"Dedilər ki, Müsavat səs-küy salmasaydı, oğlunuzu buraxacaqdıq"

25-11-2017 16:20 / Bu xəbər 2001 dəfə oxundu

İki gün öncə, noyabrın 22-də polis tərəfindən saxlanılan Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudov Şüvəlana göndərilib.

Bu barədə "Basta" məlumat yayıb. 

Əlikram Xurşudovun Şüvəlana göndərilməsini ailəsinə noyabrın 25-də səhər saatlarında Şirvan Polis Bölməsindən bildiriblər.

Şirvan Şəhər Polis Bölməsinin rəis müavini müsavatçının atasına bildirib ki, oğlunun həbsinə Müsavat Partiyası səbəb olub: "Əgər Müsavat Partiyası səs-küy salmasaydı, bir gün saxlayıb, buraxacaqdıq. Oğlunuzu saxlamağımızın təqsirkarı Müsavat Partiyasıdır”.

Təşkilat üzvləri hesab edir ki, Şirvan Polisinin bu münasibəti Əlikram Xurşudovun həbsinin siyasi motiv olduğunu bir daha sübut edir. 

Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov noyabrın 22-də 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı uydurma cinayət işi qaldırılıb, - bu fikirlər isə partiyasının  bəyanatında əks olunub. 

Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi sifarişli qərar qəbul edərək, bu uydurma ittiham əsasında Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.

Müsavat Partiyasının bəyanatında bildirilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən "xuliqanlıq”da təqsirləndirilib. Ona qarşı yazılan "şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir.

"Əlikram Xurşidov əqidəli müsavatçı olaraq, Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkədə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya,  eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Hakimiyyət siyasi partiyaların yerli qurumlarının fəaliyyəti üçün şərait yaratmadığı üçün Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır.

Müsavat Partiyası şərlənərək həbs edilmiş Əlikram Xurşidovun dərhal azad edilməsini, ona qarşı açılan cinayət işinin xətm olunmasını və Azərbaycanda davam edən repressiya siyasətinin durdurulmasını tələb edir”, - bəyanatda qeyd olunur. 

Arqument.Az