"DəmirBank" haker müdaxiləsini təsdiqlədi, amma...

13-02-2017 18:44 / Bu xəbər 1911 dəfə oxundu

Bir neçə gün əvvəl mediada haker müdaxiləsi nəticəsində "DəmirBank”dan 3 milyon dollar oğurlanması barədə xəbərlər dərc olunmuşdu.

Bu barədə fins.az bank mənbələrinə istinadən xəbər yaymışdı.

Məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb. "Belə ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər xakkerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır".

Bu gün "DəmirBank"dan Qaynarinfo.Az-a daxil olan rəsmi açıqlamada haker müdaxiləsinin olduğu faktı təsdiqlənsə də, bunun müştəri hesablarına yox, bankın kənarda yerləşən sistemlərinə olunduğunu, lakin qarşısının alındığı bildirilib.

Məlumatı təqdim edirik:

"Bu günlərdə ölkə mətbuatında DəmirBank haqda həqiqətə uyğun olmayan xəbərlər çıxmışdır. "DəmirBank" ASC olaraq həmin xəbərlərə aydınlıq gətirməyi lazım bildik.

Əvvəla, bildirmək istəyirik ki, DəmirBankın heç bir müştərisinin hesabına müdaxilə olmayıb. Bu haqda iddialar tamamilə əsassızdır.

06 fevral 2017-ci il tarixində Bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq Bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilib. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.   

Baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".