Dəhşətli qətlin şok təfərrüatı: əmisi oğlunu niyə qətlə yetirdi?

Dəhşətli qətlin şok təfərrüatı: əmisi oğlunu niyə qətlə yetirdi?

20-11-2015 10:18 / Bu xəbər 2967 dəfə oxundu

"Hadisə qısqanclıq zəminində baş verməyib, qətli tördən şəxs narkotik istfadəçisi olub" 

Bir neçə gün öncə Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. 

Nizami rayon Polis İdarəsinin yaydığı məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində səhər saatlarında Qara Qarayev 55 ünvanında bıçaqlanaraq və boğazı kəsilərək qətlə yetirilən şəxsin 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov olması müəyyən edilib.

25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin E. Nəsirovun əmisi oğlu Elşən Nəzir oğlu Nəsirov olması müəyyən edilib və o tutulub. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

İlkin məlumatda E. Nəsirovun əmisi oğlunu qısqanclıq zəminində qətlə yetirdiyi deyilsə də, sonradan hadisə barədə daha ətraflı məlumat əldə edilib. 

Qeyd edək ki, hadisə ilə bağlı "ATV" və "Xəzər" telekanalları və bir sıra media orqanları da təhrif olunmuş və dəqiqləşdirilməmiş məlumat yayıblar. 

Hadisənin təfərrüatı ilə bağlı Arqument.Az-a mərhumun qohumları məlumat veriblər. Onlar bildiriblər ki, hadisənin qısqanclıq və namus üstündə baş verməsi ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil: "Bir sıra media orqanları və televiziyalar xəbər yayıblar ki, guya hadisə qısqanclıq və namus üstündə baş verib. Guya Elşən Nəsirofun ifadəsində bildirilib ki, əmisi oğlu onun bacısı ilə nişanlı olub, sonra nişanı qaytarıb və başqa bir xanımla ailə qurub. Hadisə də guya buna görə qısqanclıq zəminində baş verib. Amma bütün bunlar cəfəngiyyatdır. Əvvəla, mərhumun əmisi qızı dörd il öncə ailə qurub və Gəncə şəhərində yaşayır. Hazırda iki uşaq anasıdır. Mərhum özü isə bir ay öncə tələbə yoldaşı ilə ailə qurub. Bir ay hara, dörd il hara? Bu, necə namus üstündə baş verə bilərdi ki? Yaxşı olardı ki, mətbuat bu acı günümüzdə belə yalan xəbərlər yayıb hisslərimizlə oynamasın. Qoyun acımızı çəkək".

Mərhumun qohumları bildirir ki, E.Nəsirovu qətlə yetirən əmisi oğlu narkotik istifadəçisidir və qeydiyyatdadır: "Elşən Nəsirov narkotik istifadəçisidir. Kimlərləsə alış-verişi olub, ondan külli-miqdarda pul istəyiblər, daha doğrusu, borclu olub. Gəlib Elnurdan pul istəyib. O da bu qədər pulunun olmadığını deyib və pulu verməkdən imtina edib. Bundan sonra aralarında mübahisə baş verib və o da mərhumu qətlə yetirib. Onu da deyək ki, yayılan yalan xəbərlərdən bütün rayon ictimaiyyəti, ağsaqqallar, mərhumun ailəsi narahat olublar. Onlar belə dəqiqləşdirilməmiş xəbərlərin yayılmasını ailənin müsibətli günündə yaxşı hal hesab eləmirlər və xəbəri yayan media orqanların da müraciət edəcəklər. Televiziyaların isə xəbəri bu şəkildə yayması ürəkağırdıcıdır. Rayon ağsaqqalları və ziyalları ATV-nin yaydığı bu yalan xəbərlə bağlı etiraz əlaməti olaraq Prezident Adminstrasiyasına da teleqram vurublar. Ümid edirik ki, bundan sonra belə hallara yol verilməyəcək. Hazırda hadisə hüquq-mühafizə orqanlarının nəzarətindədir, istintaq gedir".

Arqument.Az