“Dava-dərmanı da buraxmırlar, pis vəziyyətdəyəm...”

“Dava-dərmanı da buraxmırlar, pis vəziyyətdəyəm...”

04-04-2018 19:56 / Bu xəbər 2568 dəfə oxundu

2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi, özü də həmin gün güllələnərək hərəkət qabiliyyətini tam itirən Əbülfəz Bünyadov vəziyyətinin son günlər daha da ağırlaşdığını deyir.

O, AzadlıqRadiosuna bildirib ki, evinə yaxınlarının buraxılmasıyla bağlı martın 19-dan tətbiq olunan qadağa hələ də davam edir.

Ə.Bünyadovun sözlərinə görə, evinin qarşısında növbə çəkən polis əməkdaşları, qohumları bir yana, artıq ona gətirilən dava-dərmanı da içəri buraxmırlar. 

Güclü ağrıları və açıq yaraları olduğundan hər gün çoxsaylı dərmanlara, başqa tibbi vasitələrə ehtiyac duyduğunu deyən Bünyadov bu üzdən çıxılmaz duruma düşdüyünü söyləyir:

"Daim yataqda olub, heç çevrilə bilməyən adam 15 gün yuyunmayanda necə olar? Üstəlik, ağrılar... Mənə gündəlik ağrıkəsicilər, sarğı materialları, başqa dərmanlar lazım olur. Bunları da buraxmırlar. Dünən (3 aprel-red.) axşam əmim oğlu gətirmişdi, qapıdan buraxmadılar. Heç imkan verilməyib ki, evdəkilərdən kimsə çıxıb dərmanları alsın. Belə insanlıq olar?!”

Ə.Bünyadov yaranmış vəziyyətlə əlaqədar martın 31-də Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə müraciət edib. 

Onun sözlərinə görə, Ombudsman Aparatından, hələlik, xəbər yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsindən isə bildirilib ki, bu həftənin sonu və ya gələn həftənin əvvəlində mütləq gəlib ona baş çəkəcəklər: "Dedilər ki, nümayəndəliyin əməkdaşları hazırda regionlarda səfərdədir. Qayıdan kimi mütləq gələcəklər”.

"Profilaktik yoxlamaya görədir”

Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə AzadlıqRadiosu-na Ə.Bünyadovun telefonla onlara müraciət etdiyini təsdiqləyib. Bildirib ki, həmin müraciət əsasında araşdırma aparılıb:

"Müraciəti araşdırmışıq, amma araşdırmalar bitməyib. Müvafiq qurumların bizə verdiyi ilkin məlumatda profilaktik yoxlamalarla əlaqədar bu məhdudiyyətin tətbiq olunduğu bildirildi. Yəni təkcə ona qarşı yönəlik addım deyil. Amma başqa məsələlərlə əlaqədar bizim araşdrmalarımız hələ tam başa çatmayıb”.

Ə.Bünyadovun evinə polis nəzarətinin gücləndirilməsiylə bağlı deyilənlərə Daxili İşlər Nazirliyinin mətbuat xidməti münasibət açıqlamayıb.

Ə.Bünyadov 2015-ci il noyabrın 26-da evində əməliyyat keçirilən gün ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunub. O, bir il bir ay həbsdə saxlanılsa da, 2016-cı ilin dekabrında evinə buraxılıb, barəsində həbs-qətimkan tədbiri polis nəzarətinə vermə ilə əvəzlənib. O vaxtdan da Nardaranda onun yaşadığı evin qarşısında içində polislər olan iki maşın gecə-gündüz dayanır.

Ə.Bünyadovun durumu ilə əlaqədar barəsindəki cinayət işi onunla birlikdə həbs olunan Taleh Bağırovgilin işindən ayrılıb. Ə.Bünyadovun haqqındakı cinayət işinə 2017-ci ilin avqustundan Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, məhkəməyə Təcili Tibbi Yardımla xərəkdə aparılır, hakim qarşısına da o vəziyyətdə çıxarılır.