"Dəmir Yolu"nda maliyyə problemi: Maaşlar niyə gecikir?

06-07-2017 16:29 / Bu xəbər 773 dəfə oxundu

"Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə problemləri yaranması ilə bağlı çeşidli məlumatlar yayılmaqdadır.

Bir müddət əvvəl nüfuzlu "Reuters” agentliyi ADY-nin beynəlxalq məsləhətçi axtardığı barədə xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, maliyyə konsultantının rolu ADY üçün gələcək kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün münasib variantların öyrənilməsindən və "ola bilsin müəyyən mövcud borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” mexanizmlərini hazırlamaqdan ibarət olacaq.

Elanda "Azərbaycan Dəmir Yolları” QSC başqa detalar göstərməyib. Lakin "müəyən borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” dedikdə istisna deyil ki, dövlət səhmdar cəmiyyətinin xarici borclarının restrukturizasiyası planı nəzərdə tutulur. 

Dünən "Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili reyslərə yeni qiymət tətbiq etdiyi barədə yaydığı məlumatda deyilirdi ki, biletlərin qiyməti 20 faiz artırılacaq: 

"Sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, eyni zamanda gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə  kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.”

Bu arada "Qaynarinfo"ya daxil olan məlumatlara görə, "Azərbaycan Dəmir Yolları” ASC işçilərin maaşını belə verə bilmir. Belə ki, ADY-da çalışanlar 2 aydır əməkhaqqı ala bilmir. İşçilər bunun səbəbini QSC-də yaranan maliyyə problemləri ilə izah ediblər.


"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Qaynarinfo"ya açıqlamasında maaş gecikməsi ilə bağlı məlumatları təkzib etdi: "Maaşlar vaxtlı vaxtında verilir".

Sevinc Qədirova "Azərbaycan Dəmir Yolları” QSC-nin xarici borclarının restrukturizasiyası planı ilə bağlı hər hansı bir yenilik olmadığını deyib. Həmçinin şöbə rəisi qatarlarda qiymətlərin artırılmasının səbəbini sərnişinlərin daha çox aşağı yerlərə bilet almağa çalışması ilə əlaqələndirdi.