hayda olubdur.

Nədi, bayraq kimi yellədin əli, 
Qopmaz boğazlardan zillətin əli.
Yaman aşağıdı millətin əli,
Ha baxsan ayağı göydə olubdur.

Yaralı Bəxtiyar, de, nə qan oldu? 
Can can ağrısıyla canhacan oldu. 
Qəlbim arzulara qəbristan oldu, 
Orda da göreşən peyda olubdur. 

USTADNAMƏ

Başına döyərsən, sinənə döymə,
Adama hər zaman tale yar olmaz.
Elə də eləyər, belə də edər,
Fələyin işinə bah-bazar olmaz.
 
Bu gün qoltuğuna verər qarpızı,
Sabah qoltuğuna verər xoruzu.
Gedər bin-bərəkət, çəkilər ruzu,
Həmişə əlində ixtiyar olmaz.
 
Bəzən bulağın da gözü tutular,
Yenilməz iyidin dizi tutular.
Sözünü bilənin sözü tutular,
Yerini bilənin yeri dar olmaz.
 
Bəzən cəlladı da edərlər edam,
Böyük bir şəhəri yandırar bir şam.
Taleyi üzünə gülən ay adam,
Hər üzə güləndə etibar olmaz.
 
Bəzən hənir verər, od olar gərmə,
Verəmməz yerini ipəklə tirmə.
Yaralı Bəxtiyar, özünü yorma,
Bir gül açmaq ilən laləzar olmaz.

ADAM DA BİR BELƏ OTARILARMI?

Deyir torpaqları qaytaracaqlar,
Görən barxanamız qabqarılarmı?
Üzü qara çıxan gəlin ha deyil,
Heç qara torpaq da qaytarılarmı?
 
Köhnə nəsil getdi, təzə doğuldu,
İllər ötüşdükcə yaddaş soğuldu.
Acı bağırsaqdı, şirin nağıldı,
Bir belə danışıq aparılarmı?
 
Kimdi işimizi oyunluq edir,
Bəxtiyar tələsir, yeyinlik edir.
Qoyun on-on beş il qoyunluq edir,
Adam da bir belə otarılarmı?

ƏDALƏT HAQQINDA QOŞMA

Bir kərə yüksələn bayrağın altda,
Millət zülmün altda min kərə düşüb.
Kim çəkib nahaqqı sorğu-suala,
Öz yolu İnkirə-Minkirə düşüb.
 
Ədalət deyilən girib qılaf, 
Gah kürsəyə gəlir, gah da dalafa.
Dalı topxanadı, qabaq kalafa,
Di gəl sənədlərə bakirə düşüb.
 
Ayağa qalxanın qalxıb şəkəri,
Bizə ağa olub kimin nökəri?
Tərsinə fırlanır dövrün təkəri
Yaralı Bəxtiyar təkərə düşüb...

NÖQTƏ, NÖQTƏ VƏ NÖQTƏ...

Baş alıb ölkədə vətənşüvənlik,
Hamsının sevgisi saxta çıxıbdı.
Vətən üçün var-yoxundan keçənin,
Adı da, sanı da yoxda çıxıbdı.
 
Biri o nadandı, biri bu nadan,
Biri başdan belə, biri binadan.
Biri yol göstərir tribunadan,
Baxmır ki, başında noxta çıxıbdı.
 
Göz çıxarır gözü ilə görənlər,
Pazlandı kötüklər, sındı kərənlər.
Döyüş vaxtı taxt altına girənlər,
Hərəsi bir yerdə taxta çıxıbdı.
 
Haqq mirzəlik edir, nahaqlar diktə,
Həqiqət mələyir yamacda, dikdə.
Sus Bəxtiyar, nöqtə, nöqtə və nöqtə...
Sözünün çəkisi nöqtə çıxıbdı.

SƏN DƏ SABUNLANIB GİRMƏYİ BİLSƏN

Bu qara günlərə düşməzdin, könlüm,
Qaranı ağ kimi görməyi bilsən.
İtin ulayardı ömrün uzunu,
Sən də bir qab yala, hürməyi bilsən. 
 
