''Demokratiya, insan haqları barəsində açıq və səmimi söhbətlər apardıq''

''Demokratiya, insan haqları barəsində açıq və səmimi söhbətlər apardıq''

07-02-2018 18:17 / Bu xəbər 2144 dəfə oxundu

''Bizim ən dərin əlaqələrimiz dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir''

ABŞ dövlət katibi müavininin müşaviri Bricet Brink fevralın 7-də bu ölkənin səfirliyində Bakı səfəri ilə bağlı mətbuat konfransı keçirib.

Səfərindən məmnun olan Bricet Brink bildirib ki, səfərinin məqsədi regional amerikalı səfirlərin ümumi reginla bağlı müzakirələrində iştirak etməkdir:

"Bir sıra məhsuldar təmaslarım olub, bunların arasında prezidentlə, xarici işlər naziri, müxalifət partiyasının rəhbəri və Amerika Ticarət Palatası ilə olan görüşlərdir”.

Dövlət katibi müavininin müşaviri deyib ki, görüşlərdə təhlükəsizlik məsələləri haqda ortaq fikir mübadiləsi ediblər. Azərbaycanın Əfqanıstan və terrorizmlə mübarizə məsələsində ABŞ-la əməkdalığa görə minnətdarlıqlarını ifadə ediblər:

"Bakı ilə ticarət əlaqələrinin dərinləşməsinə, yeni İpək Yolu vasitəsilə Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsində öz dərin marağımızı bildirmişik. Eyni zamanda, demokratiya və insan haqları barəsində açıq və səmimi söhbətlər apardıq. ABŞ hökumətinin qanunun aliliyi, korrupsiya ilə mübarizə məsələlərinin biznes mühitinin yaxşılaşmasında oynadığı önəmli rolu, həmçinin, Vaşinqtonun insan ləyaqətinə və fundamental demokratik dəyərlərə verdiyi qiymət də ikitərəfli əlaqələrimizdə önəmşli olduğunu danışmışıq. Prezident Trampın aydın şəkildə Milli Təhlükəsizlik Strategiyasında bildirdiyi kimi bizim ən dərin əlaqələrimiz dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir”.

Sonda Bricet Brinkə aşağıdakı suallar verildi:

"Amerikanın səsi”: Azərbaycan prezidenti növbədənkənar prezident seçkisi haqda sərəncam imzaladıqdan sonra onunla görüşən ilk Qərb diplomatısınız. Ölkə baçşısı ilə görüşdə bu məsələyə toxundunuzmu və mövqelər necə oldu?

- Hökumətə seçkilərlə bağlı tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin. Həmişə demişik, bir daha təkrar edirəm, ABŞ demokratik prosesləri, insanların azad sərbəst toplantılar keçirmək, fikirlərini azad ifadə edə biləcəyi, müstəqil medianın olduğu mühiti dəstəkləyir.

- Prezidentin saytı yazıb ki, görüşdə demokratiya, insan haqları və qanunun aliliyi müzakirə olunub. Amma heç bir tərəf hələ detallar haqda məlumat verməyib. Bəs söhbətin detalları nədən ibarət olub?

- Əlbəttə, mən diplomatik müzakirələrimizi açıqlamayacam. Amma deyə bilərəm ki, ABŞ-ın uzunmüddətli mövqeyi ondan ibarətdir ki, insan haqlarına, fundamental dəyərlərə hörmət edilməsi Azərbaycanla olan ümumi ikitərəfli əlaqələrimizin çox vacib elementidir. Biz inanırıq ki, insan haqlarına hörmət, korrupsiya ilə mübarizə, qanunun aliliyi, biznes mühiti, ümumi iqtisadi inkişaf və sabitlik baxımından çox vacibdir. Bir daha prezident Trampın Milli Təhlükəsizlik strategiyasında yer almış bir fikri xatırlatmaq istəyirəm: ABŞ-ın ən sıx əlaqələri bizim dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Hesab edirəm ki, sadaladığım məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Hər iki tərəfin bu məqsədləri bölüşdüyünü düşünürəm.

AzadliqRadiosu: Bilirsiniz ki, bizim Bakı ofisi bağlanıb və rəsmilər fəaliyyətimizin təhlükəsizliyinə mənfi təsir törədir. Bəs siz necə düşünürsünüz, fəaliyyətimiz nə dərəcədə təhlükə törədir, ikinci, radionun Bakıdakı əməkdaşlarına faəliyyətimizin bağlanması ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan hökuməti ilə müzakirələrimizdə radionun məsələsinə toxunduq. Amerikaya qayıtdıqdan sonra bu barədə məruzə edəcək. Radionun bağlanmasının Azərbaycan media mühitinə nə kimi təsir göstərməsinə gəlincə, bu barədə ən yaxşı və doğru qiymət verəcək insan deyiləm. Amma ABŞ ümumilikdə azad medianın tərəfdarıdır və hesab edirik ki, fərqli düşüncələrin mövcudluğu istənilən demokratiyada xəbərlərin etibarlılığına və inanılmasına şərait yaradır. Azad media ümumi işlərin ən vacib hissəsidir.

Meydan TV: ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən 2013-cü il seçkisində ciddi pozuntuların olduğunu açıqlamışdı. Prezident İlham Əliyev fevralın 5-də növbədənkənar prezident seçkisi haqda sərəncamı imzalayıb və güman ki, dördüncü dəfə hakimiyyətini rəsmiləşdirəcək. Belə olduğu təqdirdə Vaşinqtonun münasibətini bilmək istərdik, yenə də narahat olacaqsınız, yoxsa başqa bir mövqe ortalığa qoyulacaq?

- Diplomatiyada öyrəndiyimiz təməl qaydalardan biri budur ki, hələ baş verməmiş bir şey barədə öncədən proqnoz verməyək. Ona görə indidən nəsə deyə bilmərəm. Amma hökumət olaraq biz azad və ədalətli seçkilərin tərəfdarı olmuşuq. Bu istəyimiz Azərbaycan konstitusiyasına və Bakının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğundur.

İctimai Televiziya: İnsan hüquqları və demokratiyadan danışdınız. Azərbaycanın bu sahədə ən böyük problemi Dağlıq Qarabağın işğal olunması və 1 milyondan çox insanın öz torpaqlarında yaşamaq hüququndan məhrum olmasıdır. Həmin insanların haqları 20 ildən artıqdır kobud şəkildə pozulub...

- Sizinlə razıyam ki, 20 ildən artıq müddət çox uzun zamandır. Mnsk qrupu həmsədrləri Bakıdadırlar. Onların arasında amerikalı həmsədr də var. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və bu məqəsədə çatmaq üçün səylərimizi davam etdirəcəyik.