Bağçalıq alardın, güllük alardın,
Hesabı bu başdan illik alardın.
Əqidə verərdin, qulluq alardın,
Almağı bacarsan, verməyi bilsən... 
 
Birinə yamanıb birinə yapış,
Az onnan savaşıb, az bunnan qapış.
İndi şeytana da tikirdin papış,
Beş-on başa corab hörməyi bilsən. 
 
Yaralı Bəxtiyar, ağırdı daşın,
Göz atda yaşsız yox, yaş üstə yaşın.
Sabunlu kəndirdə qalmazdı başın,
Sən də sabunlanıb girməyi bilsən.

Yusif İlhamoğlu üçün

Düzü deyə-deyə düzdə qalmışam,
Sözümü qoymuşam söz yerinə mən.
Əlimdən o təhər dağlar çıxıbdı,
Kaş dağda qalaydım, düz yerinə mən.
 
Yormuşam yolları, yola salmışam,
Gedilən yolları gedib-gəlmişəm.
Mən dağlar oğluyam, düzdə qalmışam,
Onçu sayılıram toz yerinə mən.
 
Mənə can əvəzi söz verib Tanrı,
Bildim hər vəzini, hər cürə janrı.
Kazım Körpüsünü keçsəydim anrı,
Üzümü sürtərdim yüz yerinə mən.
 
Gözüm gördü Qazançının başını,
İşğal etdi sinəmi qəm qoşunu.
Xəzəllinin torpağını, daşını,
Mal kimi yalaram duz yerinə mən. 
 
Varmı Bəxtiyara bu halında bab,
Ürəyim köz oldu, ciyərim kabab.
Yolum gedərgəlməz, izim iztirab,
Sözümü qoyuram iz yerinə mən.

"ƏSKİPARA ŞEİRLƏRİ" SİLSİLƏSİNDƏN

GÖSTƏRİR

Nədi taxsırımız, nədi suçumuz,
Tanrı nə zulumdu bizə göstərir.
Kiminin köksünü dağ-dağ eləyir
Kimini ötürür düzə, göstərir.
 
Söküb qurmaq da var, tikib qurmaq da,
Biz qəm dəryasında, çörək qarmaqda.
Biri qırdı getdi, biri qırmaqda,
Biri də özünü təzə göstərir.
 
Susdu diplomatlar, susdu səfirlər,
Hərə bir tərəfdə başını girlər.
Yüz faciə olsun saytlar, efirlər
Şou tirajlayır, qəza göstərir.
 
Dəlilər hökm edir, ağıla yer yox,
Baş qapaz yeridi, sığala yer yox.
Daha cəsarətli oğula yer yox,
Qızlar cəsarətli poza göstərir.
 
Vəhşitək üstünə cumurlar xalqın,
Gözünü biryolluq yumurlar xalqın
Başında qoz qırır məmurlar xalqın,
Haqqını istəsə qoza göstərir.
 
O qara qızılın qara bazarı,
Gültək arzuların oldu məzarı.
Sizin dərdinizi, sizin azarı,
Yaralı Bəxtiyar sizə göstərir.

GÖRDÜM

Daha bu yerlərlə mənimki tutmaz,
Hər üzün  anrılı-bərili gördüm.
Çörəyi kitabdan, sözdən, yazıdan,
Qarını qardaşdan irəli gördüm.
 
Üstünə dırmanır xata xatanın,
Boldu müştərisi adam satanın.
Bir əli şeytanı daşa  tutanın,
Şeytana işləyir bir əli, gördüm.
 
İnsaflar, vicdanlar Kürə kürülü
Firəngin naharı qara kürülü.
Bir yerdə kürsüyə sinə gərili,
Yüz yerdə əsəblər  gərili gördüm
 
Əlində qalmışıq beş-on zəlinin,
Əlinin üstündə əl yox əlinin.
Qulağı it kimi kəsilməlinin,
Sürüsün kərəli, kürəli gördüm.
 
Yaralı Bəxtiyar deyər dostanə,
Dostanə dediyim dönər dastanə.
Nahaqqın gözünü məsti-məstanə,
Haqqın gözlərini bərəli gördüm.